Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tərif və tərbiyə

Əksər valideynlər inanırlar ki, tərif uşaqda özünə inam hissi yaradır. Amma hər şey onların gözlədikləri kimi olmur. Uşaq daha da əsəbi, sözə baxmayan olur və özünü pis aparır. “Nəyə görə?” – deyə valideynlərdə sual yaranır. Bu sualın cavabını uşaq psixoloqu Şərafət Şirinli verdi.
Tərbiyə nədir və ona nə vaxtdan başlamaq lazımdır?
Belə bir deyim var: “Uşaq ana bətnində olarkən tərbiyəsi ilə məşğul olmaq lazımdır”. Bu deyimin doğruluğunu alimlər də sübut ediblər: “Qadın hamilə olmamışdan 3 ay öncə, özünü ana olmağa hazırlamalıdır”. Yalnız bu halda, o, sağlam uşaq dünyaya gətirə bilər. Bura ananın emosional və fiziki durumu aiddir. Əgər ana xəstələnir, yaxud özünü pis hiss edirsə, uşaq da narahat doğulur. Bunun üçün daha çox klassik musiqiləri dinləmək, açıq havada gəzişmək lazımdır. Bu özü də tərbiyədir.
“Əmrlərə qarşı blok” nə deməkdir?
Sadə dildə belə izah edim. Bəzən analar şikayətlənir ki, mən uşağa deyirəm ki, olmaz. O isə məni dinləmir. Qonşu, yaxud xalasına daha yaxşı qulaq asır. Bu elə “blok” deməkdir. Blok yalnız anaya qarşı yaranır. Ona görə, uşaqlar başqalarını daha yaxşı eşidirlər. Amerika alimlərinə görə, uşaq dünyaya gələndən təxminən 2 həftə sonra beyində “əmrlərə qarşı blok” yaranır. Bu çox vacib amildir. Əks halda, uşaq 6-7 ildən sonra fiziki cəhətdən xəstələnə bilərlər.
Uşağın tərbiyəsinə nə vaxt və necə başlamaq lazımdır?
Uşaq doğulandan 40 gün sonra həm eşidir, həm görür, hətta yaşına görə analiz də aparır. Lap kiçik olarkən ətrafı lamisə, iybilmə ilə anlayır. Nəyin pis və ya yaxşı olmasını isə birbaşa anasının özünü necə hiss etməsi ilə başa düşür. Ana narahat və ya əsəbidirsə, uşaq da çox ağlayır, gecələr yatmır və s. Valideyn heç vaxt fikirləşməməlidir ki, uşaq heç nə anlamır, balacadır. Uşaq 3 yaşa kimi normal, yəni mübahisəsiz, sevgi içində nəvazişlə böyüyərsə, gələcək həyatında depresiyaya, xəstəliklərə daha az məruz qalar. Əks halda, ömür boyu uşaqda depresiya, stress müşahidə ediləcək. Ümumiyyətlə, bu həyatda nə üçün yaşadıqlarını və məqsədlərini anlamazlar. Bu da, tərbiyə ilə əlaqədardır.
Sevgi və nəvazişli, mübahisə olmayan ailədə böyüyən uşaq digərlərindən nə ilə fərqlənirlər?
Müsbət emosiyalı ailədə böyüyən uşaq özünə güvənən, özünü qiymətləndirən olur. Özünü qiymətləndirmə uşaqda anadan gəlmə olmur. Valideynlər bunu uşaqda aşılayırlar. Əgər valideynin özünə güvəni, qiymətləndirməsi varsa, uşaqlar da elə olur.
Neçə yaşa kimi uşaqların tərbiyəsinə daha ciddi yanaşmaq lazımdır?
