beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zülm qiyamət günü zülmətlər olacaq (Zülmün növləri)

Abdulla ibn Ömər (r.anhuma) Peyğəmbərin (s.a.v) belə buyurduğunu demişdir: “Zülm qiyamət günü zülmətlər olacaqdır.” Buxari və Muslim.

(Buxari: Zülmlər və qəzəb ? 2315. Müslim: Xeyirxahlıq, qohumluq əlaqələri və ədəb ? 2579. Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 2030. Əhməd: 2/106.)

ŞƏRH

Bu hədis insanı zülmdən çəkindirir və onun əksi olan ədalətə həvəsləndirir. Şəriət bütünlüklə ədalətdir. O, adilliyi əmr edir, zülmdən çəkindirir. Uca Allah buyurur: “De: “Rəbbim ədaləti əmr etdi...” (Əraf, 29). Başqa ayədə buyurur: “Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı... buyurar.” (Nəhl, 90). Digər ayədə belə buyurur: “İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (Ənam, 82).

Həqiqətən də imanın əsasları, şöbələri, batini və zahiri bütünlüklə ədalət, onun əksi isə zülmdür. Adilliyin ən üstün dərəcəsi və əsası: Allahın təkliyini etiraf etmək, bu təkliyi yalnız Ona aid etmək, Onun sifətlərinə və gözəl adlarına iman gətirmək, dini və ibadəti sırf Ona aid etməkdir. Ən böyük və ən şiddətli zülm isə, Allaha şərik qoşmaqdır. Necə ki, uca Allah buyurur: “Həqiqətən də şərik qoşmaq böyük zülmdür.” (Loğman, 13). Çünki ədalət bir şeyi öz yerinə qoymaq və vacib olan haqları yerinə yetirməkdir. Zülm isə, bunun əksidir. Ən böyük və ən vacib haqq, Allahın bəndələr üzərindəki haqqıdır. Allahı tanımaq, Ona ibadət etmək, heç bir şeyi şərik qoşmamaq, imanın əsaslarına inanmaq, İslamın namaz qılmaq, zəkat vermək, oruc tutmaq, Beytul-haramı həcc etmək, Allah yolunda söz və əməllə cihad etmək, haqqı və səbri tövsiyə etmək kimi qayda-qanunlarına riayət etmək Allahın bəndələri üzərindəki haqqıdır.
Bütün bu sadalananlara xələl gətirmək isə, zülmdən sayılır.

Peyğəmbərə (s.a.v) iman gətirmək, onu bütün yaradılanlardan çox sevmək, itaət etmək, şərəfləndirmək, ehtiram etmək, əmrini və sözünü qeyrilərindən üstün tutmaq adillikdən hesab edilir.

Möminlərə öz nəfslərindən əziz olan, onlara hər kəsdən mərhəmətli və qayğıkeş davranan və vasitəsi ilə hər kəsin xeyrə nail olduğu Peyğəmbərin (s.a.v) haqlarına xələl gətirmək böyük zülmdən sayılır.
Valideynlərə yaxşılıq etmək, qohumluq əlaqələrini saxlamaq, dostlarının və ünsiyyətdə olduğun insanların haqlarını tapdalamamaq adillikdən, bunlara xələl vurmaq isə zülmdən sayılır.

Ərlə arvadın bir-birilərinin haqlarını yerinə yetirməsi adillikdəndir. Buna xələl gətirən tərəf zalımdır.
İnsanların yol verdikləri zülmün çoxlu formaları vardır. Onların hamısı Peyğəmbərin (s.a.v) vida həccində söylədiyi xütbədə toplanmışdır. O (s.a.v) buyurur: "Həqiqətən bu günün, bu ayın və bu yerin haramlığı kimi, qanınız, malınız və namusunuz bir-birinizə haram edildi."
(Buxari: Həcc ? 1652. Əhməd: 1/230.)

Zülm bütün növləri ilə birlikdə qiyamət günü zülmətlər olacaqdır. Onu edənlər zülmlərinin qədərinə görə cəzalandırılacaqlar. Məzlumlara zalımların savablarından veriləcəkdir. Əgər zalımların savabları olmasa və ya tükənsə, məzlumların günahları onlara veriləcəkdir.
Bütün növ ədalət qiyamət günü nur olacaqdır. Uca Allah buyurur: “O gün (qiyamət günü, ey Peyğəmbər!) mömin kişilərin və qadınların (səmimi etiqadları və dünyada etdikləri yaxşı əməllər müqabilində nail olduqları iman) nurunun onların önlərindən və sağ tərəflərindən axıb şölə saçdığını görəcəksən. (Mələklər onlara deyəcəklər:) “Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!” Bu, böyük qurtuluşdur (uğurdur)!” (Hədid, 12).
Uca Allah zülm etməyi Özünə haram etmiş, bəndələrinə də bunu yasaq etmişdir. Uca Allah sözlərində, fellərində, mükafatında və cəzasında siratəl-mustəqim yolunu (doğru yolu) tutmuşdur. Bunun özü ədalətdir. Uca Allah bəndələri üçün adilliyə əsaslanan siratəl-mustəqim yolunu təyin etmişdir. Kim ondan kənara çıxarsa, Cəhənnəmə aparan zülmə və haqsızlığa üz tutmuş olar.

Zülm üç növdür.

Birinci növ Allaha şərik qoşmaqdır və Allah bunu bağışlamır. Uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (Nisə, 48).

İkinci növ, insanların bir-birinə etdikləri zülmdür. Allah bu növ zülmdən heç nəyi kənarda qoymur. Onun kamil ədaləti sayəsində insanlar bir-birilərinə etdikləri zülmün əvəzini alacaqlar.

Üçüncü növ isə, Allahın istəyinə bağlıdır. Əgər istəsə cəzalandıracaq, yaxud əfv edəcəkdir. Bu, insanların Rəbləri ilə davranışlarında şirkdən savayı yol verdikləri zülmdür.


Tarix: 22.04.2013 / 21:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Hedisler