Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Almaniya tarixi

Alman xalqının formalaşması
Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur.

İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu. Təxminən 100-cü ildən başlayaraq german tayfaları Reyn və Dunay çayları arasındakı ərazilərə, Avstriyaya, Bavariya ərazisinə, həmçinin bəzi Roma əyalətlərində məskunlaşmağa başladılar. Roma imperiyasının parçalanmasının və dağılmasının əsas səbəblərdən biri də german tayfalarının davamlı olaraq imperiyaya qarşı hücümları idi.

Orta Əsrlər
Almanlar romalıların təsiri altında xristianlığı qəbul edirlər. Daha sonra yaranan Müqəddəs Roma imperiyasında almanlar əsas rolu oynayan xalq olurlar. 11 və 12-ci əsrlərdə Müqəddəs Roma imperiyası İtaliya və Burqundiyanı öz ərazisinə qatır. 12-ci əsrdən etibarən isə almanlar Şərqi Avropada yaşayan slavyanları əsarət altına almağa başlayırlar. Ostsiedlung adını alan bu proses nəticəsində almanlar Şərqi Avropada çoxlu sayda koloniyalar yaratmağa başlayırlar.

16-cı əsrdə Almaniyada keşiş Martin Lüterin başçılığı altında reformasiya hərəkatı başlanır. Katolik kilsəsindən ayrılan Lüteran kilsəsi 1530-cu ildən etibarən bir çox alman dövlətlərində rəsmi dinə çevrilir. Əgər 1500-cü ildə Almaniya Avropanın həyatında aparıcı rol oynayırdısa, artıq 1600-cü ildə bu ölkə gerilik və əyalətçilik əlamətləri nümayiş etdirirdi. Ədəbiyyat tənəzzülə uğramışdı, dilin özü də barbarlaşmışdı və danışığa yatmırdı. Buradakı katoliklər də, kalvinistlər də beynəlmiləl asılılığı qəbul etmişdilər, digər ölkələrdə yazılmış kitabları maraqla oxuyurdular. Alman universitetləri əvvəlki illərə nisbətən daha az sayda tələbə cəlb edirdilər. Heç yerdə Almaniyada olan dərəcədə xurafat yox idi, burada başqa yerlərdə olduğundan daha çox cadugərlər tonqalda yandırılırdı. Təhsil alanların çoxu astrologiyaya və falçılığa aludə idi, Cənubi Almaniya ilə Reynland arasındakı ticarət olduqca zəifləmişdi. Bu Atlantik okeanı ölkələrindəki dəyişikliklərlə, həmçinin Reyn çayının mənsəbində öz maraqları olan hollandların nəzarəti ilə əlaqədar idi. Məzhəblərarası qarşıdurma 30 İllik müharibəyə (1618-1648) gətirib çıxardı, bu müharibə Almaniyaya çox böyük ziyan vurdu, Almaniyanın əhalisi 30% azaldı. Şəhərlər muzdlu əsgərlər tərəfindən müharibə zamanı qarət edildi, bu soyğunçuluğa onların komandirləri də nəzarət edə bilmirdi. Komandirlər özləri də vətənlərindəki hökümətlərdən heç bir təchizat almadıqlarından öz ordularını saxlamaq üçün bütün əraziləri soyğunçuluğa məruz qoyurdular. Maqdeburq 10 dəfə, Leypsiq isə beş dəfə mühasirə olunmuşdu. Hətta İkinci dünya müharibəsi belə Almaniya üçün Otuz illik müharibə qədər viranedici olmamışdır. Almaniya fiziki cəhətdən belə dağıdıldığı kimi siyasi cəhətdən də xırda hissələrə parçalanmışdı, uzun müddətə Avropa işlərində hansısa bir iştirak etməsini dayandırmışdı. Şərqi Almaniyada, Berlin və Vyana ətrafında yeni və yalnız yarıalman dövlət kompleksləri formalaşmağa başladı. 1740-cı ildən etibarən alman torpaqları Habsburqlar Sülaləsi və Prussiya arasında rəqabət meydanına çevrilir. 1806-cı ildə Napoleon Almaniyanı işğal edərək Müqəddəs Roma imperiyasına son qoydu.

