Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Türklərin 4 min illik dostu

Ötən il Rusiya Zooloqlar Cəmiyyəti “ən mistik” və “Azadlığına ən çox bağlı heyvan hansıdır?” — deyə bir sorğu keçirdi. İlboyu davam edən və 5 ölkədən 10 min insan arasında keçirilən sorğunun yekunlarına görə, respondentlər canavarı nəinki ən mistik və azadlığına bağlı heyvan, həm də ən sirli varlıq kimi xarakterizə ediblər. Sorğu Azərbaycanı əhatə etməsə də, yəqin, siz də razılaşarsınız ki, eyni nəticəni bizdən də gözləmək olardı. Çünki istər folkloru, istər mədəniyyəti, istərsə də dini inancları bizim qədər canavarla bağlı olan çox az xalqa rast gəlmək mümkündür.

Canavarın hansı cəhəti türklərı özünə cəlb edib?
Bu heyvanlar azadlıqlarına həqiqətən də çox bağlıdır və demək olar ki, əhliləşmir. Canavarın məhz bu cəhəti hələ 4 min il əvvəl türkləri özünə cəlb edib. “Ərgənəkon” dastanına görə, hiylə ilə rastlaşaraq düşmənə yenilən türklərdən sağ qalan bir neçə nəfər qorunmaq üçün qurdun göstərdiyi, dağların arasında tək adamın zorla keçəcəyi yolla özlərinə kiçik yurd seçərək, illərlə burada yaşayır.

Bu məkana Ərgənəkon adı verən türklər düz, 400 il sonra o qədər çoxaldılar ki, yurda sığmaz oldular. Qərara gəldilər ki, əvvəlki vətənlərinə qayıtsınlar. Türklər bu dağdan çıxmaq üçün çıxış yolu aradıqları zaman bir dəmirçi dedi: «Bu dağda dəmir mədəni var. Dəmiri əritsək, buradan çıxa bilərik». Beləcə, dağın geniş yerinə bir qat odun, bir qat kömür qoyub od vurdular. Dəmir dağ əridi, türklər Ərgənəkondan çıxdılar və Boz Canavarın onlara göstərdiyi yolla qurtuldular.

İtaliyanın simvolu
Oxşar əfsanə, daha dəqiq desək, “xilaskar qurd” simvolu İtaliya xalqının folklorunda da özünə yer tapıb. Qədim müəlliflər Roma şəhərinin qurucuları kimi, Rem və Romul qardaşlarının adlarını çəkirlər. Əfsanəyə görə, zalım dayının əmri ilə meşəyə atılan qardaşları dişi bir canavar tapır və onlara süd verərək bəsləyir.

Canavarla bağlı bu cür əfsanələr digər xalqların mifologiya və folklorunda da geniş yer alıb. Məsələn, Cənubi Amerika hinduları canavarı döyüşə aparan sərkərdə kimi qəbul edirlər. Hindular inanırlar ki, boynundan canavar dişi asmış insan üçün həyatda bütün qapılar taybatay açıq olur.

Qədim misirlilər canavarbaşlı tanrılara müharibə tanrısı kimi sitayiş edirdilər. Slavyan mifologiyasında isə canavara şərin elçisi kimi yanaşılır.

“Qurd ürəyi yeyib”
Canavar Azəri və tatar türklərinin məişətinə bir qədər fərqli rakursdan daxil olub. Hər iki toplumun inancına görə, qurdun bədəninin piyi dəhşətli gücə malikdir və “qurd yağı” adı verilən bu maddə ilə insanı öldürməkdən tutmuş, digər ağır faciələrə qədər bir sıra dəhşətli əməllər törətmək olar.

Azərbaycanda XIX əsrə qədər hesab edirdilər ki, qurdu öldürüb ürəyini çiy-çiy yeyən insanda qorxu hissi olmur. Hətta indinin özündə də qorxmaz insanlara xitabən “qurd ürəyi yeyib” deyilir.

Ən böyük canavarlar Belorus, Alyaska, Kanada, ən kiçikləri isə Yaxın Şərq və Ərəb yarımadasında yayılıb; ömürləri, orta hesabla, 24 ildir. Azərbaycanda isə daha çox Böyük və Kiçik Qafqazın ətəkləri və Mərkəzi Aran rayonlarında yayılsa da, canavara, demək olar, bütün bölgələrimizdə rast gəlinir.

Canavarların ailə payı
Canavar, ilk növbədə, sadiqliyi ilə digər heyvanlardan kəskin şəkildə fərqlənir. Təsəvvür edin, cütləşmədən sonra bala dünyaya gələnə qədər, erkək canavar dişisinin rahatlığı üçün əlindən gələni edir. Bunun üçün əvvəlcə erkək yerin altında bir yuva düzəldir və yorulmadan yuvanı və yuvaya gedən 9-10 metrlik lağımı qazmağa başlayır. İşini başa çatdırdıqdan sonra, hamilə dişisini “ev”inə aparır və burada hər cür təhlükədən mühafizə edərək, 2 ay qulluğunda durur — gecələr ova çıxır, əlinə nə keçirsə, toxunmadan dişisinə gətirir. Canavarların birdəfəyə 4-dən 10-na qədər balası olur. İki həftə balalarını südü ilə qidalandıran ana, sonra onları süddən kəsir. Bundan sonra isə ana mədəsindəki yarı həzm olunmuş qidaları qaytararaq, balalarını yedirdir. Balalar üçhəftəlik olduqları zaman, atanın icazəsi ilə yuvadan çıxır və bütün nəslin — sürünün qayğısı ilə əhatələnir; məsələn, balaları olan erkək canavar bir gün ov tapa bilməyəndə, ətrafdakı qohum canavarlar öz ovlarından ailəyə pay aparır.