Əsasən 6 yaşına kimi. 6-7 yaşda xarakterin ana xətti formalaşır. Artıq bu yaşlarda uşaqların xasiyyətində dəyişikliklər etmək gərəkdir. Uşaqda özünü sevmə hissi yaratmalı, daxili komplekslərdən azad etmək lazımdır. Bu yaşda özünə güvənən uşaq məktəbə gedəndə, məsələn, şüurlu sürətdə bura təhsil almaq üçün gəldiyini bilir. Yaxşı oxumağa can atır. Sonra ali məktəbə daxil olmaq üçün çalışır, daha sonra karyerasını qurmağa çalışır. Amma həmişə belə olmur.
Niyə uşaqlar düşünürlər ki, onları istəmirlər?
Belə düşünən uşaqlar özlərinə güvənmirlər. Fikirləşirlər ki, nəsə qüsurları var. Buna görə də özlərini sevmirlər. Ümumiyytlə, özünü sevməmək bütün psixoloji xəstəliklərin əsasıdır. Belə uşaqlar emosional cəhətdən sağlam olmur.
Valideynlər verdikləri tərbiyənin düzgün və ya səhv olduğunu necə anlaya bilərlər?
Heç bir insan valideynlik məktəbi keçmir. Ana-ata onları necə tərbiyə edibsə, şüuraltı olaraq onlar da həmin addımları atırlar. Məsələn, uşaq vaxtı çox döyülən insanlar deyirlər ki, mən heç vaxt öz uşaqlarıma əl qaldırmayacağam. Amma ailə qurduğu zaman özləri də bu addımı atırlar. Səbəbini isə belə izah edirlər: “Hirsləndim. Təbdən çıxdım!” Bu ondan irəli gəlir ki, hər insanın daxilində bir uşaqlıq var. Ümumiyyətlə, belə deyirlər ki, hər bir insanın daxilində 90% uşaqlıq var. Cəmi 10%-i böyükdür.
Valideynlərin atdıqları səhv addımlar hansılardır?
Bu insandan insana dəyişir. Məsələn, uşaq üçün ad günü keçirərkən qonaq kimi uşaqların deyil, böyüklərin çağırılması. amma son vaxtlar öz üstündə işləyən valideynlər bu addımı atmırlar. Elə valideynlər də var ki, tərbiyə haqda müxtəlif kitablar oxuyur. Amma bunu praktiki yerinə yetirə bilmir. Daha bir səhv addım isə, bəzən qadınların “ərim bu gün mənlə mübahisə etdi, acığını uşaqdan çıxmalıyam” – deyə uşağı incitməsidir.
Əgər uşaq anaya qulaq asmırsa, o nə etməlidir?
Son vaxtlar valideynlər başqa yollara əl atır. Başa düşürlər ki, qadağa qoymaqla heç nə əldə edə bilmirlər. Buna görə, uşağı müxtəlif əşyalarla, insanlarla – həkim, polis və s. qorxutmağa başlayırlar. Qorxu uşaq üçün çox pis şeydir. Hətta Polşa aliminin belə bir şeri var: (tərcümə)
Qorxutmayın uşağı,
Ruhu qaçar gizlənər.
Elə qaçıb gizlənər ki,
Evinə yol tapa bilməz.
yol tapa bilməz
Elə orada da qalar!
Təsəvvür edin ki, qorxu uşaqda hansı psixi dəyişikliklər yaradır. Hətta uşaqlarda isteriyada yaranır. Oğlan uşaqlarını isə qəti qorxutmaq olmaz.
Bu yollardan əlavə, nə etmək lazımdır?
Uşaq yeni addım atmağa, qaçmağa başlayanda ona afərin deyirik. Amma 4-5 yaşa gələndə artıq ona “qaçma” deyirik. Uşaq da təəccüblənir ki, mənə əvvəl hər zaman “qaç” deyirlər. İndi qaçıram, “yox” deyirlər. Bu nə deməkdir? Bu zaman valideyn uşağa başa salmalıdır ki, küçədə qaçmaq olmaz. Mənim yanımda olmalısan. Əgər bunu desək, o bizi anlayacaq və küçədə qaçmayacaq. Yəni, uşağa niyə qadağa qoyulduğunu izah etmək lazımdır. Normal mühitdə böyüyən uşaq başa düşür. Deyilənə əməl edir. Əgər uşaq özünü pis aparırsa, deməli, o kiminsə diqqətini cəlb etmək istəyir. Valideynlərə belə sual verək: “Əgər uşaq özünü ideal apararsa, diqqətiniz onun üzərində olacaqmı?” Səmimi insanlar dərhal deyəcək: “Yox! Özünü yaxşı apararsa, mən öz işlərimlə məşğul olaram”. Uşaq yalnız diqqət, sevgi istəyir. Sevgi müsbət enerjidir. Bütün xəstəliklərin dərmanıdır.
