beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zakir Məmmədov (filosof) - Elmi fəaliyyəti

Elmi fəaliyyəti
Z.C.Məmmədovun elmi yaradıcılığı əsas etibarilə Şərq fəlsəfəsi tarixi və dinşünaslıq məsələlərinə həsr edilmişdir. Onun tədqiqatlarına qədər elə hesab edilirdi ki, Şərqdə, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar, yaradıcılığından əldə cüzi material olan Bəhmənyar isə (XI əsr) istisnadır.

Zakir Məmmədov 40 ilə yaxın müddətdə elmi axtarışlar apararaq, Azərbaycan filosoflarının və mütəfəkkirlərinin ərəb və fars dillərində dünyanın müxtəlif ölkələrində cap olunmuş, habelə əlyazması şəklində saxlanılan zəngin irsini üzə çıxarmışdır. O, onların fəlsəfəsini (varlıq təlimi və idrak nəzəriyyəsini), məntiqini, ictimai-siyasi və etik görüşlərini işləyib hazırlamışdır. Z.C.Məmmədov sübuta yetirmişdir ki, orta əsrlərdə müsəlman Şərqində, o cümlədən Azərbaycanda dini fəlsəfi təlimlərlə yanaşı, elmi-fəlsəfi təlimlər də olmuşdur. O, müəyyənləşdirmişdir ki, elmi-fəlsəfi təlimlər Şərq peripatetizmindən, sufizmin panteist istiqamətindən və işraqilikdən ibarətdir.

Zakir Məmmədov sübut etmişdir ki, Şərq peripatetizmini türk filosofu Əbunəsr Farabi, digər ikisini – sufizmin panteist sistemini Azərbaycan filosoflarından Eynəlqüzat Miyanəci və işıq və qaranlıq prinsipinə əsaslanan işraqilik təlimini Şihabəddin Yəhya Sührəvərdi yaratmışlar.

Zakir Məmmədov Eynəlqüzat Miyanəci, Şihabəddin Ömər Sührəvərdi, Şihabəddin Yəhya Sührəvərdi, Əfzələddin Xunəci, Siracəddin Urməvi və başqa Azərbaycan filosoflarının əsərləri, habelə Bəhmənyarın üç kitabdan (məntiq, metafizika, fizika) ibarət "Təhsil" traktatı əsasında "Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir" monoqrafiyasını yazmışdır. "Orta əsr Azərbaycan filosofları və mütəfəkkirləri" (azərbaycanca 1986, rusca 1993) kitabında görkəmli şəxsiyyətlərin əksəriyyəti – Əhməd Bərdici, Məhəmməd Bərdəi, Əbunnəcib Sührəvərdi, Əminəddin Təbrizi, Siracəddin Urməvi, Tacəddin Məhəmməd Urməvi, Şəmsəddin Xoylu, Nəcməddin Naxçıvani, Şihabəddin Xoylu, Mühyiddin Bərdəi, Məhəmməd Qarabaği, Kəmaləddin Ərdəbili, Əhməd Ərdəbili, Rəcəbəli Təbrizi və b. haqqında mənbələr əsasında tədqiqatlar ilk dəfə olaraq Zakir Məmmədov tərəfindən aparılmışdır.

Alimin bütün tədqiqatları ilk mənbələr əsasında olmuş, buna görə həmin əsərlərin Azərbaycana gətirilməsi üçün böyük əmək sərf etmişdir. Belə ki, onun tədqiqatlarına qədər Bəhmənyarın "Metafizikanın mövzusu" və "Mövcudatın mərtəbələri" adlı kiçik həcmli iki əsəri məlum idi. Tədqiqatçı filosofun geniş həcmli "Təhsil" əsərinin varlığını aşkara çıxarmışdır. Onun əlaqədar təşkilatlara çox saylı müraciətləri hesabına həmin əsər Azərbaycana gətirilmişdir. Alim "Təhsil" əsərini ilk dəfə olaraq tam halda tədqiqata cəlb etmişdir. Bəhmənyarın "Metafizikanın mövzusu", "Mövcudatın mərtəbələri" əsərləri ilə bərabər "Təhsil" kitabı da Zakir Məmmədov tərəfindən tam şəkildə Azərbaycan dilinə tərcümə edilmiş, "Təhsil" kitabının kiçik bir hissəsi, iki əsər isə bütöv şəkildə "Şərq fəlsəfəsi (IX-XII əsrlər)" kitabında (Bakı, 1999) çap edilmişdir. Mənbələr əsasında orta əsr Şərq filosoflarının təlimlərini hərtərəfli və geniş şəkildə araşdırmış Zakir Məmmədov Azərbaycanda onların yeganə tədqiqatçısı oımuşdur. O, dünya şöhrətli filosoflarımızın irsini tədqiq etməklə bərabər, onların elmi ictimaiyyət tərəfindən tanınması uğrunda da çalışmışdır. Alimin təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti İşraqilik təliminin banisi Şihabəddin Yəhya Sührəvərdinin vəfatının 800 illik yubileyinin keçirilməsi ilə əlaqədar 2 aprel 1991-ci ildə qərar (9/11) qəbul etmişdir. Həmin qərara əsasən 25 dekabr 1991-ci ildə Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) işraqi filosofun yubileyi keçirilmişdir.

