beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dövlətin ərazi bütövlüyünün bərpası

Elə bu zaman da ona xəbər çatır ki, özbəklər Məşhədi tutaraq, 40 mindən artıq sakini qılıncdan keçirmişlər. Şah Abbas qoşun toplamaq üçün vəsait çatmadığını görüb, özünün iki gözəl qızıl və gümüş camını əritdirib, pul kəsməyi əmr edir və deyir: "Mənim kor atam şah Xudabəndə tez-tez təkrar edərdi: hər cür qələbəni ancaq yaxşı ödənc müqabilində qazanmaq olar." 1603-cü ilin 14 sentyabrında şah Abbas Təbrizin azad edilməsi üçün hərbi kompaniyaya başlayır. On dördcə günün içərisində bu gənc sərkərdə osmanlıların gözləmədiyi bir vaxtda öz qoşunlarını İsfahandan Təbrizə yeridir. Yol boyunca Əmirgunə xan Ağcaqoyunlu-Qacar və Zülfüqar xan Qaramanlının qoşunları da ona qoşulur. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi üsyan edir ki, bu da şah Abbasın şəhəri, bir ay sonra isə qalanı tutmasına şərait yaradır. Osmanlı qoşunlarını Təbrizin qərbinə qovan şah Abbas öz ordusunu Araz çayına doğru yönəldir. Naxçıvan və Culfa döyüşsüz təslim olur. Az sonra üsyana qalxan Ordubad da onlara qoşulur. Şah Abbasın birinci vəziri ordubadlı Hətəm bəyin tövsiyyəsi ilə Ordubad bunun müqabilində bütün vergilərdən azad edilir.

Güclü surətdə möhkəmləndirilmiş İrəvanı tutmaq isə heç də asan olmur. Şəhərin mühasirəsi 1603-cü ilin 16 noyabrında başlanır. Şah Abbas məşhur Azərbaycan topçusu Bahadur xan Topçubaşının tökdüyü iri çaplı toplardan ilk dəfə burada istifadə edir. Son yüz il ərzində ilk dəfə Səfəvi ordusu hücum edir, Osmanlılarsa müdafiə olunmağa başlayır. Azərbaycan ordusunun başında öz qarşısına şah İsmayıl Xətainin yaratdığı nəhəng Səfəvi dövlətini bərpa etmək vəzifəsi qoymuş on altı yaşlı gənc, ağıllı, çevik, cəsur və şərəfli bir sərkərdə dururdu. İrəvan qalası yalnız bir ildən sonra alınır. Bu vilayətin idarəsi Əmirgunə xan Ağcaqoyunlu-Qacara, Naxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırılır. Bundan sonra Gürcüstan da I Şah Abbasdan vassal asılılığını qəbul edir.

İndi Qarabağ və Şirvanın azad olunması qalırdı. Qarabağ bəylərbəyliyinə Hüseyn xan Müsahib Qacar təyin olunmuşdu. Osmanlıların əsas qüvvələri ilə döyüş hələ qabaqda idi. Qarşıdakı həmin döyüşün ölkənin taleyi üçün önəmli əhəmiyyət daşıdığını başa düşən şah Abbas Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını seçir. Ancaq bu dəfəki öz miqyası və qəddarlığı ilə indiyə qədər edilənlərin hamısını geridə qoyur. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldılır, şəhərlər təmizlənir, əhali isə İranın mərkəzi rayonlarına köçürülür. Dağıdılan şəhərlər arasında Culfa, Naxçıvan və İrəvan da vardı. Cəlaloğlu Sənan paşanın başçılıq etdiyi türk orduları İrəvana girəndən sonra ərzaqsız və yatacaqsız qalıb, yenidən Vana dönürlər. Və elə bu zaman şah Abbasın qoşunları Van üzərinə yürüş edərək, Cəlaloğlunun dəstələrini pərən-pərən salırlar. İndi də burada yandırılmış torpaq siyasəti yeridilir.Salmasdan Təbrizəcən 250 kilometrlik bir ərazi boş bir düzəngaha çevrilir. Buna baxmayaraq, Cəlaloğlu yenidən 100 minlik nəhəng bir ordu toplayıb, Təbriz üzərinə yeriyir. 1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.

Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütun sarayındakı təsvir

Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra şah Abbas qoşunlarını Lori, Dmanisi (əsgi adı Dumanlı) və Tiflisə yeridərək, Şirvana doğru hərəkət edir. Şamaxı yarım il mühasirədə saxlanır. Bu vaxt Bakı və Dərbənd əhli üsyana qalxaraq, osmanlı qarnizonlarını dağıdır. Beləliklə, 1607-ci ilin ortalarında şah Abbas çoxdankı arzusunu həyata keçirib, bütün Azərbaycanı azad edir. Bundan başqa şərqi Kürdüstan, Ermənistan və Gürcüstan da I Şah Abbasın əlinə keçir.

Osmanlı tarixçisi İbrahim Pəçəvi həyəcanla yazırdı: "Beləliklə, islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı."

Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq tələbi qoyurdular. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır. 1612-ci il sazişinə əsasən, mövcud sərhədlər tanınır. Faktiki olaraq, osmanlılar şah Abbasın tutduğu torpaqlardan əl çəkirlər.

Bundan sonra şah Abbas Gürcüstana hücum çəkib, onun şərqini talan edir, 30 min nəfər dinc sakini isə əsir götürür. Bunun cavabında 100 minlik türk ordusu Qafqaza yollanır. Özünün ənənəvi taktikasına uyğun olaraq, şah Abbas Qarabağ bəylərbəyisi Məhəmməd xan Ziyadoğlu Qacara əmr göndərir ki, Gəncə qalası dağıdılsın və onun iqamətkahı Tiflis qalasına köçürülsün. Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa və baş alıb gedən epidemiyaya dözə bilməyən osmanlılar 1616-1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər. O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir. Şah Abbas əhalisini irəlicədən köçürdüyü hər iki şəhəri döyüşsüz tərk edir.

İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə (Sınıq körpü döyüşü) düşmənlə üzləşmək qərarına gəlir. Uzun müddətli yerdəyişmələrdən yorulmuş osmanlılar və Krım tatarları darmadağın olurlar. Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə öldürülür. Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar. Bu sülh də uzun çəkmir. Bu dəfə şərti şah Abbas pozur. 1622-1623-çü illər ərzində şah Abbas İraqi-Ərəbin Bağdad, Kərbəla, Nəcəf, Mosul, Kərkük kimi iri şəhərlərini və Gürcüstanda Ahalsıxı tutur. Üstündən bircə il keçməmiş vaxtilə şah Abbasın öz yanında yaxşıca hərbi hazırlıq görən Georgi Saakadze Səfəvilərlə mübarizəyə qalxır. Saakadzenin qoşunları şərqi Gürcüstanı azad edir, sonra isə Gəncəni tutaraq, dağıdırlar. Şah bu üsyanı yatırmaqdan ötrü iri bir qoşun göndərir və həmin qoşun 1625-ci ilin 30 iyununda Gümüşlü adlanan yerdə (Gümüşlü döyüşü) gürcülər üzərində qələbə çalır. Şah Qarabağ hakimi Məhəmməd Qulu xan Ziyadoğlu Qacarı qorxaqlıq göstərdiyinə görə hakimlikdən kənarlaşdırır.

Şah Abbas 1629-cu ilin 19 yanvarında Mazandaran vilayətinin Əşrəf şəhərində 58 yaşında vəfat edir.


Tarix: 01.03.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 783 Bölmə: Dunya ve tarixi