Napoleon işğallarının ardından keçirilən Vyana Konfransında Alman Dövlətlərinin Konfederasiyasının yaradılması haqqında qərar qəbul olundu. Bu konfederasiyaya 39 dövlət daxil idi. Konfederasiya dövründə alman milliyətçiliyi ideologiyası xüsusilə gənc intellektual insanlar arasında geniş yayılmağa başladı. Məhz həmin dövrdə Almaniyanın simvolları kimi qırmızı, qızılı və qara rənglərdən istifadə olunmağa başlandı, bu rənglər sonradan Almaniya bayrağının rənglərinə çevrildilər. 1862-ci ildə kral Otto fon Bismarkı Prussiyanın yeni baş naziri elan edir. Bismark Almaniyanı Prussiya monarxiyasının hakimiyyəti altında birləşdirməyə çalışırdı. Bismark ordunu gücləndirməyi və Almaniyanın birləşdirilməsi yolunda əsas əngəl olan Avstriyanı sıradan çıxarmaq üçün müharibəni yeganə vasitə sayırdı. Bismark diplomatiyası tədricən öz məqsədlərini həyata keçirməyə başlamışdı. Avstriya ilə ümumi razılığa gəldikdən sonra Bismark Danimarka hökümətindən əsasən almanların yaşadığı Şlezviq-Holşteyn vilayətinin verilməsini tələb etdi və rədd cavabı aldıqda 1864-cü ildə Prussiya ordusunu Danimarka ərazisinə yeritdi. Danimarka ordusu darmadağın edildi, Şlezviq-Holşteyn vilayəti işğal olundu. Bundan dərhal sonra Bismark Avstriyaya qarşı hücuma keçir. 1866-cı ildə baş verən Avstriya-Prussiya müharibəsində prussiyalılar qətiyyətlə qələbə qazanaraq Avstriyanı konfederasiyadan kənarlaşdılar. Fransanın vasitəçiliyi ilə aparılan sülh danışıqları Avstriyanın məğlubiyyətini təsdiq etdi. Bu məğlubiyyət nəticəsində Avstriya həm də Venesiyanı İtaliyaya qaytarmalı oldu. Prussiya təkcə Şlezviq-Holşteyni deyil, Almaniyanın mərkəzi və cənubundakı kiçik alman dövlətlərinin mülklərini də qəti olaraq ilhaq etdi. Beləliklə 1867-ci ildə Alman Dövlətlərinin Konfederasiyası buraxılır. Onun əvəzində isə Prussiyanın başçılıq etdiyi Şimali Alman İttifaqı (Norddeutscher Bund) yaranır. 1870-ci ildə Fransa-Prussiya müharibəsi başlayır. Bu müharibədə Fransa darmadağın olunur.

Almaniya İmperiyası və Birinci dünya müharibəsi
1871-ci ilin yanvarın 18-də Versal Sarayında Almaniya İmperiyasının qurulduğu elan olunur. İlk kansler Otto fon Bismark olur. Beləliklə bütün alman dövlətləri (Avstriya istisna olmaqla) vahid dövlətdə birləşdilər. İmperiyanın paytaxtı Berlin şəhəri elan olunur. Getdikcə güclənən Alman İmperiyası artıq 1884-cü ildən etibarən müstəmləkə işğalına başladı. Imperator I Vilhelmin (1871-1888) dövründə Almaniya özünə müttəfiqlər axtararaq Fransanı izolyasiya etmək siyasətini yeritməyə başladı. Lakin ondan sonra hakimiyyətə gələn II Vilhelm (1888-1918) daha çox imperialist siyasət yürütməyə başladı, bu isə Almaniyanın özünə çoxlu sayda düşmənlər qazanmasına gətirib çıxardı. Ölkənin əvvəllər qazandığı müttəfiqlər itirildi, Fransa isə Antanta dövlətləri və Rusiya ilə yaxınlaşmağa başladı. Almaniya özünə etnik cəhətdən cəhətdən yaxın olan Avstriya-Macarıstan İmperiyası ilə olan müttəfiqliyi istisna olmaqla təcrid olunmuş vəziyyətə düşdü.

