beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənə özümdən əvvəlki peyğəmbərlərə verilməyən beş şey verilmişdir

Cabir ibn Abdulla (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mənə özümdən əvvəlki peyğəmbərlərə verilməyən beş şey verilmişdir: Bir aylıq məsafədən düşmənlərin qəlblərinə düşən qorxu ilə kömək edildim. Bütün yer üzü mənə səcdəgah və pak edildi. Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın. Mənə qənimətlər halal edildi. Amma məndən öncə heç kimə halal edilməmişdi. Mənə vasitəçilik (şəfaət) verildi. Hər bir peyğəmbər məxsusi olaraq öz tayfasına göndərilmişdir. Mən isə, bütün insanlara göndərildim.” Buxari və Muslim.
( Buxari: Namaz ? 427. Müslim: Məscidlər və namaz qılınan yerlər ? 521. Nəsai: Qüsl və təyəmmüm ? 432. Əhməd: 3/304. Darimi: Namaz ? 1389.)

ŞƏRH

Peyğəmbərimiz Muhəmmədə (s.a.v) çoxlu üstünlüklər verilmiş və o, bu üstünlüklərlə bütün peyğəmbərlərdən yüksək zirvəyə qalxmışdır. Hər bir tərifəlayiq xislət faydalı elmə, düzgün bilgilərə və saleh əməllərə qayıdır. Peyğəmbərimiz (s.a.v) bu işlərin ən yüksəyini, ən fəzilətlisini və ən kamilini yerinə yetirmişdir. Buna görə də Allah peyğəmbərləri bir-bir qeyd etdikdən sonra Muhəmməd peyğəmbərə (s.a.v) belə buyurmuşdur: “Onlar (adları çəkilən peyğəmbərlər) Allahın doğru yola yönəltdiyi kimsələrdir. Sən də onların haqq yolunu tutub get...” (Ənam, 90). Onların haqq yolu, etdikləri zahiri və batini fəzilətlər idi.

Ona (s.a.v) əmr olunan işlər tamamlanmışdır və O ,(s.a.v) bütün yaradılanlardan üstün olmuşdur. Buna görə də Allah bizim Peyğəmbərimizə (s.a.v) digər peyğəmbərlərin ona şərik olmadığı xüsusiyyətlər vermişdi. Hədisdə qeyd olunan beş xüsusiyyət də bunlardandır. Onlar Peyğəmbərin (s.a.v) ümməti üçün bütünlüklə xeyir, bərəkət və mənfəət oldu.

Onlardan biri də Peyğəmbərə (s.a.v) bir aylıq məsafədən düşmənlərin qəlblərinə düşən qorxu ilə kömək edilməsidir. Bu, Allah tərəfindən göstərilən köməklikdir. Allah səmadan göndərilən qoşunla Öz elçisinə və onun haqq yolunun davamçılarından ibarət ümmətinə yardım edir. Düşmən ona bir aylıq və daha az məsafədə yaxınlaşdıqda onları qorxu hissi bürüyür. Allah kiməsə qələbə vermək istədikdə, onun düşmənlərinin qəlblərinə qorxu salar. Uca Allah buyurur: “Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu salarıq...” (Ali İmran, 151). Allah möminlərin qəlblərinə qələbəyə ən lazımlı səbəblər olan qüvvət, sabitlik, sakitlik və rahatlıq verər. Uca Allah Öz elçisinə (s.a.v) və onun ümmətinə əzəmətli bir qələbə və səbəbləri məlum olan kömək vəd etmişdir. Həmin səbəblərdən aşağıdakıları demək olar: birlik, ülfət, səbir və düşmənə qarşı hərtərəfli hazır olmaq. Hikmətlə dolu bu göstərişlər qələbə çalmağa kömək edər. Peyğəmbərimizin  və onun davamçıları olan haqq yol xəlifələrin və saleh başçıların vəziyyətinə baxdıqda bəlli olur ki, Allah kömək etmək vədini yerinə yetirmişdir. Onlara başqalarına nəsib olmayan təcili və möhtəşəm kömək və izzət verilmişdir.

İkincisi, Peyğəmbərin (s.a.v) “Bütün yer üzü mənə səcdəgah və pak edildi.” kəlamıdır. Bunu “Ümmətimdən olan hər kəs harada namaza yetişərsə, orada qılsın.” sözləri ilə gerçəkləşdirdi. Yer üzü bütünlüklə səcdəgahdır. Şəriətin icazə vermədiyi yerlərdən başqa hər yerdə namaz qılmaq olar. Namazın qəbiristanlıqda, hamamda və dəvə tövləsində qılınmasını qadağan edən səhih dəlillər vardır. Həmçinin qəsb olunan və murdar yerlərdə namaz qılaq qadağandır. Çünki bədənin, paltarın və yerin pak olması, namaz qılan üçün şərtdir.

Həmçinin su tapmadıqda və ya istifadəsi bədən üçün zərərli olduqda, yerin üst səthində olan hər şeylə, tozlu torpaqla və ya qeyrisi ilə təyəmmüm edə bilər. Bu, həm hədisdə, həm də uca Allahın bu ayəsində açıq-aşkar ifadə olunur. O buyurur: “...su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün (paklığı niyyət edib əllərinizi bir dəfə torpağa sürtərək üzünüzü, bir dəfə də torpağa sürtərək əllərinizi məsh edin)...” (Maidə, 6). Ayədə deyilən “said” kəlməsi, yerin səthində mövcud olan hər hissəsinə aiddir.