Şihabəddin Yəhya Sührəvərdinin fəlsəfi irsinin yeganə tədqiqatçısı Zakir Məmmədov filosofun bir çox əsərlərini Azərbaycan dilinə tərcümə etsə də, yalnız ikisi çapdan çıxmışdır. Tədqiqatçı Ş.Y.Sührəvərdinin "Filosofların görüşləri" əsərini ərəbşünas alim Tariyel Həsənovla birlikdə Azərbaycan və rus dillərinə tərcümə etmiş və bu əsər ilk dəfə 1986-cı ildə, ikinci dəfə 1999-cu ildə çapdan çıxmışdır. Filosofun "İşıq heykəlləri" kitabını Azərbaycan dilinə tərcümə edərək Zakir Məmmədov şəxsi vəsaiti hesabına ilk dəfə 1989-cu ildə, ikinci dəfə 1999-cu ildə nəşr etdirmişdir[2].

Zakir Məmmədovun təşəbbüsü ilə Bəhmənyarın anadan olmasının 1000 illik yubileyini 1993-cü ildə keçirmək barədə Azərbaycan MEA Rəyasət Heyəti (1 iyul 1992-ci il, qərar 10/16) və Azərbaycan Respublikası Nazirlər Kabineti (5 noyabr 1992-ci il, qərar 607) qərarlar qəbul etmişdi. Bu münasibətlə Fəlsəfə və Hüquq İnstitutunda üç elmi sessiya, bir çox ali məktəblərdə konfranslar keçirilmişdir. Alimin təşəbbüsü ilə 1998-ci ildə Siracəddin Urməvinin anadan olmasının 800 illik yubileyi münasibətilə əlaqədar Azərbaycan MEA Rəyasət Heyəti tərəfindən (11 mart 1998-ci il, qərar 8/4) qərar qəbul edilmişdir. Zakir Məmmədov bu dövrdə Siracəddin Urməvinin, Əfzələddin Xunəcinin anadan olmalarının 800 illik yubileylərini, 1999-cu ildə Eynəlqüzat Miyanəcinin anadan olmasının 900 illik yubileyini qəzet və jurnallarda məqalələr çap etdirməklə keçirmişdi.

Zakir Məmmədov 2000-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin Nəsirəddin Tusinin anadan olmasının 800 illiyi haqqında verdiyi fərmanla Dövlət yubiley komissiyasının üzvü seçilmişdir.Tədqiqatçı Nəsirəddin Tusinin irsini hərtərəfli və geniş şəkildə araşdırmışdır. Məhz Zakir Məmmədovun tədqiqatından məlum olur ki, 1266-cı ildən Marağa rəsədxanasında Nəsirəddin Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də varmış. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Böhaymın (1459-1507) hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib etmişdir. [3].

Tarixən görkəmli Azərbaycan filosoflarının təlimləri fəlsəfi məktəbə çevrilərək, əsrlər boyu alimlər üçün örnək olmuşdur. Onların ideyaları sonralar Şərq aləmi ilə məhdudlaşmayıb, Avropa ölkələrinə də yayılmışdır. Görkəmli Azərbaycan filosof-alimi Zakir Məmmədov dünya fəlsəfi tarixinin orta əsrlərində (1000 illik dövrdə) Şərq, həmçinin Azərbaycan filosoflarının elmi-fəlsəfi dünyagörüşlərinin geniş olduğunu göstərə bilmişdir[4].

Zakir Məmmədovun həyatı, fəaliyyəti və əsərləri haqqında onlarla məqalələr yazılmışdır. Orxan Məmmədovun "Ağdamın adlı-sanlı pedaqoqları, alimləri" (Bakı, Sabah, 2001) kitabında Zakir Məmmədovun həyat və yaradıcılığı haqqında geniş məlumat verilmişdir. Xatirə Quliyevanın "XX əsrin böyük Azərbaycan filosofu Zakir Məmmədov (Baharlı)" (Bakı, Azərnəşr, 2003, həcmi: 11 ç.v.) kitabında alimin həyatı və yaradıcılıq yolu işıqlandırılır. Son illər dövrü mətbuatda Zakir Məmmədovun xatirəsinə və elmi fəaliyyətinə həsr edilmiş otuzdan çox məqalə dərc edilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası və Mərkəzi Elmi Kitabxana tərəfindən "Elm" nəşriyyatında 2010-cu ildə Azərbaycan, rus və ingilis dillərində çap edilən Zakir Məmmədov – "Azərbaycanın elm və mədəniyyət xadimləri" silsiləsindən olan biblioqrafik göstəricidə filosofun həyat və fəaliyyəti hərtərəfli şəkildə öz əksini tapmışdır. Biblioqrafik göstəricidə Zakir Məmmədovun əsərləri, tərcümələri barədə məlumat verilir, həyat və yaradıcılığı haqqında ədəbiyyat da göstərilir.

Ülkər Məmmədovanın "Yazaraq yaşayan alim" (Bakı, “Elm”, 2012, 140 səh.) kitabı AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 75 illiyinə həsr edilmişdir. Kitabda alimin həyatı, elmi və bədii fəaliyyəti geniş şəkildə işıqlandırılır.

Filoloq alim Ülkər Məmmədova Zakir Məmmədovun qızıdır.


Tarix: 23.01.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 96 Bölmə: Azərbaycanın müharibələri‎