Alman imperializmi Avropanın sərhədlərini aşdı və Almaniya Afrikada müstəmləkələr əldə etmək uğrunda digər Avropa dövlətləri ilə yarışmağa başladı. 1884-cü ildə Otto fon Bismarkın təşkilatçılığı ilə keçirilən Berlin konfransında Avropanın hegemon dövlətləri tərəfindən Afrika qitəsinin işğalı və müstəmləkəyə çevrilməsi geniş müzakirə olundu. Almaniya Şərqi və Cənub-Qərbi Afrikada, Toqo və Kamerunda bir sıra əraziləri ələ keçirərək öz müstəmləkəsinə çevirdi. Afrikanın bölüşdürülməsi uğrundə mübarizə Avropa dövlətləri arasında gərginlik yaradırdı və bu Birinci dünya müharibəsinin əsas səbəblərindən biri oldu. 28 İyun 1914-cü ildə Avstriya-Macarıstan ordusunun baş komandanı, vəliəhd Frans Ferdinand serbiyalı terrorçu tərəfindən öldürüldü. Bunun nəticəsi olaraq Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi və bu Birinci dünya müharibəsinin başlanğıcı oldu. Bu müharibədə Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstan bir cəbhədə iştirak edirdi. Müharibə bu dövlətlərin məğlubiyyəti ilə nəticələndi. Dünya tarixində o vaxta qədər baş vermiş ən qanlı müharibədə 2 milyondan çox alman əsgəri öldürüldü. 1918-ci ildə Almaniyada monarxiya devrildi, ölkədə respublika hakimiyyəti qururldu. Yeni hökümət tələm-tələsik təslimçi sülh müqaviləsini imzaladı. 1919-cu ilin İyun ayında imzalanan və Versal müqaviləsi adlanan bu razılaşmaya əsasən Almaniya böyük torpaqlar itirdi, həmçinin ölkə çox böyük təzminat ödəməyə məhkum edildi. Almaniya həmin təzminatı tam olaraq yalnız 2010-cu ildə ödəyib bitirdi. Razılaşma Almaniyada "Müharibənin alçaldılmış formada davamı" kimi adlandırıldı. Versal müqaviləsindəki ağır şərtlər Almaniyada milliyətçiliyin artmasına və sonradan İkinci dünya müharibəsinə gətirib çıxardı.

Veymar Respublikası
Müharibə Almaniya bütün sosial ziddiyyətləri kəskinləşdirdi. 1918-ci ilin payızı üçün ölkənin sosial-iqtisadi və sosial vəziyyəti partlayış ərəfəsində idi. Bunun üçün bəhanə komandanlığın donanmanı on minlərlə dənizçinin qurban verilməsinə səbəb olacaq uğursuz döyüşə göndərmək cəhdi oldu. Matroslar bu əmri yerinə yetirməkdən imtina etdilər. Eskadra Kil limanına qayıtdıqdan sonra matroslara qarşı cəza tədbirləri görüldü. Buna cavab olaraq matrosların etiraz çıxışları başlandı. Fəhlələr də onlara qoşuldular. Gəmilərdə və kazarmalarda əsgər deputatları sovetləri yaradıldı. Matros və fəhlələrin çıxışları gəmilərin açıq dənizə çıxmasına mane oldu. 1918-ci il noyabrın 7-də Münhendə fəhlə və əsgərlərin güclü nümayişi keçirildi. Bavariya kralı Münhendən qaçmalı oldu. Monarxiya devrildi, kayzer könüllü olaraq taxt-tacdan əl çəkdi. Noyabrın 9-da kansler Maks fon Baden dinc yolla hakimiyyəti demokrat Fridrix Ebertə verdi. Almaniya respublika elan olundu. Noyabrın 10-da sosialistlərin nümayəndələrindən ibarət Xalq Müvəkkilləri Şurası yaradıldı. Rusiyanın təcrübəsindən nəticə çıxaran alman sosial-demokratları ölkədə geniş vətəndaş müharibəsinin baş verməsinə imkan vermədilər.

