beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəmil Həsənli - İctimai-siyasi fəaliyyəti

Cəmil Həsənli 1988-1991-ci illər Milli Azadlıq Hərakatının iştirakçılarından biri olmuş və 1989-cu ildə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin də üzvü olmuşdur. AXC-nin BDU təşkilatında təmsil olunmuşdur. 1994-2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin humanitar məsələlər üzrə müavini olmuşdur. 2005-ci ildə AXCP üzvlüyündən çıxmışdır. 2005-2013-cü illərdə Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri olmuşdur. 2007-ci ildə AMEA-nın tarix üzrə müxbir üzvülüyünə namizəd olmuş lakin yetərli səsi yığa bilməyərək bu vəzifəyə seçilə bilməmiş və sonradan AMEA-ya olan seçkilərdən bəhs edərkən "müxbir üzv mərhələsini keçmədən birbaşa həqiqi üzvlüyə seçilənlər demək olar ki, hamısı eyni regionun "alimləridir" demişdir. 2009-cu ildə təsis edilmiş Azərbaycan Ziyalılar Forumunun həmtəsisçilərindən biri olmuşdur. 2013-cü ildə Azərbaycan Respublikası Prezident seçkiləri ərəfəsində yaradılan Demokratik Qüvvələrin Milli Şurasının qurucu üzvü olmuşdur.Bu dövrdə Milli Şuraya daxil olan partiya və təşkilatlarla yanaşı MŞ dan ayrı fəaliyyət göstərən islami-dini yönümlü Rifah Vətəndaş Hərəkatı da Cəmil Həsənlini dəstəkləmişdir. Seçkilərdən sonra isə Milli Şuranın liderinə çevrilmişdir. 3 dekabr 2013-cü ildə sözügedən qurumun sədri seçilib.

Diplomatik fəaliyyəti
Cəmil Həsənli aprel 1993-cü ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti Əbülfəz Elçibəy tərəfindən Azərbaycan Respublikası Prezidentinin siyasi məsələlər üzrə müşaviri təyin olunmuşdur. 1993-cü il iyun hadisələrindən sonra Əbülfəz Elçibəylə birlikdə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərinin Kələki kəndinə getmişdir. 28 iyun 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən tutduğu vəzifədən azad edilmişdir.

Parlamentdə
5 noyabr 2000-ci ildə proporsional seçki sistemi və 6 noyabr 2005-ci ildə majoritar seçki sistemi əsasında 18 saylı Nərimanov-Nizami seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir. Bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir.

II çağırış
Əsas məqalə: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2000)
Cəmil Həsənli Azərbaycan Respublikasının Milli Məclisinə II çağırış seçkilərində Azərbaycan Xalq Cəbhəsi Partiyasını təmsil etmiş və bu seçkidə Həsənov soyadı ilə iştirak etmişdir. 5 noyabr 2000-ci ildə keçirilmiş seçkidə proporsional seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və deputat seçilmişdir.

II çağırış dövründə Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının, İntizam komissiyasının, Azərbaycan—İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü olmuşdur.

III çağırış
Əsas məqalə: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2005)
Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərində Azadlıq Blokunu təmsil etmiş və bu seçkidə Həsənli soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmuş və 6 noyabr 2005-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir.

III çağırış dövründə Elm və təhsil məsələləri daimi komissiyasının, Azərbaycan-Belçika, Azərbaycan-Qazaxıstan, Azərbaycan-Meksika, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

IV çağırış
Əsas məqalə: Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər (2010)
2010-cu il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə müstəqil namizəd kimi 18 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyini irəli sürmüş lakin seçkilərin rəsmi nəticələrinə əsasən 2927 səs toplayaraq 17,5 %-lə II yeri tutaraq deputat seçilə bilməmişdir.

Cəmil Həsənli 8 noyabr 2010-cu ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, seçkilərdə 18 saylı Nərimanov-Nizami seçki dairəsi üzrə, səsvermə günü adı çəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, habelə müvafiq dairə seçki komissiyasının sədri tərəfindən həmin dairənin hüdudlarında yerləşən qapalı müəssisələrdə onların seçicilərlə görüşünün keçirilməsini təşkil etməməklə qanunsuz hərəkətsizlik etdiyini bildirib, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Cəmil Həsənli 13 noyabrda Mərkəzi Seçki Komissiyasına yeni eyniməzmunlu müraciət etmiş lakin müraciət təmin edilməmişdir.

VII Prezident seçkiləri
Əsas məqalə: Azərbaycan Respublikası Prezident seçkiləri (2013)
Cəmil Həsənli 23 avqust 2013-cü il tarixində Demokratik Qüvvələrin Milli Şurasının Azərbaycan Respublikası prezidentliyinə ehtiyat vahid namizədi kimi göstərilmişdir. Namizədliyi 29 avqust 2013-cü ildə MSK tərəfindən təsdiqlənmişdir.

9 oktyabr 2013-cü ildə baş tutmuş seçkilərin rəsmi nəticələrinə görə 204635 səs toplayaraq, 5,53 %-lə II yeri tutmuşdur. Seçkilərin kütləvi saxtalaşdırıldığı iddiasını irəli sürmüş və nəticələri tanımadığını açıqlamışdır.


Tarix: 09.02.2015 / 19:11 Müəllif: Feriska Baxılıb: 215 Bölmə: Azərbaycan tarixçiləri