beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın müsəlman üzərində altı haqqı var

Əbu Hureyrə (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir: “Müsəlmanın müsəlman üzərində altı haqqı var.” Orada olanlar dedilər: “Ey Allahın elçisi, onlar hansılardır?”

O buyurdu: “Onunla qarşılaşdıqda salam ver. Səni dəvət etdikdə qəbul et. Səndən nəsihət istədikdə nəsihət ver. Asqırıb “Əlhəmdulilləh” (həmd olsun Allaha) deyəndə sən də ona “Yərhəmukəllah” (Allah sənə rəhm etsin) de. Xəstələndikdə ziyarət et. Vəfat etdikdə cənazəsini müşayiət et.” Müslim rəvayət etmişdir.
(Müslim: Salam ? 2162. Tirmizi: Ədəb ? 2737. Nəsai: Cənazələr ? 1938. Əhməd: 2/412.)

ŞƏRH

Bu altı haqdır. Onları müsəlmanın haqları olaraq yerinə yetirən şəxsin digər haqları da yerinə yetirməsi lazımdır. Allah tərəfindən çoxlu xeyir və böyük savab verilən bu vaciblərə və haqlara riayət edilməlidir.
Birinci haqq, onu görəndə salam verməkdir. Çünki salam vermək məhəbbətdən irəli gələn və cənnətə daxil olmağı mütləq edən imanın yaranmasına səbəb olur. Necə ki, Peyğəmbər  buyurmuşdur: “Nəfsim əlində olana and olsun ki, siz iman gətirməyincə Cənnətə girməyəcəksiniz. Bir-birinizi sevməyincə iman gətirməyəcəksiniz. Sizə elə bir şeyi bildirimmi ki, onu etsəniz bir-birinizi sevəsiniz? Salamı aranızda yayın.” (Müslim: İman ? 54. Tirmizi: İzn istəmə və ədəblər ? 2688. Əbu Davud: Ədəb ? 5193. İbn Macə: Müqəddimə ? 68. Əhməd: 3/391.)

Salam, İslamın gözəlliklərindən¬dir. Qarşılaşan iki şəxs bir-biri üçün şər-xatadan salamat olmasını, bütün növ xeyirləri gətirən mərhəmət və bərəkətin enməsini dua edirlər. Salam verərkən gülərüzlü olmaq, birlik və ülfət bildirən münasib salam ifadəsi işlətmək lazımdır. Daha təfriqəyə və narahatçılığa səbəb olan ifadələr yox.

Salam müsəlmanın haqqıdır. Digər müsəlmanın da vəzifəsi onu ya eyni şəkildə, ya da daha yaxşı şəkildə qaytarmaqdır. İnsanların ən xeyirlisi salamı birinci verəndir.

İkinci haqq, dəvət etdikdə dəvətini qəbul etməkdir. Yəni, qonaq çağırdıqda onun xətrini qorumaq üçün təklifi qəbul etməkdir. Əgər üzrlü səbəb yoxdursa, qardaşının dəvətini qəbul etməlisən.

Üçüncü haqq, nəsihət istəyərsə, nəsihət verməkdir. Yəni, hər hansı bir əməli edib-etməmək barədə səninlə məsləhətləşərsə, özün üçün hansını istəyirsənsə ona da onu məsləhət gör. Əgər əməl hər cəhətdən faydalı olarsa, onu bu işi etməyə həvəsləndir. Yox əgər zərərli olarsa, ondan çəkindir. Əgər həmin əməl özündə həm xeyir, həm də zərər daşıyarsa, bunu ona açıqla və hər ikisini müqayisə et. Həmçinin səninlə hər hansı bir şəxslə alış-veriş etmək və ya evlənmək barədə məşvərət edərsə, ona səmimi şəkildə özünə məsləhət bildiyini nəsihət et. Onu hər hansı məsələdə aldatma. Müsəlmanları aldadan onlardan deyil. Kim belə etsə, o, vacib nəsihət haqqını tərk etmiş sayılır.

Bu nəsihət mütləq olaraq vacibdir. Lakin o, nəsihət istənildiyi və faydalı fikir tələb olunduğu halda daha təkidli sayılır. Buna görə də onu burada təkidli formada qeyd etmişdir. İrəlidə “Din nəsihətdir” hədisinin şərhi təqdim olunmuşdur. Onu bir daha təkrarlamağa ehtiyac yoxdur.
Dördüncü haqq, əgər asqırıb “Əlhəmdulilləh” deyərsə, “Yərhəmukəllah” (Allah sənə rəhm etsin) demək. Asqırmaq Allahın bəxş etdiyi bir nemət olduğu üçün belə deyilir. İnsan orqanizminin müxtəlif hissələrində boğulmuş hava asqırmaqla bədəndən çıxır və asqıran adamı rahat edir. Asqıran bu nemətə görə Allaha həmd oxumalı, qardaşı isə ona: “Yərhəmukəllah” (Allah sənə rəhm etsin) deməlidir. Asqıran da öz növbəsində ona: “Yəhdikumullah və yuslih bələkum” (Allah sizi doğru yola yöbəltsin və işlərinizi ram etsin) deyə cavab verməlidir. “Əlhəmdulilləh” deməyənə “Yərhəmukəllah” deyilməz. Allaha şükür etməkdən və qardaşının duasından məhrum olan belə insan, yalnız özünü qınamalıdır.

Beşinci haqq, xəstələndikdə ziyarət etməkdir. Xəstəni, xüsusən də qohum, dost və bu kimi təkidli şəkildə haqqı çatanları ziyarət etmək müsəlmanın haqlarındandır. O, saleh əməllərin ən fəzilətlisidir. Kim müsəlman qardaşını ziyarət edərsə, rəhmət içinə dalar, onun yanında oturarsa, rəhmət onu bürüyər. Kim xəstəni günün əvvəlində ziyarət edərsə, mələklər onun üçün axşama qədər, kim də axşam düşəndə ziyarət edərsə, mələklər ona səhərə qədər dua edərlər. Gərək ziyarətçi xəstəyə şəfa tapması üçün dua etsin. Onun könlünü alsın. Fikrini sağalacağı haqda düşünməyə yönəltsin. Tövbə etməsini və Allaha üz tutmasını xatırlatsın. Ona faydalı tövsiyələr versin və onu yormamaq üçün ziyarətini qısa etsin. Əgər xəstə onun çox oturmasını tələb edərsə, otura bilər.

Altıncı haqq, dünyasını dəyişdikdə cənazəsini müşayiət etməkdir. Kim cənazə namazı qılınana qədər cənazəni müşayiət edərsə, ona bir qirat (Uhud dağı qədər) savab yazılar. Əgər dəfn olunana qədər müşayiət edərsə, ona iki qirat savab verilər. Cənazəni müşayiət etməkdə Allahın, vəfat edənin və onun sağ qalan qohumlarının haqqı vardır.


Tarix: 22.04.2013 / 21:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 315 Bölmə: Hedisler