beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Auqust Landmesser

Auqust Landmesser (almanca: August Landmesser; 24 may 1910 - 17 oktyabr 1944. Ölümü 1 oktyabr 1949-cu ildə rəsmən açıqlanmışdır) - kütlə psixologiyasına uymazlıq simvolu və qorxu üzərində qurulmuş zorakı idarəçiliklə barışmazlığın real personajı. Almaniyanın Hamburq şəhərində Blohm+Voss tərsanəsində fəhlə işləyib, 13 iyun 1936-cı ildə "Horst Wessel" adlı döyüş gəmisinin təqdimatında çəkilmiş fotosayəsində nasist salamı verməyən yeganə adam kimi məşhurlaşıb.
Bioqrafiya
Auqust Frans Landmesser və Vilhelmina Maqdalinanın tək övladı olmuşdur. Ana xəttindən olan qohumları ilə birlikdə iş tapmaq ümidilə 1931-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasına (NSAFP, Nasist Patiyası) üzv olmuşdur. 1935-ci ildə yəhudi mənşəli İrma Eklerlə nişanlandığına görə partiyadan xaric edilmişdir. Bir ay sonra irqi təmizləmə haqqında Nürnberq qanunları qəbul edilmiş, dolayısı ilə Hamburq şəhərinin VVAQ idarəsi almanların yəhudilərlə evlənməsini təsdiqləməmiş olurdu.

29 oktyabr 1935-ci ildə qızı İnqrid doğulmuşdur. 1937-ci il iyul ayının əvvəllərində Auqust qanunsuz yolla Danimarkaya keçmək istəmiş, lakin sərhəddə yaxalanaraq, müvəqqəti nəzarətdə saxlanmışdır. Bu zaman arvadı İrma ikinci uşağa hamilə idi. 6 avqust 1937-ci ildə İren adlı ikinci qız övladları dünyaya gəlmişdir. Auqust yəhudi ilə evləndiyinə görə öz irqinə qarşı sayğısızlıqda ittiham edilirdi. 15 sentyabr 1937-ci ildə Hamburqdakı Fulsbüttel cərimə müəssisəsində həbsə salınmışdır. Auqust məhkəməni inandıra bilmişdi ki, İrma ilə nişanlanarkən onun təmiz yəhudi olduğunu bilmirmiş. 28 may 1938-ci il tarixli qərarla həbsdən azad edilərək, arvadı İrma ilə əlaqəni davam etdirəcəyi təqdirdə uzunmüddətli katorqa işlərinə cəlb olunacağı ilə xəbərdar edilmişdi.

Buna baxmayaraq, Auqust arvadı ilə əlaqəni kəsməmiş, hətta onunla bir yerdə camaat arasına çıxmaqdan da çəkinmirdi. Ona görə də 15 iyul 1938-ci ildə yenidən həbs olunaraq, 2,5 il müddətinə Emslanddakı Börgermoor əmək düşərgəsində həbsə alınıb.

3 gün sonra gestapo Auqustun arvadı İrmanı irqi hörmətsizlikdə günahlandıraraq tutmuşdur. İrma Fulsbüttel cərimə müəssisəsinə salınmış, oradan Oranienburqdakı konslagerə (irqi ayrı-seçkiliyə məruz qalanları toplama məntəqəsi), sonra Lixtenburqdakı qadın konslagerinə, nəhayət, Ravensbryukdakı qadın konslagerinə salınmışdır. İrma 1942-ci ilin fevralında Bernburqa müalicə üçün göndərildiyi halda, 14.000 dustaqla birlikdə orada öldürülmüşdür.

Qızları İnqrid və İren uşaq evlərinə verilmişdi. Ana nənəsi böyük qızı götürüb saxlamağa müvəffəq olmuşdu. Kiçik qız isə 1941-ci ildə başqa bir ailədə övladlığa verilənədək uşaq evində qalmışdı. Nənəsinin ölümündən sonra 1953-cü ildə İnqrid də başqa ailə tərəfindən övladlığa götürülmüşdür. İnqrid satıcı, kiçik bacısı İren isə əvvəl mühasib, sonra müəllim işləmişdir.

19 yanvar 1941-ci ildə Auqust Landmesser həbsdən azad edildikdən sonra "Püst" daşıma şirkətində baş usta işləmişdir. 1944-cü ildə cərimə batalyonuna salınmışdır. Sonra itkin düşdüyü elan edilmişdir. Ehtimal olunur ki, 17 oktyabr 1944-cü ildə 999-cu atıcı piyada batalyonunun tərkibində olarkən Xorvatiyadakı döyüşlərin birində öldürülmüşdür. Arvadı Ekler kimi onun da öldürülməsi haqda rəsmi açıqlama 1949-cu ildə verilmişdir.

Auqustla İrmanın nikahı 1951-ci ildə Hamburq Senatı tərəfindən təsdiq edilmişdir. Nəticədə böyük qız İnqrid atasının Landmesser soyadını götürə bilmişdi. İren isə Ekler soyadında qalmağa davam etmişdi.


Tarix: 26.02.2015 / 19:12 Müəllif: Feriska Baxılıb: 389 Bölmə: Almaniya tarixi