beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Din nəsihətdir

Təmim əd-Dari Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət edir: “Din nəsihətdir. Din nəsihətdir. Din nəsihətdir.” Orada olanlar: "Ey Allahın elçisi, kimin üçün?" – deyə soruşdular. O isə cavabında buyurdu: “Allah, Onun Kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün fərdləri üçündür.” Müslim rəvayət etmişdir.

(Müslim: İman ? 55. Nəsai: Beyət ? 4197. Əbu Davud: Ədəb ? 4944. Əhməd: 4/102.)

ŞƏRH

Peyğəmbər (s.a.v) bu kəlmənin mühüm olduğunu bildirmək və ümmətə yol göstərmək üçün onu bir neçə dəfə təkrarlamışdır. Bununla da bütün ümmətə dinin aşkar və gizli nəsihət üzərində qurulduğunu həqiqi bir elmlə bildirmişdir. Nəsihət, sadalanan beş haqqın öhdəsindən layiqincə gəlməkdir.
Allah üçün nəsihət, onun təkliyini etiraf etmək, yalnız Onun kamil sifətlərə sahib olduğunu və heç kəsin bu xüsusda Ona ortaq olmadığına iman gətirmək, aşkarda və gizlidə Ona ibadət etmək, itaətlə Ona yönəlmək, hər zaman ümid və qorxu hissi ilə Ondan bağışlanma diləmək və Ona tövbə etməkdir. Çünki bəndə Allahın vacib buyurduğu işlərdə nöqsanlara yol verir, yaxud da haramlara müdaxilə edir. Lakin tövbə etməklə və davamiyyətli bağışlanma diləməklə o, bu nöqsanını düzəldə bilər. Bu yolla da onun əməli və sözü tamamlanmış olar.
Allahın Kitabı üçün nəsihət etmək isə, onu əzbərləmək, kəsb etdiyi mənalar barəsində düşünmək, sözlərini və mənalarını öyrənmək, çalışaraq özünü və başqalarını bu kitaba əməl etməyə sövq etdirməkdir.

Peyğəmbər (s.a.v) üçün nəsihət etmək isə, ona iman gətirmək, onu sevmək və öz nəfsindən, malından və övladından öndə tutmaqla olur. Dinin əsaslarında və ikinci dərəcəli əməllərində ona itaət etmək, onun sözünü hər kəsin sözündən üstün tutmaq, onun hidayət yoluna əzmkarlıqla riayət etmək və onun dininə yardım etmək də, bu imana aiddir.
Müsəlmanların rəhbərləri üçün nəsihətə gəldikdə, buraya dövlət başçısından tutmuş digər məmur və qazılar, kiçik və ya böyük səlahiyyət sahibləri aid edilir. Belə ki, onların səlahiyyətini etiraf etmək, onları eşidib dinləmək, insanları da bu işə təşviq etmək, bacardığı qədər onlara tövsiyə etmək, özlərinə və insanlara fayda vermək, öhdəyə düşən vacibləri yerinə yetirmək bu nəsihətə aiddir.
Bütün müsəlmanlar üçün nəsihət etmək, özünə istədiyini onlar üçün istəməklə, özünə istəmədiyini isə onlar üçün də istəməməklə və bacardığın qədər bu işə səy göstərməklə olur. Çünki kim bir şeyi sevərsə onun üçün səy göstərər, onun əldə olunması və tamamlanması üçün çalışar.

Peyğəmbər nəsihətin bu beş məsələdən, Allahın, Onun Kitabının, Peyğəmbərinin, kimliyindən və təbəqəsindən asılı olmayaraq bütün müsəlmanların haqlarını yerinə yetirməkdən ibarət olduğunu açıqlamışdır. Beləliklə də bu nəsihət bütün dini əhatə etmişdir. Dində, bu əhatəli və dərin mənalı kəlama aid edilməyən bir şey qalmamışdır. Daha doğrusunu Allah bilir.


Tarix: 22.04.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 178 Bölmə: Hedisler