beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səlim bəy Behbudov

Həyatı
Səlim bəy Mehrəli bəy oğlu 1885-ci ildə Şuşa qəzasının Üçoğlan kəndində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Ali savad ardınca Rusiyaya üz tutmuşdu. 1905-ci ilin 9 yanvar Qanlı bazar günü Sankt-Peterburq Texnologiya İnstitutunun müdavimi Səlim bəy Behbudovun da tələbəlik həyatına son qoydu. 140 min nəfərin iştirak elədiyi inqilabi həyəcanda tələbələri ön sıralarda gedən bu ali təhsil müəssisəsini hökumət rəsmi şəkildə bağladı. Üsyankar ruhlu gəncləri izləməyə və həbs etməyə başladılar. Birinci kurs tələbəsi, 20 yaşlı Səlim bəy də tutulmaq təhlükəsindən yaxa qurtararaq institutla vidalaşıb, doğma Şuşasına qayıtdı. Bir il boş-bekar qalsa da, günlərini mənalı və səmərəli keçirdi, fransız dilini öyrənməklə məşğul oldu, Avropanın ali məktəblərindən birinə daxil olmağa hazırlaşdı. Həmin vaxt dövrünün tanınmış həkimlərindən olan atası Mehrəli bəyin qəflətən vəfat etməsi maddi cəhətdən Səlim bəyin vəziyyətini xeyli ağırlaşdırdı. Lakin oxumaq istəyindən dönməyən gənc Bakıya — bir çox tələbələrə səxavətlə hamilik edən xeyriyyəçi Əjdər bəy Aşurbəyovun yanına getdi, gəlişinin məqsədini və arzusunu bildirdi. Maarifə, təhsilə böyük qiymət verən bu Bakı milyonçusu Səlim bəyi ümidsiz qoymadı, ayda 25 manat təqaüdlə onu Fransaya ali təhsil almağa göndərdi. 1906-cı ilin yayında Səlim bəy Behbudov Paris Siyasi Elmlər Məktəbinin diplomatiya fakültəsinə qəbul olundu. Burada o, gələcəkdə Türkiyə Kommunist Partiyasının banilərindən və rəhbərlərindən olacaq Mustafa Sübhi ilə eyni kursda oxudu. İnstitutda iki qardaş türk xalqını təmsil edən hər iki tələbə əla oxumaqla tələbə və müəllim kollektivi arasında seçildi, sevildi. İlk günlərdən özünü fəal və çalışqan tələbə kimi göstərən Səlim bəy az müddətdə fransız dilini mükəmməl öyrəndi. Ərəb, fars, rus dillərini gözəl bildiyi üçün ikinci kursda oxuyarkən böyüklər üçün açılmış Berlits məktəbində rus və türk dillərindən dərs deməyə dəvət olundu. Beləliklə, o, tələbəykən həm də müəllim oldu, fransızlara bu dilləri öyrətməyə başladı... 1910-cu ildə təhsilini başa vuran Səlim bəy Behbudov Berlits məktəbinin müdiriyyəti ilə müqavilə əsasında Parisdə qalaraq üç il də müəllimlik fəaliyyətini davam etdirdi və 1913-cü ildə Şuşaya qayıtdı. Dövlət idarələrində münasib iş tapmayan bu ali təhsilli mütəxəssis bir müddət şəxsi evlərdə fransız dili dərsi dedi, bu dilin gözəl bilicisi kimi tanındı. 1917-ci ildə vaxtilə oxuduğu Şuşa Real Məktəbinə müəllimliyə dəvət olundu və eyni zamanda qız progimnaziyasında fransız dilini tədris eləməyə başladı. 1918-ci ildə Qarabağda baş verən hərc-mərclik, xüsusilə də, getdikcə alovlanan erməni-müsəlman davası Səlim bəyin real məktəbdən və qız progimnaziyasından getməsinə səbəb oldu. O, yenə də əvvəlki kimi evlərdə dərs deməyə başladı. Çox çəkmədən Azərbaycanda demokratik respublika quruldu və bu hökumət Səlim bəyi Ağdama qaçqınlar üzrə müvəkkil vəzifəsinə göndərdi. O, bir müddət Aşağı və Yuxarı Qarabağda qaçqınların problemləri ilə, xüsusən də, onların yerləşdirilməsi ilə məşğul oldu. Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Səlim bəy Behbudovu yüksək ixtisaslı kadr kimi dövlət idarələrinə işə cəlb elədilər. O, bir müddət Qarabağ İnqilab Komitəsində katib, tərcümə şöbəsinin, Azərbaycan Kənd Təsərrüfatı Bankı Ağdam şöbəsinin, Ağdam İcraiyyə Komitəsində torpaq şöbəsinin müdiri vəzifələrində çalışdı. Lakin çox çəkmədən ictimai mənşəyinə görə işdən azad olundu. Əlacı kəsilib, indi də rəiyyətlə bərabər, kənd təsərrüfatı işləri ilə məşğul olmağa başladı. Sonra isə Üçoğlan kəndində atasından qalma 25 desyatin torpaq sahəsini və əmisi oğlu Cahangir bəylə şərikli kəhrizini kəndlilərə icarəyə verdi. Bir müddət işsiz qalan Səlim bəy Behbudov 1926-cı ildə həmişəlik Bakıya köçdü, Dövlət Plan Komitəsində mədəniyyət bölməsinin katibi vəzifəsinə işə düzəldi. Dörd il burada çalışdı, sonra altı il də Azərbaycan Sənaye Şurasında, Azərxalçaittifaqda kadrlar üzrə iqtisadçı işlədi. O, eyni zamanda Bakıdakı 25 nömrəli orta məktəbdə fransız dilini tədris edirdi.


Tarix: 23.01.2015 / 18:14 Müəllif: Feriska Baxılıb: 160 Bölmə: Azərbaycanın müharibələri‎