beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mömin, mömin üçün bir-birini tutan bina kimidir.

Əbu Musa əl-Əşari (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Mömin, mömin üçün bir-birini tutan bina kimidir.” Sonra o, barmaqları¬nı bir-birinə keçirdi.” Buxari və Müslim.
(Buxari: Zülmlər və qəzəb ? 2314. Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 1928. Nəsai: Zəkat ? 2560. Əhməd: 4/405.)

ŞƏRH

Bu əzəmətli bir hədisdir. Burada Peyğəmbər (s.a.v) möminlər barəsində xəbər verərək onların vəsflərini bildirmişdir. Onun sözləri bu əsası daim diqqətdə saxlamağa, möminlərin bir-birilərinə rəhmli, sevimli və şəfqətli qardaşlar olmalarına təşviq edir. Onlardan hər biri özünə arzuladığını başqasına da arzulamalı və bu istiqamətdə çalışmalıdır. Möminlər hamının rifahına xidmət edən işlərə önəm verməli və daim bu vəsfdə olmalıdırlar. Şübhəsiz ki, bina özüldən, ətraf və iç divarlardan, tavan, qapı və digər lazımi hissələrdən ibarətdir. Bu hissələr bir-birinə birləşməyincə, lazımi faydanı verməz. Müsəlmanlar da belə olmalıdırlar. Onlar dinlərinin və şəriət hökmlərinin yaşaması üçün qarşıya çıxan maneələri birgə aşmalı və lazımi tədbirlər görməlidirlər.
Hər kəsə vacib (yəni, fərdul-ayn) olan işi, məsuliyyət daşıyan fərdlərin hər biri yerinə yetirməlidirlər. Onların öhdələrinə düşən vəzifəni tərk etmələri və ya ona xələl gətirmələri yolverilməzdir.
Bir qisim müsəlmanın icrası ilə digərlərinin üzərindən məsuliyyəti götürülən (yəni, fərdul-kifayə olan) öhdəçiliklərə gəlincə, onlar hamıya vacib deyil. Çünki bəzilərinin bu işi etməsi ilə məqsədə çatılmışdır. Uca Allah cihad barəsində buyurur: “(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (cihada, döyüşə) çıxmamalıdır. Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” (Tövbə, 122). Başqa bir ayədə buyurulur: “(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir.” (Ali İmran, 104).
Uca Allah müsəlmanlara xeyirxah və təqvalı işlərdə bir-birinə kömək etməyi əmr etmişdir. Onların məqsədləri də, mətləbləri də birdir. Bu, onların öz dinlərinin və dünyalarının rifahına xidmət edən işləri yerinə yetirmələridir. Din yalnız bunlarla tamamlanır. Hər bir toplum öz işlərini zaman və vəziyyətə görə tənzimləyir. Buna nail olmaq üçün müşavirələr keçirmək, ümumi rifaha xidmət edən işləri aşkar etmək lazımdır. Çıxış yolları araşdırılmalı, işin axarının necəliyi öyrənilməli, toplumlar qarşıya çıxan maneələri və əngəlləri dəf etmək üçün öz təcrübələrini bölüşməlidirlər. Bir dəstə öyrədən, digəri öyrənən, döyüş sənətinə yiyələndikdən sonra müharibəyə yola düşən, keşikdə dayanaraq sərhədləri düşmənlərdən qoruyan, sənaye işlərində çalışan, əkinçilik, ticarət və digər qazanc yollarında çalışan olmalıdır. Bəziləri siyasəti öyrənir, İslamın və müsəlmanların rifahı üçün düşmənə qarşı hansı addımların atılmasını araşdırır, daha dəyərli işlərə üstünlük verir, zərəri çox olan məsələləri az zərərlisi ilə əvəz edir və hadisələri tənzimləyir.
Bir sözlə müsəlmanlar birlikdə dini və dünyəvi rifahlarını yaxşılaşdırmaq üçün çalışırlar. Onlar bir-birini dəstəkləyərək qarşılıqlı köməklik göstərirlər. Müsəlmanlar hədəflərinin bir olduğunu düşünür, müxtəlif sahələrdə çalışsalar da eyni məqsədə xidmət edirlər.
Səxavətli Peyğəmbərin (s.a.v) ümmətinin bir-birini tutan bina kimi olmasını söylədiyi bu hədisə əməl etmək çox faydalıdır. Onlar, hər hansı əzası ağrıdıqda digər bədən üzvlərinin həmin ağrıya qızdırma və yuxusuzluqla qarşılıq verən bir bədən kimidirlər. Buna görə də şəriət bu bağlılığı daha da möhkəmləndirəcək istənilən vasitəyə həvəsləndirmiş, möminlər arasında sevgini və xeyirli işlərə köməkliyi artıran işlərə təşviq etmişdir. Qruplara ayrılmağı, düşmənçilik etməyi və fikir ayrılığı yaratmağı qadağan etmişdir. Bütün bunlar Quran ayələri və hədislərdə təkidlə vurğulanmışdır. Hətta bu əsas dinin ən əzəmətli əsaslarından biri sayılmışdır. Ona riayət etmək, digərlərindən üstün tutmaq və bütün mümkün yollarla yerinə yetmək vacibdir.
Uca Allahdan müsəlmanlar üçün bu əsası gerçəkləşdirməsini, onların qəlblərini birləşdirməsini və düşmənlərinə qarşı bir yumruq kimi etməsini diləyirəm. O, səxavət sahibidir.


Tarix: 22.04.2013 / 21:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Hedisler