beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz Milli Hökumət

Qacar sülaləsi dövründə Təbriz İran vəliəhdi nin qərargah şəhəri, 1905-1911-ci illərdə isə İran inqilabının mərkəzi olmuşdur. İnqilaba Təbrizin qəhrəman oğulları – Səttar xan və Bağır xan rəhbərlik edirdi. 1911-ci ilin dekabrında rus kazak ordusunun yardımından istifadə edən Məhəmmədəli şah Təbrizi ələ keçirdi, dinc əhaliyə divan tutuldu. 1917-1919-cu illərdə Cənubi Azərbaycanda İngiltərənin müstəmləkəçilik siyasətinə qarşı güclü xalq hərəkatı başladı. Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi altında Təbriz üsyançıları valini şəhərdən qovdular. 1920-ci ilin aprelin 7-də Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə silahlı üsyan nəticəsində hakimiyyət İctimai İdarə Heyətinin əlinə keçdi. 1920-ci il iyunun 23-də Ş.M.Xiyabaninin rəhbərliyi altında Milli Hökumət təşkil olundu. İyunun 24-də Milli hökumət Alaqapıya köçdü. Milli Hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə sahələrində islahatlar keçirməyə başladı. Təbrizdə pulsuz qız məktəbinin açılması o dövr üçün fövqəladə hadisə idi. Yeni açılmış məktəblərə Bakıdan müəllimlər dəvət edildi. Bununla yanaşı, hökumət 12 min nəfərlik milli qvardiya yaratmağa başladı. Təbrizdə xalça fabrikinin tikintisinə başlandı, şəkər zavodu, toxuculuq və dəri fabriklərinin tikilməsi, kənd təsərrüfatı bankının və milli bankın açılması, pul islahatı və şəhər bələdiyyəsinə seçkilərin keçirilməsi planlaşdırıldı. Maarif, mədəniyyət, səhiyyə, ədliyyə, vəqf və hərbi işlər üzrə idarə və nazirlik¬lər yaradıldı. 1920-ci il sentyabrın 12-də əksinqilabi qüvvələr Təbriz üzərinə hücuma keçdilər, Alaqapını ələ keçirdilər, sentyabrın 14-də “Təcəddüd” qəzeti binasını dağıtdılar. Həmin gün Ş.M.Xiyabani öldürüldü. İrticaçılar üsyançılara divan tutdular. Beləliklə, Cənubi Azərbaycandakı milli azadlıq hərəkatı ingilis qüvvələrinin köməyi ilə İran irticası tərəfindən yatırıldı. Buna baxmayaraq, Təbriz üsyanı Cənubi Azərbaycanda, eləcə də İranda yaşayan xalqların tarixində mühüm rol oynadı. Məhz bu üsyanın nəticəsi olaraq 1920-ci il iyunun 25-də Vüsuqəddövlə istefaya çıxdı və 1919-cu ildə imzalan İngiltərə-İran sazişi 1921-ci ildə ləğv edildi.


Tarix: 08.01.2015 / 18:07 Müəllif: Feriska Baxılıb: 60 Bölmə: Azərbaycan paytaxtları