Uşağa onu sevdiyimizi necə anlada bilərik?
Biz demək olar ki, uşaq anadan olandan ona qışqırırıq. Uşaq da bundan belə nəticə çıxarır ki, onu istəmirik. Uşaq yaxşı hərəkət edəndə isə, tərifləmirik. Çalışmaq lazımdır ki, təriflə danlağın sayı eyni olsun. Uşaq görür ki, onu danlayırlar. Fikirləşir ki, onu istəmirlər. Əgər belədirsə, deməli, o, pisdir. Yəni, rəğbətləndirmə olmur. Rəğbətləndirmə də sərhədləri aşmamalıdır. Əks halda uşaq tərifə öyrənir və ömrü boyu etdiyi hərəkətlərə görə rəğbət istəyir. Özünün stimulu olmur. Buna görə, valideynlər tarazlıq yaratmaq üçün gün ərzində qeydiyyat apara bilərlər. Hansının sayının çox və ya az olmasına görə hərəkətlərini tənzimləyə bilərlər.
Tərifi necə etmək lazımdır ki, ziyanlı olmasın?
Məsələn, kimsə istəyirsə uşağı biznesmen olsun. Belə halda, uşağı pulla mukafatlandırmaq olar. Eyni zamanda pula hörməti, qənaəti də öyrətməlidir. Amma bu bütün ailələrə aid deyil.
Bəzən bir uşağın yanında digərini tərifləyirlər...
Bu heç düzgün deyil! Bir uşağın yanında digərini tərifləmək olmaz. O zaman uşaqda digərinə qarşı paxıllıq, nifrət yaranır. Adətən müxtəlif yaşlarda olan uşaqları bir-biri ilə müqayisə edirlər. Düşünmürlər ki, bu uşaq da digərinin yaşına çatanda özünü aparmağı düzəldəcək. Bəzən elə uşaqlar var ki, onlar bu müqayisədən dərs götürərək özlərini inkişaf etdirirlər. Amma bu hamıya aid deyil.
Uşaq diqqəti hiss etmək üçün özünü pis aparır.
Bütün günü uşaqla bir yerdə olmaq hələ uşağı sevmək demək deyil. Məsələn, bu yaxınlarda bir ana mənə zəng edib dedi ki, 3 yaşlı qızım var. Ona nə deyirəmsə, cavab verir ki, yox! İstəmirəm. Mən nə etməliyəm?
Onu qeyd edim ki, bu ailə çox savadlıdır, psixologiyaya aid müxtəlif kitablar oxuyublar. Ata-ana işdən gələn kimi uşaqla vaxtlarını keçirirlər. Bir psixoloq kimi, ona iki həftə ərzində uşağı müşahidə etməsini məsləhət gördüm. Ana bu sualın cavabını özü tapdı. Belə ki, uşaqla oynayanda ana uşaq haqqında deyil, öz görülməli işləri haqda düşünürdü. Yəni, ananın ruhu uşaqla deyildi. Ümumiyyətlə, 8 yaşına kimi uşaqlar intuisiya ilə hər şeyi hiss edirlər. Sonda, ana səhvini düzəltdi və uşaq yenidən sözə baxmağa başladı.


Tarix: 03.01.2015 / 14:10 Müəllif: Aziza Baxılıb: 335 Bölmə: Körpəyə qulluq
loading...