Bu dəlillər göstərir ki, əl və üzə təyəmmüm etmək su ilə təmizlənməyi əvəz edir. Onunla namaz qılınır, təvaf edilir, Qurana toxunulur və su ilə təmizləndikdən sonra edilə bilən başqa işlər görülür. Sudan istifadə etmək mümkün olmadıqda torpaqdan istifadə etməyə şəriət icazə vermişdir. Bu o deməkdir ki, torpaqla təmizlənənin dəstəmazı pozulmayıbsa, namaz vaxtının çıxması və ya daxil olması ilə təyəmmümü batil olmur. Həmçinin insan nafilə (əlavə) namazı qılmaq niyyəti ilə təyəmmüm edərsə, onunla vacib namazı da qıla bilər. Sudan istifadə etmək mümkün olmadıqca, təyəmmüm su ilə təmizlənmək hökmündə qalır.

Üçüncüsü, Peyğəmbərin (s.a.v) bu kəlamıdır: “Mənə qənimətlər halal edildi. Amma məndən öncə heç kimə halal edilməmişdi.” Bu, Onun (s.a.v) və ümmətinin Rəbbi hüzurundakı hörməti, fəziləti və kamil ixlası müqabilində verilmiş mükafatdır. Qəniməti halal etmiş və onların cihaddan qazandıqları savablarını azaltmamışdır. Qənimətlə ümmətə geniş ruzi, çoxsaylı xeyir, dini və dünyəvi işlərdə sayı-hesabı bilinməyən faydası olmuşdur. Buna görə də Peyğəmbər (s.a.v) buyurmuşdur: “Mənim ruzim nizəmin kölgəsi altındadır.”( Əhməd: 2/50. Əlbani “Səhih əl-cami” əsəri 2831-ci hədisdə bu rəvayətin səhih olduğunu bildirmişdir.)

Bizdən öncəki ümmətlərə gəlincə, onların döyüşləri bu ümmətə nisbətən az olmuşdur. Onlar iman və ixlas qüvvəsi cəhətdən bu ümmətdən geri qalırdılar. Allah onlara mərhəmət göstərərək qənimətdən uzaqlaşdırmışdı ki, ixlaslarına xələl gəlməsin. Allah daha doğrusunu bilir.

Dördüncüsü, Peyğəmbərin (s.a.v) “Mənə vasitəçilik (şəfaət) verildi.” kəlamıdır. Bu, böyük peyğəmbərlərin üzrxahlıq etdikləri əzəmətli şəfaət hadisəsidir. Onların sonuncusu Muhəmməd (s.a.v) bu öhdəliyi könüllü qəbul edərək Allahın hüzurunda yaradılanlar üçün vasitəçilik edəcək, tərifəlayiq bir məqamı əldə etmiş olacaqdır. Həmin dərəcəyə görə onu ilk və sonuncu insanlar, yer və göy sakinləri alqışlayacaqlar. Peyğəmbərin (s.a.v) ümməti bundan çox geniş bir pay və ən kamil mənfəət götürəcəkdir. O, ümməti üçün xüsusi vasitəçilik edəcək və Uca Allah da onun vasitəçiliyinə izn verəcəkdir. Peyğəmbər (s.a.v) buyurmuşdur: “Hər bir peyğəmbərin (qəbul olunan) duası vardır. Onlar artıq bunu etmişlər. Mən isə öz duamı (qiyamət günü) ümmətimə vasitəçilik etməyə saxlamışam. (İnşallah) kim Allaha heç bir şeyi şərik qoşmadan dünyasını dəyişərsə, bu ona qismət olar.”
(Buxari: Dualar ? 5945. Müslim: İman ? 199. Tirmizi: Dualar ? 3602. İbn Macə: Zahidlik ? 4307. Əhməd: 2/426. Malik: Namaza çağırış ? 492. Darimi: Raqaiq ? 2805.)


Başqa bir hədisdə buyurmuşdur: “Mənim vasitəçiliyimə nail olacaq ən xoşbəxt insanlar, səmimi qəlbdən ixlasla: “Lə iləhə illəllah” deyənlərdir.” ( Buxari: Elm ? 99. Əhməd: 2/373.)


Beşincisi, “Hər bir peyğəmbər məxsusi olaraq öz tayfasına göndərilmişdir. Mən isə, bütün insanlara göndərildim.” kəlamıdır. Hər bir peyğəmbər dedikdə, bütün peyğəmbərlər nəzərdə tutulur. Muhəmmədin (s.a.v) bütün insanlara göndərilməsi onun şəriətinin kamilliyi, ümumiliyi, genişliyi və mütləq olaraq islahedici olduğuna görədir. Bu şəriət hər bir dövr və məkan üçün yararlıdır. Bəşəriyyətin islahı yalnız onunla tamamlana bilər. O, bəşəriyyət üçün əzəmətli əsasların təməlini qoymuşdur. Onlar nə vaxt bunu dərk etsələr dinləri islah olduğu kimi, dünyaları da islah olar.


Tarix: 22.04.2013 / 21:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 286 Bölmə: Hedisler