beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Həccin fəziləti)

Rəvayət edilir ki, Ubadə ibn Samit (r.a) demişdir: «(Bir gün) Allah Elçisi (s.a.v) bizimlə namaz qılırdı. (Bu zaman) biri Ənsardan, biri isə Səqif qəbiləsindən olan iki kişi ona doğru addımladı və Ənsardan olan kişi Səqif qəbiləsindən olan kişini (Allah Elçisinə  birinci yaxınlaşmaqda) qabaqladı. Allah Elçisi (s.a.v) Səqifdən olan kişiyə dedi: «Ənsar soruşmaqda səni qabaqladı». Ənsar dedi: «Ola bilsin ki, o, məndən çox tələsir, qoy (birinci) soruşsun». Səqif qəbiləsindən olan kişi namaz haqqında soruşdu, o da ona xəbər verdi. Sonra Allah Elçisi (s.a.v) Ənsara dedi: «Əgər istəyirsənsə, soruşmaq üçün gəldiyin məsələ barəsində sənə xəbər verim». O dedi: «Ey Allahın Elçisi! Mənə xəbər ver!» O dedi: «Sən gəldin ki, məndən soruşasan «qədim Evə (Kəbəyə) gəlməyinin, Ərafatda durmağının, daş atmağının, başını qırxdırmağının və Ev ilə vidalaşmağının sənin üçün mükafatı nədir?». Ənsar dedi: «Səni haqq ilə göndərən Allaha and olsun ki, mən səndən bundan başqa (bir məsələ) haqqında soruşmağa gəlmədim». O dedi: «Qədim Evə gəlməkdə sənin mükafatın sənin və miniyinin atdığı hər addıma görə sənə bir savab yazılar və sənin üçün bir dərəcə artırılar. Ərafatda durduqda Uca Allah mələklərinə buyurur: «Ey Mənim mələklərim! Mənim qullarımı bura gətirən nədir?» Mələklər deyirlər: «Onlar Sənin razılığını və Cənnəti istəyirlər». Allah  buyurur: «Mən Özümü və məxluqatımı şahid tuturam ki, Mən onları zamanın günlərinin, (yağışın) damcılarının, qum dənəciklərinin sayı qədər bağışladım. Daş atdıqda Allah  buyurur: «Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir» (əs-Səcdə 17). Başını qırxdırdıqda isə yerə düşən hər bir tükün Qiyamət günü sənin üçün nur olacaq. Ev ilə vidalaşdıqda sən anadan doğulduğun gündə olduğu kimi günahlarından azad olarsan».
(ət-Tabərani «Mucəmul-Əvsat» 2320. əl-Albani «Sahihut-Tərğib vət-Tərhib»də (? 1113) həsən li-ğeyrihi demişdir. )

Başqa bir rəvayətdə isə Peyğəmbər (s.a.v) belə deyir: «Beytul-Harama gəlmək üçün evindən çıxmağına gəlincə, miniyinin atdığı hər addıma görə Allah sənə bir savab yazır və bir günahını silir. Ərəfatda durmağına gəlincə,Uca Allah bu vaxt dünya səmasına enir və mələklərinin qarşısında öyünərək buyurur: «Bunlar toz-torpaq içində, saçları dağınıq bir halda uzaq yerlərdən Mənə doğru gələn qullarımdır. Onlar Məni görmədən mərhəmətimə ümid bəsləyir və əzabımdan qorxurlar, bəs Məni görmüş olsaydılar necə?» Sənin günahların böyük bir qum yığınının dənələri və ya dünyanın günləri, ya da göydə olan yağışın damcıları qədər olsa belə, Allah onları səndən təmizləyər. (Şeytanı) daşlamağına gəlincə, o, sənin üçün tədarükdür. Başını qırxdırmağına gəlincə, yerə duşən hər bir tükə görə sənin üçün bir savab vardır. Evi təvaf etdikdə isə, anadan doğulduğun gündə olduğu kimi günahlarından azad olarsan».

(ət-Tabərani «əl-Kəbir» 13566. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 1360) həsən olduğunu qeyd etmişdir.)


Tarix: 24.04.2013 / 21:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Hedisler