beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1957 Avroviziya Mahnı Müsabiqəsi

1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Hollandiya təmsilçisi olmuşdur.
Keçirilən yer
Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir.

Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi. 1948-ci ildə Frankfurt Beynəlxalq Ticarət Yarmarkasının yaradılması ilə 1950-ci illərə qədər davam edən şəhərin yenidən qurulması növbəti onilliklərdə şəhər üçün artım dövrü olmasını sübut etdi. Milli və beynəlxalq maliyyə institutlarının investisiyalar qoyması ilə 1957-ci ildə Frankfurtda ilk çoxmərtəbəli biznes binaları görünməyə başladı.

İkinci müsabiqənin keçirilməsi üçün seçilmiş yer Großer Sendesaal des hessischen Rundfunks studiyası idi. Studiya Frankfurt Maynda yerləşən keçmiş televiziya studiyası və musiqi zalı idi. Bu Hessen Yayım kompaniyasının keçmiş qərargahı idi. Hal-hazırda bura musiqi zalı kimi istifadə edilir.

Format
Bu ilki müsabiqədə İtaliya təmsilçisinin mahnısı 5:09 dəqiqə davam etdiyi halda, Böyük Britaniya təmsiçinin mahnısı cəmi 1:52 dəqiqə davam etmişdir. Buna görə növbəti müsabiqələrdə mahnıların 3 dəqiqədən uzun olmaması şərti qoyulmuşdur, bu qayda hal-hazırda da mövcuddur.

Əvvəlki müsabiqədən fərqli olaraq bu ilki müsabiqədə duetlərin iştirak etməsinə icazə verilmişdi. Danimarkalı təmsilçilər Birte Vilke və Qustav Vinkler müsabiqədə çıxış edən ilk duet olub. Öz çıxışlarının sonunda cütlük öpüşüblər, bu öpüş müsabiqə tarixindəki ən uzun müddətli öpüş olub.

Bu, münsiflərin telefonla əlaqə saxladığı ilk müsabiqə idi. Həmçinin, bu müsabiqə Niderlandın qalib gəldiyi ilk müsabiqə idi. Başqa əhəmyyətli dəyişiklik münsiflərin öz ölkələrinin nümayəndələrinə səs verə bilməməsi idi. Bu qayda da indiyə kimi mövcuddur.

İştirakçı ölkələr
Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq, Niderland və İsveçrə müsabiqədə ikinci dəfə təmsil olunurdular. Avstriya, Danimarka və Böyük Britaniya müsabiqədə debüt edirdilər. Bu ölkələr 1956-cı ildə də təmsil olunmaq istəsələr də, müraciət etdikləri tarix təyin olunmuş vaxtdan sonra olmuşdu.


Tarix: 27.02.2015 / 17:33 Müəllif: Feriska Baxılıb: 220 Bölmə: Almaniya tarixi