beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Beş vasaq çəkisində olmayan xurmaya zəkat yoxdur

ŞƏRH

Bu hədis, zəkata düşən malların əksəriyyətini əhatə etmişdir. Zəkatın dənli bitkilərə, meyvələrə, üç növ ev heyvanına, pula və ona aid olan ticarət mallarına görə verilməsi vacibdir.
Dənli bitkilərin və meyvələrin zəkatına gəlincə, bu hədisdə təyin edildiyi kimi, onların zəkata düşən həddi (ərəb. “nisabı”) beş vasaqdır. Bu həddə çatmayan məhsula zəkat düşmür.

Bir vasaq, Peyğəmbərin (s.a.v) ölçü vahidi kimi istifadə etdiyi “saa” ilə, altmış “saa”ya bərabərdir. Demək beş vaşaq üç yüz saa deməkdir, (bu isə 612 kq edir). Kimin dənli bitki və ya meyvə məhsulu bu həddi keçərsə, onların zəkatını verməlidir. Öz zəhməti ilə suvarılanın iyirmidə biri, öz zəhməti olmadan (yağış və s.) suvarılanın isə onda biri zəkat verilir.
Ev heyvanlarından verilən zəkata gəlincə, dəvələrin sayı beşə çatmayıbsa, zəkat düşmür. Əgər beş olarsa, bir qoyun verilər. Sonra hər beşliyə görə bir qoyun düşür. Bu iyirmi beşə qədər belə davam edir. İyirmi beş olduqda, bir yaşı tamamlanmış dişi dəvə verilər. Otuz altı olduqda, iki yaşı tamamlanmış dişi dəvə verilir. Dəvələrin sayı qırx altıya çatdıqda, üç yaşı tamamlanmış dişi dəvə verilir. Altmış bir olduqda, dörd yaşı tamamlanmış dəvə verilir. Yetmiş altı olduqda, iki baş iki yaşlı dişi dəvə verilir. Doxsan bir olduqda, iki ədəd üç yaşı tamamlanmış dişi dəvə verilir. Onların sayı yüz iyirmini keçərsə, hər qırx dəvəyə görə bir baş iki yaşı tamamlanmış dişi dəvə verilir. Hər əlli dəvəyə isə, üç yaşı tamamlanmış dişi dəvə verilir.
İnəyə görə verilən zəkata gəlincə, hər otuz inəyə bir yaşlı dişi və ya erkək dana, hər qırx inəyə görə isə, iki yaşlı dişi dana verilir. Bundan sonra hər otuza bir yaşlı erkək, hər qırxa iki yaşlı dişi dana verilir.
Qoyuna görə verilən zəkatın həddinə gəlincə, az həddi qırxdır. Bu sayda olsalar bir qoyun düşür. Yüz iyirmi bir olduqda iki qoyun verilir. İki yüz birə çatdıqda, üç qoyun düşür. Sonra hər yüzə bir qoyun hesablanır. Təyin edilmiş bu rəqəmlərin arasında olan saya “vaqs” (sınıq saylar) deyilir. Xüsusən də heyvanlarda olan bu rəqəmlər (ümumi təyin olunanla hesablanır) və onlara görə zəkat verilmir, bağışlanandır.
Başqa heyvanlara gəlincə, məsələn, at, qatır, eşşək və digərləri üçün zəkat ödənmir. Yalnız satmaq məqsədi üçün tədarük edilsə, zəkat düşür.
Gümüşün zəkata daxil olan miqdarına gəlincə, bu azı beş “uqiyyə” olmalıdır. Bir “uqiyyə” qırx dirhəmdir. Demək iki yüz dirhəm gümüş olarsa, onda beş dirhəmini (2,5%) zəkat verirsən. Qızıl və gümüş kimi dəyərli ticarət malları da belədir. Ticarət malı, qazanc əldə etmək məqsədi ilə alınıb-satılan mallardır. Bu malın üzərindən bir il keçərsə, pul ilə dəyərləndirilir və qırxdan biri (2.5%) zəkat çıxarılır. Bütün növlərdə bir ilin tamamlanması zəruridir. Yalnız dənli bitkilər və meyvələr müstəsnadır. Onların zəkatı biçin və yığım vaxtı verilir. Uca Allah buyurur: “...yığım günü haqqını (zəkatını, sədəqəsini) ödəyin...” (Ənam: 141).
Zəkat verilməsi vacib sayılan mallar haqqında bu qədər.
Zəkatın kimə verilməsinə gəlincə, onu səkkiz qrupa vermək lazımdır. Bu qruplar uca Allahın aşağıdakı kəlamında zikr edilmişdir: “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) miskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçinin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (Tovbə: 60).


Tarix: 22.04.2013 / 21:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Hedisler