Canavar intiqamı
Qeyd etdiyimiz kimi, canavarların arasında ailə bağları çox qüvvətlidir. Dişisi və balaları yuvada yatdıqları zaman, erkək canavar bir təpənin başında oturub keşik çəkir. Hər hansı bir təhlükə hiss etdiyi anda isə öncə, kəsik-kəsik hürərək ailəsinə xəbər verir; daha sonra ucadan ulayıb düşməni uzaqlaşdırmağı bacarır. Balalar böyüyənə qədər ailədə bol sevgi nümayişi gözə dəyir. Ailənin bir üzvü tələyə düşmüş olsa, qohumları onu qurtarmaq üçün əllərindən gələni edir. Əgər balalardan birinə xətər dəyərsə, bütün nəsil körpənin intiqamını alır.

1988-ci ilin yayında Zərdabın Ağabağı kənd sakini Məhərrəm Məhərrəmov kənddən 30 kilometr uzaqda biçin zamanı otların arasında gizlənən canavar balasını bilmədən öldürür. Elə həmin gecə canavar ailəsi qisas üçün 30 kilometrlik yolu qət edərək, kənd sakininin həyətinə soxulub, 20-dən çox qoyunu tələf edir.

“Heyvanlığa” xas olmayan zəka
Professor Qara Mustafayevin dediyi kimi, bu heyvanların baxışlarından “heyvanlığa” xas olmayan zəka süzülür. Əgər canavarın həyat tərzinə nəzər yetirsək, professorun sözlərinin doğruluğunu təsdiq edə bilərik. Adi bir misal — bu heyvanların bir növü olan boz canavarlar əsla quzulu qoyunlara hücum etməzlər. Onlar sürüdən yalnız bir heyvanı tələf edər, yarısını özü yeyər, o biri yarısını isə varsa, ailəsinə, yoxsa, ova çıxa bilməyəcək qədər yaşlı olan boz canavarlara apararlar.

Ailə bağlarını yaşadan canlı
Ümumilikdə isə erkək canavarlar ömürlərində yalnız bir dişi ilə cütləşər, həyatlarının sonunadək öz dişisinə sadiq qalar. Dişi hər hansı səbəbdən ölərsə, erkək canavar dağlara çəkilər və yalquzaq həyatı yaşayaraq ölər.Əgər balaları varsa, onlara analarının yoxluğunu hiss elətdirməmək üçün hər şeyi edər; məsələn, ananın etdiyi kimi, balalarını yedirər, balalar yatarkən onları qarnının altına alıb qucaqlayar, bərabər gəzməyə çıxar. Bir sözlə, erkək canavar sevgi mücəssəməsi, ailə bağlarını yaşadan canlı əfsanədir…

Rəvayətə görə, Sultan Mahmud Qəznəvi səhrada ovda ikən oğluna qəzəblənir və onun boynunun vurulması barədə əmr verir. Elə bu zaman sultan balalarına qayğı göstərən ata canavarla qarşılaşır və ürəyi yumşalaraq övladını əfv edir.

Qurd-köpək qarışığı
Yuxarıda qeyd etdiyimiz kimi, canavar heç vaxt əhliləşmir. Bu istiqamətdə bütün dünyada olduğu kimi, Azərbaycanda da dəfələrlə cəhdlər edilib, amma çifayda...

Məsələn, 2001-ci ildə Bakının məşhur heyvan təlimçilərindən Səbuhi Əsədov canavar balasını götürüb saxlamağa, əhliləşdirməyə başlamışdı. Hər şey qaydası üzrə gedirdi, hətta canavar balası insan əlindən yemək yeyir, boğazına xalta taxılmasına izin verirdi. Bütün bunlara baxmayaraq, bala 5 ayına çatan kimi, gözlənilmədən evdən qaçır. Canavarın bu xüsusiyyətinə yaxşı bələd olan sovet alimləri 70-ci illərdə Azərbaycanın bəzi bölgələrində canavarabənzər itləri görəndə, əvvəlcə mifin qırıldığını düşünmüşdülər. Sonradan məlum oldu ki, sən demə, bu naməlum it cinsi, əslində, qurdla-köpəyin qarışığı imiş. Maraqlıdır ki, dünyada, yalnız Azərbaycanda canavarla-it arasında hibridləşdirmə faktları bəllidir. Amma təəssüf ki, həmin heyvanların özləri nəsil artırmaq qabiliyyətinə malik olmur.


Tarix: 09.12.2014 / 15:01 Müəllif: Aziza Baxılıb: 204 Bölmə: Heyvanlar aləmi
loading...