beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən necə namaz qılıramsa, siz də elə namaz qılın

Məlik ibn əl-Huveyris (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir: “Mən necə namaz qılıramsa, siz də elə namaz qılın. Namaz vaxtı çatanda, biriniz azan versin. Aranızda böyük olanınız isə, imamlıq etsin.” Buxari və Muslim. (Buxari: Azan ? 605. Müslim: Məscidlər və namaz qılınan yerlər ? 674. Nəsai: Azan ? 635. Darimi: Namaz ? 1253.)

ŞƏRH
Bu hədis üç cümlədən ibarətdir. Onlardan birincisi və ən əzəmətlisi:
Birinci cümlə, Peyğəmbərin (s.a.v) bu kəlamıdır: “Namaz vaxtı çatanda, biriniz azan versin.” Bu hissəyə əsasən, azan şəriətdən sayılır və o, əmr formasında varid olduğu üçün vacibdir. O, vaxtı çatdıqdan sonra oxunur. Sübh namazının azanı isə fərqlidir. Çünki Peyğəmbər (s.a.v) buyurmuşdur: “Bilal gecə azan verir. İbn Umm Məktum azan verənə qədər yeyin-için. O, "səhər açıldı, səhər açıldı" deyilməyənə qədər azan vermir.” ( Buxari: Azan ? 592. Müslim: Oruc ? 1092. Tirmizi: Namaz ? 203. Nəsai: Azan ? 638. Əhməd: 2/73. Malik: Namaza çağırış ? 164. Darimi: Namaz ? 1190.)

Azanı oxumaq hər bir şəxsə vacib deyil (yəni, fərdul-kifayədir), kiminsə onu deməsi digərlərini də bu məsuliyyətdən azad edir. Şəriətin məsuliyyət daşıyan hər bir fərdə yönəltdiyi əmr və onun icrasının tələbi hər kəsə vacib (yəni, fərdul-eyn) sayıla bilər. Lakin bir işin icrası müəyyən fərdə aid edilmədən tələb olunursa, kiminsə o işi icra etməsi digərlərini məsuliyyətdən azad edir.
Hədisdə buyurulur ki, “...biriniz azan versin.” Azanın sözləri isə məlum şəkildədir.
Azan verən şəxs gur səsli, etibarlı, namaz vaxtlarını yaxşı bilən və diqqətli biri olmalıdır. Müəzzində bu keyfiyyətlərin olması işin daha mükəmməl icra edilməsi üçün yaxşıdır. Əksər hallarda isə, sadəcə çağırışı deyən müəzinin olması kifayət edir.
Hədis, azanın səfərdə və qeyri səfərdə verilməsinin vacib olduğuna sübutdur. İqamə də azanın tamamlayıcısıdır. Çünki azan namazın vaxtının girməsini, iqamə isə onun başlanmasını bildirir.

Azanın fəziləti və daşıdığı böyük savablar barədə çoxsaylı dəlillər varid olmuşdur. Həmçinin müəzzinin dediklərini təkrarlamaq bəyənilən işdir. Yalnız “hayyə aləs-saləh" (namaza tələsin), "hayyə aləl fələh” (nicata tələsin) sözlərində, çağırılan namaza və nicata görə Allahdan kömək diləmək üçün: “Lə həvlə və lə quvvatə illə billəh” (Allahdan başqa nə köməyimiz, nə də qüvvətimiz yoxdur) kəlmələri deyilir. Sonra Peyğəmbərə salavat oxunur və bu dua deyilir: “Allahummə rabbə həzihi-d-dəvəti-t-təmməti va-s-saləti-l-qaiməti, əti Muhəmmədən əl-vasilətə və-l-fadılətə vəbəshu məqamən məhmudən əlləzi vaədtəhu.” (Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et. Onu vəd etdiyin “Məqamul Məhmud”a yetişdir). Bundan sonra özü üçün dua edir. Bu, duanın qəbul olunduğu bir vaxtdır və insan bu fürsəti əldən verməməlidir.

İkinci cümlə, “Aranızda böyük olanınız isə, imamlıq etsin.” sözləridir. Bu ifadədə camaat namazının vacibliyi, onun ən aşağı sayının, imam və ona qoşulan şəxsdən ibarət olması bildirilir. İmamlığa daha çox layiq olan isə, bu işi daha mükəmməl yerinə yetirəndir. Necə ki, “Səhih” əsərində bu, öz təsdiqini tapmışdır. Peyğəmbər (s.a.v) buyurur: “Camaata Allahın Kitabını daha yaxşı oxuyan (namazda) imamlıq etsin. Əgər oxumaqda bərabərdirlərsə, Sünnəni daha yaxşı bilən imam olsun. Əgər Sünnədə də eyni olsalar, hicrəti və ya İslamı daha erkən olan imamlıq etsin.”
(Müslim: Məscidlər və namaz qılınan yerlər ? 673. Tirmizi: Namaz ? 235. Nəsai: İmamlıq ? 780. Əbu Davud: Namaz ? 582. İbn Macə: Namaz qılmaq ? 980. Əhməd: 4/121.)

