Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Peyğəmbər (s.a.v) bölünməyən hər bir şeydə müstəsna hüquqəmrini verdi” hədisi

Cabir ibn Abdulla (r.a) demişdir: “Peyğəmbər (s.a.v) bölünməyən hər bir şeydə müstəsna hüquq əmrini verdi. Əgər bölgü aparılar və yollar ayrılarsa, şəriklik olmaz.” Buxari rəvayət etmişdir.
(Müstəsna hüquq (ərəb. əş-Şuf`ə) şərikli daşınmaz əmlak sahiblərinin biri öz payını satmaq istədikdə, şəriki onu almağa daha haqlıdır. Hətta başqa tərəflə sövdələşmə olsa belə, şərik daha haqlıdır. Müstəsna hüquq bu mənada ifadə edilir. (red.)

ŞƏRH

Bu hədisdən müstəsna hüquqla bağlı bütün hökmlər götürülür və nədə olub-olmadığı bilinir.
Müstəsna hüquq şərikli mallarda olur. Onlar iki qismə bölünürlər: Daşınmaz əmlak və qeyriləri. Bu hədisdə daşınmaz əmlakla bağlı müstəsna hüquq sübuta yetmişdir. Bildirilmişdir ki, daşınmaz əmlakdan qeyri məsələlərdə müstəsna hüquq yoxdur. Əgər şərik olan tərəflərdən biri öz payına düşən hissəni, məsələn, heyvanları, mebeli və s. satmaq qərarına gələrsə, onlar müstəsna hüquqdan yararlana bilməzlər.

Daşınmaz əmlaka gəlincə, əgər o, bölünər və tərəflər öz paylarını götürərlərsə, müstəsna hüquqdan heç kim istifadə edə bilməz. Hədisdə də məhz buna işarə edilir. Belə ki, tərəflər qonşu olurlar. Bir qonşunun isə digərinin mülkünə heç bir haqqı yoxdur.
Əgər bölgü aparılmayıbsa və paylar ayrılmayıbsa tərəflərdən biri öz payını satarsa, digər şərikin və ya şəriklərin müstəsna hüquqdan istifadə etmək haqqı vardır. Onlar müqavilə bağlanan qiymətə həmin əmlakı götürə bilərlər. Hər bir şərik özünə çatacaq pay miqdarında mülkiyyəti iddia edə bilər.
Hədisin zahirinə görə bölünməsi mümkün olan daşınmaz əmlakın digərindən fərqi yoxdur. Bu da doğru rəydir. Çünki müstəsna hüququn hikməti, hər iki növdə (bölünməsi mümkün olan və olmayan daşınmaz əmlakda) şərikdən zərəri uzaqlaşdırmaqdır. Hədis ümumi məna daşıyır.
İki növü fərqləndirmək haqqında əsas kimi irəli sürülən sübutlar zəifdir.
Alimlər müştərək mülkiyyətləri məsələn, yolları, quyuları və digər oxşar mülkləri olan qonşulardan birinin digər qonşuya müstəsna hüquq iddia etməsi barədə ixtilaf etmişlər.
Onlardan bəziləri bu növdə müstəsna hüququn vacib olduğunu bildirmiş və demişlər: “Bu məsələdəki ortaqlıq bütün mülkiyyət məsələlərindəki ortaqlıqla eynidir. Buradakı zərər də başqa zərərlərlə eynidir. Məhz dəlillər də bunu bildirirlər.”
Onlardan bəziləri burada müstəsna hüququn olmadığını demişlər. Bu rəy imam Əhmədin məzhəbində məşhur sayılır.
Bir qisim alimlər isə, qonşunun hər işdə müstəsna hüquq daşıdığını söyləmişlər. Bu, imam Əbu Hənifənin məzhəbi sayılır.

Peyğəmbər (s.a.v) şərikin müstəsna hüququnun olduğunu təsdiqləmişdir. Əgər istəsə, bunu götürər, yox istəməsə götürməz. O, ümumi hüquqlardan hesab edilir. İnsanın müstəqil şəkildə ondan imtina etməsi, yaxud da şəriətdən hər hansı bir dəlilin olması ilə o ləğv edilə bilər.
Düşünməyə vaxt verilmədən və lazımi tədbir görülmədən müstəsna hüququn dərhal qüvvəyə minməsini şərt kəsməyə gəlincə, bu sözün heç bir dəlili yoxdur.

Dəlil gətirilən iki hədis isə, Peyğəmbərdən (s.a.v) səhih olaraq nəql edilməmişdir. Onlar aşağıdakılardır:
“Müstəsna hüquq buxovların açılması kimidir.” Digərində belə deyilir: “Müstəsna hüquq ona can atan üçündür.” ( İbn Macə: Hökmlər ? 2500. Əlbani sənədinin çox zəif olduğunu bildirmişdir. Bax: İrva ? 1542.)
Doğru sayılan rəyə əsasən bu, başqa haqlar kimi bir haqdır. Burada şərtə, eybə və sairə görə seçim etmək haqqı vardır. Haqq sahibi öz haqqından sözü və ya əməli ilə imtina etmədikcə, haqqı sabit qalar. Allah daha doğrusunu bilir.


Tarix: 22.04.2013 / 22:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Hedisler
loading...