Almaniyada respublikanın qurulması sabitliyi bərqərar etmədi. Nəticədə ölkədə bir sıra qüvvələr hakimiyyəti zorla ələ keçirməyə cəhd etdilər. Bavariyada kommunistlər inqilab edərək orada hakimiyyəti ələ keçirdilər. Bavariya Sovet Respublikası (1918-1919) cəmi bir il mövcud olduqdan sonra mərkəzi qüvvələrin Münhenə hücumu nəticəsində dağıdıldı. Bunun ardından 1919-cu ilin avqust ayında Veymar Respublikası quruldu. Avqustun 11-də prezident Fridrix Ebert Veymar Konstitutsiyasını təsdiq etdi. Lakin bunlar ölkədə sabitlik yaranmasına kömək etmədi. İqtisadi kriz, Versal müqaviləsinin ağır şərtləri ölkənin iqtisadiyyının dirçəlməsinə imkan vermirdi. Həmçinin ölkədə kommunistlərlə millətçilər arasında olan düşmənçilik siyasi sabitliyin bərqərar olmasına imkan vermirdi.

1919-cu ilin fevralında Veymarda açılan Müəssislər Məclisinə seçkilər keçirildi. Seçkilərdə sosial-demokratlar qələbə qazandılar. Sosial-demokratlar partiyasının liderləri Fridrix Ebert prezident, F.Şeydeman isə hökümətin başçısı oldular. Xalq Müvəkkillər Şurasının qərarı əsasında 1919-cu il iyunun 31-də Veymar şəhərində Müəssislər Məclisi tarixdə Veymar konstitusiyası kimi tanınan konstitusiyanı təsdiq etdi. Bu konstitusiya Almaniyanı federal quruluşlu, parlanmentli prezident respublikası elan etdi. Veymarda konstitusiya qəbul edildiyi vaxtdan 1933-cü ilə qədər olan dövrdə Almaniya Veymar Respublikası adlandırılmışdır. Konstitusiya ümumi səsvermə yolu ilə 7 il müddətinə seçilən prezidentin hüquqlarını müəyyənləşdirdi. Bu konstitusiyaya görə Almaniyanın muxtar dövlətlərə, yəni əyalətlərə bölünməsi saxlanıldı. Konstitusiyaya görə qanunvericilik reyxstaqa və landtaqlara məxsus idi. Almaniya tarixinin ən əsas dönüş nöqtələrindən biri nasist partiyasının meydana gəlməsi və hakimiyyəti ələ almasıdır. Almaniyada nasist partiyasının əsasını 1919-cu ilin yanvarında Anton Dreksler qoymuşdur. Təşkilat əvvəllər Almaniya Fəhlə partiyası, sonralar isə Almaniya nasional-sosialist fəhlə partiyası (NSDAP) adlanmışdı. Nasistlər sosial qrupları əməkdaşlığa çağırır, irqçiliyi, sosial darvinizmi təbliğ edir, güclü totalitar və avtoritar dövlət yaratmaq uğrunda mübarizə aparırdılar. Onların başlıca şüarları "millət, güclü dövlət və güclü rəhbər" idi. Onlar marksizmin və sionizmin qatı düşmənləri idilər. Bununla yanaşı, sosializm ideyalarından istifadə edərək özlərinə geniş sosial baza yaratmağa çalışırdılar. 1921-ci ildən bu partiyaya Adolf Hitler başçılıq etməyə başladı. Siyasi fəallığını artıran NSDAP 1923-cü ildə Pivə qiyamını təşkil etdi. Lakin bu qiyam müvəffəqiyyətsizliyə uğradı. Hitler 5 il müddətinə həbsə məhkum edildi. O, həbsdə Mənim mübarizəm kitabını yazmışdı.