Başqa bir hədisdə varid olana əsasən, əgər bu işdə də bərabər olsalar, onda yaşca daha böyük olanı imamlıq edir. Kiçiyin əlavə üstünlüyü olmazsa, böyüyün irəli keçməsi, tərtiblə edilməsi tələb olunan bütün işlərdə yolveriləndir. Çünki Peyğəmbər (s.a.v) buyurmuşdur: “Böyüyünüz, böyüyünüz... ” ( Buxari: Cizyə ? 3002. Müslim: əl-Qasamə ? 1669. Tirmizi: Qan bahaları ? 1422. Nəsai: əl-Qasamə ? 4715. Əbu Davud: Qan bahaları ? 4521. İbn Macə: Qan bahaları ? 2677.)

Əgər namaz, imam və ona qoşulan şəxs tərəfindən qılınırsa, imama tabe olunmalıdır. O, təkbir etdikdə arxadakılar da təkbir etməli, rüku, səcdə etdikdən və bu vəziyyətlərdən dikəldikdən sonra ona tabe olanlar da eyni hərəkətləri etməlidirlər. Namazın hərəkətlərini onunla bərabər etmək qadağan edilir. İmamla yarışmaya, rüku, səcdə, əyilmə və qalxmada ondan irəli keçməyə gəlincə, bu, haramdır və namazı batil edir. İmama tabe olanların ona uymaları əmr olunur. Hərəkətləri imamla bərabər etmək, onunla yarışmaq və ya ondan xeyli geri qalmaq qadağan olunur. Əgər iki və daha çox adam olarlarsa, imamın arxasında səfə düzülmələri daha fəzilətli sayılır. Onun sağından və ya hər iki tərəfindən düzülmək də icazəlidir. Bir nəfər olduqda imamın sağında dayanır. Qadın isə, kişinin və ya kişilərin arxasında tək dayanır. Yox əgər başqa qadınlar da varsa, onların da kişilər kimi səfə düzülməsi vacib sayılır. Əgər bir kişi imamın və ya səfin arxasında üzrsüz yerə tək dayanarsa, namazı batil olar.

İmam gərək qarşıya qoyulan imamlıq vəzifəsinin öhdəsindən gəlsin. O, hərəkət formasını dəyişərkən edilən təkbirləri ucadan deməli və insanlara eşitdirməlidir. Həmçinin səsli namazları ucadan oxumalıdır. Ona tabe olanların irəli keçmələrinə və ya geri qalmalarına nəzarət etməlidir. Namazın kamilliyini qoruyaraq onu yüngülləşdirməlidir.
Üçüncü cümlə, hədisin mətnində birinci gəlir. Orada buyurulur: “Mən necə namaz qılıramsa, siz də elə namaz qılın.” Bu, Peyğəmbərin (s.a.v) söz və əməl ilə təliminin nümunəsidir. O, həcdə də belə etmişdi. Həcc mərasimlərini yerinə yetirərək insanlara deyirdi: “Həccin mərasimlərini məndən götürün.” (Nəsai: Həccin mərasimləri ? 3062. Əlbani hədisin səhih olduğunu bildirmişdir.)

