beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda hərarət və qızdırmanın qalxması

Valideynlər bilməlidir ki, körpələrdə hərarətin bir qədər yüksəlməsi heç də, hər hansı bir xəstəliyin əlaməti deyil. Xəstəliyin digər əlamətlərinin olmaması fonunda 1 yaşadək olan uşaqlarda temperaturun 37,2 C-dək olması normal hesab edilir. 1 yaşınadək olan uşaqlarda termorequlyasiya prosesi (bədəndə olan istiliyi ətraf mühitə vermək) yaxşı inkişaf etmədiyi üçün, onların temperaturu bəzi hallarda sadəcə olaraq, məsələn, onu havaya uyğun olmayaraq isti geyindirdikdə və ya axşam yatarkən həddindən artıq isti bürüdükdə qalxa bilər. Bu halda, temperaturu aşağı salmaq üçün uşağı, sadəcə olaraq, bir qədər yüngül geyindirmək lazımdır.
Bir qədər yuxarı yaşlarda olan uşaqlarda temperaturun yüksəlməsi, uşaq həddindən artıq hərəkətli olduqda - qaçdıqda, atılıb-düşdükdə, çox tərlədikdə baş verə bilər. Bu halda uşağı bir yerdə otuzduraraq ona istədiyi qədər su vermək və sakitləşdirmək lazımdır. Bir qədər keçdikdən sonra isə onun temperaturunu bir daha ölçün. Temperatur enibsə, demək narahatçılıq üçün bir səbəb yoxdur.
Günvurma, istivurma, uzun sürən qusma və ishal nəticəsində orqanizmin susuzlaşması kimi hallar da temperaturun yüksəlməsinə səbəb ola bilər. Əlbəttə ki, uşaqlarda temperaturun yüksəlməsinin ən çox yayılmış səbəbləri – kəskin respirtor virus infeksiyası (KRVİ), qrip, angina və s. xəstəliklər olur. Bundan başqa, yüksəlmiş temperatur, orqanizmə daxil olan infeksiyalarla mübarizə etmək üçün, qanda antitellərin əmələ gəlməsini də stimullaşdırır. Temperaturun yüksəlməsi iştahanın azalmasına, uşağın az hərəkət etməsinə, səbəb olur. Bu isə, xəstəliyə qarşı mübarizədə vacib olan - bədən enerjisinə qənaət etməyə imkan verir. Beləliklə, temperaturun müəyyən səviyyəyə qədər yüksəlməsi, bədənə nəinki ziyan vurmur, hətta əksinə olaraq, xəstəliyə qarşı mübarizədə qalib gəlməkdə orqanizmə kömək edir. Ancaq, temperaturun çox yüksəlməsi uşaq orqanizmi üçün çox təhlükəlidir! Bəzi hallarda yüksək olan temperatur uşaqlarda qıcolmalara və hətta ölümə də səbəb ola bilər. Valideynlər həmçinin onu da bilməlidirlər ki, “zərərsiz” hesab edilən angina və qripdən savayı, temperaturun xeyli dərəcədə yüksəlməsi (39 C-dən artıq), digər daha ağır və qorxulu olan pnevmoniya (ağ ciyərlərin iltihabı), pielonefrit (böyrəklərin iltihabı), sepsis (qorxulu mikrobların qana keçməsi) və s. xəstəliklər nəticəsində də ola bilər. Buna görə də yüksək temperatur zamanı uşağa ilkin yardım göstərdikdən sonra, uşağa nəzarət edən həkim-pediatrı tez bir zamanda evə çağırmaq lazımdır. Həkim uşağı müayinə edərək temperaturun yüksəlməsinin səbəbini müəyyən etdikdən sonra ona müvafiq müalicə də təyin edəcəkdir.
Uşaqlarda temperaturu düzgün olaraq necə ölçmək lazımdır? Elektron termometrlər rahat olsa da, həkimlərin dediklərinə görə daha tez-tez “səhv edirlər”. Uşağın özünün şəxsi termometri olmalı və hər dəfə istifadə edilməzdən əvvəl onu spirtlə silmək lazımdır. Uşağın bədən temperaturunu o arxası üstə uzanarkən ölçmək daha yaxşıdır. Bu zaman qoltuqaltı nahiyə quru olmalıdır. Uşaq tərləyibsə, əvvəlcə qoltuğun altını silmək lazımdır. Termometri uşağın qoltuğunun altına qoyaraq, onun sürüşüb düşməməsinə nəzarət edin. Civəli termometr ilə temperaturun ölçülmə müddəti 5-7 dəqiqədir. Uşaq xeyli bürünmüş olarsa, temperaturu ölçmək lazım deyil (bu, xüsusən də körpə uşaqlarda, temperaturun nəticəsinə təsir edə bilər). Uşaq xeyli dilxor, yorğun və əsəbi olduqda, ağladıqda və s. bu kimi hallarda da onun temperaturunu ölçməyi təxirə salmaq lazımdır.


Tarix: 03.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Körpəyə qulluq