Hitlerin hakimiyyətə gəlişi
1929-1933-cü illər dünya iqtisadi böhranının baş verməsi ilə Almaniyada da sosial-iqtisadi və siyasi vəziyyət gərginləşdi. Vergilər artırıldı, əmək haqqı azaldıldı. Ölkədə millətçilik meylləri gücləndi, kütlələr arasında nasistləri nüfuzu artmağa başladı. Böhran dövründəki çətinliklərdən istifadə edən nasistlər çıxışlar və vədlər ilə kütlələri öz tərəfinə çəkməyə başladılar. Onlar nasist hakimiyyətinin qurulmasını Versal müqaviləsi buxovlarından xilas olmağın, böhrandan qurtulmağın yeganə yolu hesab edirdilər. Nasist təbliğatını dəstəkləyən müxtəlif təbəqələr, həmçinin demokratiyadan yorulmuş gənclər də nasistlərin tərəfdarı idilər.

Belə bir zamanda Almaniyada iki əsas siyasi qüvvə yüksəlməyə başladı. Bunlar Adolf Hitlerin başçılıq etdiyi Alman Nasional Sosialist Fəhlə Partiyası və Ernst Telmanın başçılıq etdiyi Almaniya Kommunist Partiyası idi. Hər iki partiya 1932-ci ildə keçirilmiş parlament seçkiləri zamanı böyük səs çoxluğu yığaraq parlamentdə əksər yerləri əldə etsələr də, koalisiya höküməti qurmaq məsələsində bir razılığa gələ bilmədilər. Bir neçə dəfə onların qurduğu nazirlər kabineti dağıldığına görə nəhayət 30 yanvar 1933-cü ildə prezident Paul fon Hindenburq Adolf Hitleri reyxkansler elan etdi. Bununla da Almaniya və dünya tarixində dərin iz qoymuş Üçüncü Reyx hakimiyyəti başladı.

Hitlerin hakimiyyətinin ilk illərində Almaniya Birinci dünya müharibəsində itirdiyi torpaqları geri əldə etməyə başladı. Belə ki, 1935-ci ildə Saarland, 1936-cı ildə isə Reyn vilayəti Fransadan geri alındı. Almaniyanın iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı, ölkədə işsizlik durmadan azalırdı, bununla paralel Almaniya qalib dövlətlərə ödəməli olduğu təzminat ödənilməsini dayandırdı. Eyni zamanda Almaniya öz ordusunu sürətlə gücləndirirdi. 30-cu illərind axırı üçün Almaniya dünya sənaye məhsulunun 15%-ni istehsal edirdi. Artıq 1939-cu ildə Almaniya Avropanın ən güclü hərbi-sənaye kompleksinə və müasit hərbi texnika ilə silahlanmış orduya malik dövlətlərindən birinə çevrildi. Bunun ardınca 1938-ci ildə Avstriya, 1939-cu ildə isə Çexoslovakiya könüllü şəkildə Almaniyanın tərkibinə daxil oldu. Almaniya 1936-1939-cu illərdə davam edən İspaniya vətəndaş müharibəsində birbaşa olaraq öz müttəfiqi Fransisko Frankonun qoşunlarına dəstək verərək orada da faşist hakimiyyətinin qurulmasına yardım etdi. 1936-cı ildə Almaniya və Yaponiya arasında Anti-Komintern paktı imzalandı. Bu razılaşmaya 1 ildən sonra İtaliya da qoşuldu. 1939-cu ildə isə Almaniya və SSRİ arasında Molotov-Ribbentrop paktı imzalandı. Bu müqaviləyə əsasən Polşa və Baltikyanı ölkələr iki imperialist dövlət arasında bölüşdürüldü. Həmçinin Almaniya və SSRİ 10 il arzində bir-birinə hücum etməmək barədə öhdəlik götürdülər. 1939-cu il sentyabr ayının 1-də Almaniyanın Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı. Ardınca SSRİ də Polşa və Baltikyanı ölkələrə hücum edərək onları işğal etdi.