Bu cümlə Peyğəmbərin (s.a.v) namazda etdiklərinin, dediklərinin və əmr verdiklərinin hamısını əhatə edir. Buna səbəb namazın bütün şərtlərinin tamamlanmasıdır. Namazın necə qılınmasına gəlincə, bəndə namaza qalxır, qibləyə yönəlir, qəlbində müəyyən bir namaza niyyətlənir və: “Allahu əkbər” deyir. Sonra Peyğəmbərdən (s.a.v) sabit rəvayətlə varid olan formada “istiftah” və “istiazə” dualarını söyləyir. Bundan sonra “Bismilləhir-rahmənir-rahim” deyir və “Fatihə” surəsini oxuyur. Sübh namazında “Fatihə” surəsindən sonra uzun, Məğrib namazında isə, qısa surə oxuyur. Başqa namazlarda isə bunlar arasında tutduğu orta mövqe ilə oxuyur. Sonra təkbir edərək rüku edir və bu zaman əllərini çiyinləri bərabərinə qaldırır. Bunu hər rükətdə rükudan qalxdıqda, təkbiratul-ihramda (yəni, namaza başlayarkən “Allahu əkbər” dedikdə) və səhih sayılana görə üç və dörd rükətli namazlarda birinci təşəhhüddən qalxdıqda da edir. Onun bir dəfə “Sübhanə rabbiyəl-azim” deməsi vacibdir. Kamilliyin ən aşağı həddi isə, üç və daha çox deməkdir. Səcdənin “Sübhanə rabbiyəl-əla” zikri də belədir. Sonra başını qaldıran imam və namazı tək qılan şəxs “Səmi Allahu limən həmidəh. Rabbənə va ləkəl həmd. Həmdən kəsiran tayyibən mubarəkən fih.” sözlərini deyirlər. İmamın tabeçiliyində namaz qılan eyni sözləri deyir. Yalnız "Səmi Allahu limən həmidəh" demir. Bundan sonra təkbir edir və yeddi əzası üzərində səcdəyə qapılır. Həmin əzalar, ayağın topuqdan aşağı hissələri, dizlər, ovuclar və alınla burundur. Bu əzalar yerə qoyulur. Dirsəkləri itin yerə uzandığı kimi sərmək olmaz. Sonra təkbir edərək qalxır və sol ayağının üzərində yayılmış vəziyyətdə oturur, sağ ayağını isə yerə dayayır. Bu halda onun (sağ ayaq) barmaqları qibləyə yönəlmiş olur. Namazın bütün oturuşları yayılmış halda olur. Yalnız sonuncu təşəhhüd istisnadır. Həmin vaxt baldırını yerə qoyaraq oturur. Onun sol ayağı sağ tərəfindən çıxır. İki səcdə arasında deyir: “Rabbiğfirli vərhəmni vəhdini vərzuqni vəcburni.” Sonra birinci dəfədə olduğu kimi ikinci dəfə səcdəyə gedir və bunları bütün rükətlərdə edir. Dikələndə, əyiləndə, rükuya gedəndə, səcdəyə qapılanda, ayaq üstə dayananda və oturanda bu hərəkətlər arxayınlıqla tələsmədən edilir. Sonra təşəhhüdü oxuyaraq deyir: “Ət-Təhiyyətu lilləhi vas-salavatu vat-tayyibətu, əs-sələmu aleykə əyyuhən-nəbiyyu və rahmətullahi və bərakətuhu, əs-sələmu aleynə və alə ibədilləhis-salihin, əşhədu ən lə iləhə illəllah və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluhu.” Bu birinci təşəhhüddür. Sonra qalxır. Əgər namaz dörd və ya üç rükətli olarsa, yerdə qalan rükətlərdə təkcə “əl-Fatihə” surəsini oxuyur. Əgər salamdan əvvəlki təşəhhüdü oxumalı olarsa, onda deyir: “Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə əli İbrahimə innəkə həmidun məcidun, və bərik alə Muhəmmədin və alə əli Muhəmməd kəmə bəraktə alə əli İbrahimə innəkə həmidun məcid. Allahummə inni əuzu bikə min əzəbi cəhənnəmə, və min əzəbil-qabri və min fitnətil-məhyə vəl-məmət və min fitnətil-məsihid-dəccal.” Sonra istədiyi duanı oxuyur, salam verir və məlum zikrlərlə Allahı zikr edir. Peyğəmbərdən (s.a.v) namaz barəsində nəql edilən hər bir hərəkət, söz, təlim və yönəltmələr onun “Mən necə namaz qılıramsa, siz də elə namaz qılın” kəlamına daxildir. O, bunu (yəni, namazı) əmr etmişdir. Əmr isə, yerindən asılı olaraq vacib və ya bəyənilən ola bilər.

Namazın səhvən, bilmədən və ya qəsdən tərk olunması bağışlanmayan əməllərinə "rükn" deyilir. Məsələn, təkbiratul-ihram (birinci təkbir), Fatihənin oxunuşu, son təşəhhüd, salam vermək, ayaq üstə dayanmaq, rüku, səcdə və ondan dikəlmək.
Səhvən tərk olunub səhv səcdəsi ilə əvəz olunan əməlləri isə vacib sayılır. Məsələn, ilk təşəhhüd, onun üçün oturmaq, təkbiratul-ihramdan başqa bütün təkbirlər, imam üçün “Səmiallahu limən həmidəh”, hər bir namaz qılan üçün “Rabbənə və ləkəl həmd”, rükuda bir dəfə “Sübhənə rabbiyəl-azim”, səcdədə bir dəfə “Sübhənə rabbiyəl-alə” və iki səcdə arasında “Rabbiğ-firli” sözlərini demək.
Bunlardan başqa edilənlər isə, namaz üçün kamillik və müstəhəb sayılırlar. Xüsusən də namazın ruhu və əsası sayılan qəlbin iştirakı, oxunulanlar haqqında düşünmək, zikr, dua, Allaha mütilik və bu əsnada Ondan qorxmaq belə əməllərdəndir.
Peyğəmbərin (s.a.v) namaz vaxtı qadağan etdiyi işlər məsələn, gülmək, danışmaq və lazımsız yerə ardıcıl hərəkətlər etmək də hədisin bu hissəsinə daxildir. Şübhəsiz ki, namaz yalnız şərtləri, rüknləri və vacibləri yerinə yetirməklə tam olur. Namazı batil edən amillərin olmamağı da şərtdir. Bu amillər ya lazım olan əməli layiqincə etməmək, yaxud namazda qadağan olunan əməli etməklə ola bilər. Məsələn, namazda danışmaq və sair


Tarix: 22.04.2013 / 21:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 561 Bölmə: Hedisler