beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cinsi yolla keçən infeksiyalara görə müayinə

Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir. CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlar-da sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.
Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:
cinsi akt zamanı;
qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;
xəstənin qanı ilə kontaktda olduqda;
tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “kömək” edir.
Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:
cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;
çox tez-tez və ağrılı sidik ifrazı;
cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;
cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;
bədəndə səpgilərin əmələ gəlməsi;
cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;
limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;
qadın və kişilərdə – qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər hər hansı insan özündə CYKİ – cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!

CYKİ – cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifılis və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 277 Bölmə: Cinsel Bilgiler