Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ovulyasiya testləri

Ovulyasiya (yumurta hüceyrəsinin yumurtalıqdan çıxması anı) baş vermədikdə hamiləlik mümkün deyil. Qadın sonsuzluğun əsas səbəbi də ovulyasiyanın olmamasıdır (anovulyasiya).

Anovulyasiyanın səbəbləri müxtəlifdir — endokrin xəstəliklər (bu zaman orqanizmdə hormonal pozulmalar yaranır ki, nəticədə ovulyasiya baş verməyə bilər), polikistoz yumurtalıqlar sindromu, hipotalamus və hipofiz şişləri və s.

Onu da nəzərinizə çatdıraq ki, hətta tam sağlam və menstrual dövrü mütəmadi olan qadında 1 il ərzində 1-2 menstrual dövr (birinin ardınca olmamaq şərti ilə) ərzində ovulyasiya baş verməyə bilər. Bu normal sayılır.

Bəzi sonsuzluq formalarında müalicə zamanı ovulyasiyanın anını dəqiq təyin etmək çox vacibdir.

Ovulyasiyanı təyin etmək üçün ev şəraitində xüsusi ovulyasiya testlərindən istifadə etmək olar. Hal hazırda ovulyasiya testləri qadınlar arasında böyük populyarlıq qazanıb. Həkimlər bu testləri çox yüksək giymətləndirirlər. Lakin hamiləlik testlərilə müqayisədə bu testlərin istifadəsi qadından daha çox dəqiqlik və diqqət tələb edir.

Bu testlər qanda lyüteyinləşdirici hormonun (LH) səviyyəsinin təyin edilməsinə əsaslanır. Bu hormonun səviyyəsi qanda maksimum həddə çatdıqda ovulyasiya baş verir.

Ovulyasiya testləri güman edilən ovulyasiyadan 5-6 gün əvvəl istifadə etməyə başlamaq lazımdır.

Test gündə 1 və ya 2 dəfə olmaqla (səhər və axşam) istifadə etmək lazımdır. Test hər gün eyni vaxtda tətbiq edilir. Sidik ifrazı testin vaxtından ən azı 4 saat əvvəl olmalıdır. Testdən əvvəl çoxlu su qəbul etmək olmaz. Əks halda sidikdə olan LH-nun səviyyəsi azalacaq.


Test-zolaq üzərində olan xəttə qədər 5 saniyə ərzində sidik ilə olan qaba salınır (digər testlərdə — üzərinə pipetlə sidik damızdırılır) və sonra quru bir yerə qoyulur. Nəticə təxminən 30-40 saniyədən sonra qiymətləndirilir. Testdə yalnız 1 zolaq olanda, bu o deməkdir ki, LH-nun səviyyəsi qanda qalxmayıb. Testdə 2-ci solğun zolaq çıxdıqda bu ovulyasiya anının yaxınlaşmasından xəbər verir (testi ertəsi gün təkrar edin). Kontrol xəttinin yanında olan xəttin rəngi LH-nun miqdarını göstərir. Bu xəttin rəngi kontrol xəttinin rəngilə eyni və ya daha tünd olduqda ovulyasiya mümkündür. Məhz bu zaman qadının hamilə qalma ehtimalı ən yüksək sayılır.


Tarix: 26.11.2014 / 15:40 Müəllif: Aziza Baxılıb: 138 Bölmə: Ginekoloq Meslehetleri
loading...