İkinci dünya müharibəsi illərində
Müharibənin ilk günlərindəcə alman ordusu Wehrmacht böyük uğurlar əldə etdi. Vermaxt çox qısa bir müddətdə Polşanı (1939), Norveçi (1940), Belçika (1940), Hollandiya (1940), Fransanı (1940) işğal etdi. Yalnız Fransanın işğalı zamanı almanlar 30.000 nəfər əsgər itki verdi. Fransa tərəfdən isə ölən əsgərlərin sayı 360.000, əsir düşənlərin sayı isə 2 milyon idi. Xüsusilə Fransanın işğal olunması Almaniyaya çox böyük ərazilər qazandırdı, belə ki Fransanın bütün müstəmləkələri Almaniyanın nəzarəti altına keçdi. Almaniya Böyük Britaniya ilə sülhə girməyə çalışsa da, həmin vaxt almanlara qarşı dərin nifrət bəsləyən Britaniyanın baş naziri Uinston Çörçillin barışmaz mövqedə durması hər iki ölkəni bir-birinə qarşı muharibəyə sürüklədi. Fransanın tutulmasından az sonra Almaniya Britaniyaya qarşı hava hücumuna keçdi. Almanların planı Britaniya adalarını ağır bombardman etdikdən sonra desant qoşunları vasitəsilə bütün adaları tutmaq idi.Britaniya səmasında 3 ay davam edən döyüşlərdə alman hərbi hava qüvvələri məğlubiyyətə uğradı, alman quru qoşunları isə heç vaxt Britaniya ərazisinə daxil ola bilmədilər. Bu Almaniyanın müharibədə ilk ciddi məğlubiyyəti oldu. Bu uğursuzluqdan sonra almanlar britaniyalılara qarşı Atlantik okeanında müharibə etmək taktikasına keçsələr də, burada da ciddi bir uğur əldə etmək mümkün olmadı. 1941-ci ilin başlanğıcında alman ordusu Şimali Afrikaya yeridildi. Burada almanlar ingilis ordusunu dalbadal bir neçə məğlubiyyətə uğradaraq onları Misirin içərilərinə kimi sıxışdırdı. Həmin ilin aprel ayında isə almanların Balkan Yarımadasına hücumu başladı. Burada Bolqarıstan və Rumıniya Almaniyanın müttəfiqləri oldular. Yunanıstan və Yuqoslaviya isə qısa müddət ərzində almanlar tərəfindən tutuldu. Bunun ardınca isə Almaniya Avropadakı bütün müttəfiqləri ilə birlikdə SSRİyə hücuma keçdi. Almanlar SSRİ-yə qarşı müharibənin qısa olacağını təxmin edirdi, onlar 1941-ci ilin Dekabr ayına kimi Həştərxan və Arxangelsk şəhərləri arasındakı xəttə qədər olan bütün əraziləri tutmağı planlaşdırırdı. Hitlerin çıxışında dediyi kimi

Bizə yalnız qapını döyməyimiz lazımdı, bunun ardınca isə ev özü dərhal dağılacaq.

