beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbriz Tarixi

Təbriz hələ eramızdan əvvəl şəhər-qala olmuşdur. Təbriz yaxınlığında Həsənli təpəsi ndə, Ziviyə və Yanıqtəpə də aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir. Həmçinin Aşşur hökmdarı II Sarqona (e.ə.722-705) məxsus kitabədə onun e.ə. 716-ci il də Manna ölkəsinə daxil olduğu, Uşkayanı aldıqdan sonra möhkəmləndirilmiş Tarui-Tarmakis qalasına gəlib çatdığı qeyd olunur. II Sarqonun kitabəsində deyilirdi: “Tarmakis qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklərlə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi... Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım”.

Səhənd dağının ətəyində yerləşdiyi və möhkəm istehkam qalalarına malik olduğu üçün Tarmakis hərbi-strateji baxımından da xüsusi əhəmiyyət kəsb etmişdir. Qala özü də su ilə doldurulmuş, dərin kanallarla əhatə olunmuşdur. Q.A.Melikişvili Tauri-Tarmakisi möhkəmləndirilmiş şəhər hesab etmişdir. İ.Əliyev haqqlı olaraq Tauri-Tarmakisi Tavriz şəhəri adlandırmışdır. Təbriz şəhəri e.ə. VIII əsrdə mövcud olduğu halda, onun şəhər kimi hələ e.ə. II minilliyin axırlarında təşəkkül tapması ehtimal edilir. Beləliklə Təbriz şəhərinin üç min illik tarixi vardır.

Hələ Manna dövləti dövründə bu şəhər mühüm mərkəzlərdən biri olmuşdur. Antik müəlliflərdən Polibi, Diodor və Ptolomey bu şəhərin Ovront dağının (Səhənd) ətəyində yerləşməsi haqqında məlumat verir. III əsrdə Təbriz Atropatenanın əsas şəhərlərindən idi. Sasanilər dövründə strateji əhəmiyyəti olan Təbrizdə qarnizon saxlanırdı. VII əsrin ortalarında isə ərəb qoşunları Təbrizi işğal etdi. Xilafət dövründə Təbriz mahal mərkəzi idi. Babək hərəkatı Təbrizə də yayılmışdı. 852-ci il zəlzələsi zamanı Təbriz dağılmış, bir müddət sonra bərpa edilmişdi. Xilafətin zəiflədiyi dövrdə Azərbaycanda yaranmış Rəvvadilər dövlətinin paytaxtı Təbriz idi. Təbrizin yun, ipək və pambıq parçaları, xalçaları xarici ölkələrə də ixrac olunurdu. X əsr ərəb müəlliflərindən Müqəddəsi, İbn Havqəl və b. Təbrizdən abad bir şəhər kimi bəhs etmişlər. 1054-cü ildə Səlcuq sultanı I Toğrul Təbrizi tutdu. 1174-cü ildən Qızıl Arslanın iqamətgahı olan Təbriz sonralar Azərbaycan Eldənizlər dövləti nin paytaxtına çevrildi.


Tarix: 08.01.2015 / 18:06 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Azərbaycan paytaxtları