Hitler bu sözləri ilə Sovet imperiyasının yüzlərlə xalqı zorla əsarət altında saxlamasını nəzərdə tuturdu. Alman ordusu ilk günlərdəcə böyük uğurlara imza atdı. Sentyabrda Kiyev, Minsk və Baltikyanı ərazilər tutuldu, Leninqrad şəhəri mühasirəyə alındı. Yeni tutulmuş ərazilərdə yaşayan əhali almanları xilaskar kimi qarşıladı. Sovet ordusunda zorla döyüşməyə məcbur edilən və ruslar tərəfindən çox pis rəftara məruz qalan sovet ordusunun qeyri-rus əsgərləri kütləvi şəkildə alman ordusunun tərəfinə keçirdilər. Müxtəlif hesablamalara görə 1-1.5 milyon sovet əsgəri alman ordusunun tərəfinə keçmişdi. Lakin almanların hücumları Moskva ətrafındakı döyüşdə dayandırıldı. Bu döyüşdə almanların məğlubiyyətinin əsas səbəblərindən biri kəskin soyuq hava olsa da, digər bir səbəb ABŞ və Böyük Britaniyanın SSRİ-yə çox böyük miqdarda hərbi-texniki və ərzaq cəhətdən yardım etməsi oldu.
1941-ci ilin sonunda həmin dövrdə dünyada ən güclü iqtisadiyyata malik ölkə olan ABŞ-ın Almaniya və Yaponiyaya qarşı müharibə elan etməsi almanların vəziyyətini bir qədər də çətinləşdirdi. Lakin 1942-ci ilin əvvəlində alman ordusu yenidən rusları bir neçə döyüşdə ağır məğlubiyyətə uğradaraq Rusiyanın cənubuna və Qafqaza doğru irəliləməyə başladı. Lakin həmin dövrdə almanların Şimali Afrikada baş verən El Alameyn döyüşündə ingilis ordusuna məğlub olmaqları onların vəziyyətini daha da çətinləşdirdi. Bu döyüşün ardınca Rusiyanın cənubunda Stalinqrad və Qafqaz uğrunda gedən döyüşlərdə məğlub olan almanlar getdikcə qazandıqları əraziləri itirməyə başladılar. 1943-cü ildə Almaniyanın yaxın müttəfiqi İtaliya düşmən tərəflə razılığa gələrək almanlara qarşı müharibə elan etdi. 1945-ci ildə Almaniya qəti olaraq məğlubiyyətə uğradı. İkinci dünya müharibəsi Almaniyaya baha başa gəldi. 12 milyon nəfər alman bu müharibədə öldürüldü, ölkə iqtisadiyyatı tamamilə dağıdıldı. Xüsusilə Sovet ordusunun əsgərləri işğal etdiyi Şərqi Almaniyada böyük dağıntılar törədir, dinc əhalini qırır, alman qadınlarını kütləvi şəkildə zorlayırdı. Şərqi Almaniya həmin dövrdə məruz qaldığı dağıntılardan indiyə kimi tam özünə gələ bilməmişdir.

Müharibədən sonrakı Almaniya
Müharibə milyonlarla almanın ölümünə səbəb oldu, çox böyük ərazilər Almaniyadan qoparıldı, təxminən 15 milyon alman qonşu ölkələrdən qovuldu. Demək olar ki, bütün şəhərlər və iri sənaye müəssisələri dağdıdıldı. Almaniyanın yerdə qalan əraziləri işğalçı 4 ölkə (ABŞ, Böyük Britaniya, Fransa və SSRİ) arasında hərbi ərazilərə bölündü. Buna uyğun olaraq Berlin şəhəri də həmçinin 4 işğalçı ölkələr arasında uyğun zonalara ayrıldı. ABŞ, B.Britaniya və Fransa tərəfindən nəzarət olunan 3 qərbi ərazi 1949-cu il Mayın 23-də vahid dövlətdə birləşdirildi. Yeni dövlət Almaniya Federativ Respublikası adlanırdı. Buna cavab olaraq SSRİ nəzarət etdiyi ərazilərdə başqa bir dövlətin, Almaniya Demokratik Respublikasının yarandığını elan etdi (7 Oktyabr 1949-cu il). Həmin dövlətlər dünyada formal olaraq "Qərbi Almaniya" və "Şərqi Almaniya" kimi tanınırdılar. Şərqi Almaniya öz paytaxtı kimi Berlin şəhərinin şərq sektorunu seçdi, Qərbi Almaniyanın paytaxtı isə Bonn şəhəri elan olundu. Lakin Qərbi Almaniya Bonn şəhərini müvəqqəti paytaxt elan etmişdi, bunun arxasında Almaniyanın nə vaxtsa vahid bir dövlətdə birləşdirilməsi və Berlinin vahid paytaxt elan edilməsi məqsədi dururdu. Qərbi Almaniya 1950-ci ildə NATO-nun və 1957-ci ildə Avropa Birliyinin üzvü olmuşdur.


Tarix: 26.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 911 Bölmə: Almaniya tarixi
loading...