beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nürnberq prosesi

Hadisələr
Nürnberq prosesi, İkinci Dünya Müharibəsinin qalib Müttəfiq dövlətləri tərəfindən məğlubiyyətə uğradılmış Nasist rejminin öndə gələn şəxsiyyətlərini mühakimə etmək üçün 1945-1949-cu illərdə qurduqları məhkəmədir. Bu məhkəmələr, İkinci Dünya Müharibəsindən sonra Soyuq Müharibənin hələ tam olaraq ortaya çıxmadığı, hüquqiliyin ön planda olduğu dönəmdə Nasist rejiminin şok edici vəhşətlərinə bir reaksiya olaraq qurulmuşlardır. Hərbi məhkəmələr ABŞ, İngiltərə, Fransa və Rusiyanın hakimlərindən təşkil olumuşdu və mühakimə edilən öndə gələn şəxsiyyətlər arasında Martin Borman, Rudolf Hess, Yoahim von Ribbentrop var idi. Bu insanlar ve nasist liderləri dört cinayətlə ittiham olunurdular: 1)Sülhə qarşı sui-qəsd 2)Sülhə qarşı cinayətlər 3)Müharibə cinayətləri 4) İnsanlığa qarşı cinayətlər Ən məhşur olan birinci məhkmədə en yuxarı pillədəki 22 nasist lider mühakimə olundu; 12 nəfər ölüm cəzası, 7 nəfər həbs cəzası aldı, 3 nəfər isə sərbəst buraxıldı. Bu məhkəmənin ardından ümumilikdə 177 nəfərin mühakimə olunduğu 12 məhkəmə daha reallaşdırıldı, 24 nəfər ölüm cəzasına məhkum olundu.

Ələsgər Məmmədov və Nürnberq prosesi
Azərbaycanda ərəbşünaslıq məktəbinin əsasını qoymuş Ələsgər Məmmədov SSRİ Xarici İşlər Nazirliyinin xətti ilə 1945-ci ilin dekabr ayından 1946-cı ilin fevral ayınadək Nürnberq Beynəlxalq Hərbi Tribunalında alman dili tərcüməçisi kimi iştirak etmişdir. O, həmin prosesdə iştirak edən yeganə azərbaycanlı olmuşdur.
Ələsgər Məmmədov Nürnberq prosesi haqqında müsahibələrindən birində bildirirdi ki, mühakiməyə 24 nəfər baş hərbi cani cəlb edilmişdi. Lakin müttəhimlər kürsüsündə yalnız 21 cani oturmuşdu. Baş canilərdən Qustav Krupp sağalmaz xəstə idi, Robert Ley özünü öldürmüş, Martin Borman isə yoxa çıxmışdı. Nürnberq Beynəlxalq Hərbi Tribunalı 1945-ci il noyabrın 20-dən 1946-cı ilin oktyabrın 1-nə kimi davam etmişdi. Məhkəmənin 403 açıq iclası olmuş, 116 şahid və 143 yazılı ifadə dinlənilmiş, 200 mindən artıq sənəd araşdırılmışdı.

Cinayətlərin törədilməsində baş canilərlə yanaşı, Nasist Partiyası, ali dövlət orqanları, eses dəstələri, ordu, gənc hitlerçilər təşkilatı və b. günahlandırıldı. Onlara qarşı ittihamlar tutarlı faktlarla sübut edildi. Baş hərbi canilər haqqında hökm 1946-cı il 30 sentyabrdan 1 oktyabra keçən gecə elan olundu. Canilər bir-bir çağrılır və hökmü dinləyirdilər.

Nürnberq prosesi 11 ay davam etmiş, Ələsgər Məmmədov isə orada 2 ay yarım - 11 dekabr 1945-ci ildən 20 fevral 1946-cı ilə kimi iştirak etmişdir. Alim bu barədə bildirmişdir ki, əsas işim alman dilindən rus dilinə yazılı şəkildə sənədlər tərcümə etmək idi. Bəzən istintaqları tərcümə etməyə çağırılırdım. Böyüklü-kiçikli 30-dan artıq sənəd tərcümə etdim.

Ələsgər Məmmədov Nürnberq prosesi haqqında qeyd edirdi ki, əvvəl-əvvəl müttəhimlər məhkəmə iclaslarında çıxış edən İngiltərə, Amerika və Fransanın nümayəndələrini diqqətlə dinləyir, SSRİ-dən olan nümayəndələrə isə etinasız yanaşırdılar. Çox keçmədi bizim nümayəndə heyətinin gətirdiyi tutarlı dəlillər müttəhimləri onlara xüsusi diqqətlə qulaq asmağa məcbur etdi. Salonda müttəhimlərin oturduqları yerlə mənim oturduğum yer çox yaxın idi. Gerinq 2-3 addımlığımda əyləşmişdi. O çox vaxt çənəsini qarşıdakı söykənəcəyə söykəyərdi, R.Hess əzilib-büzülərdi, Rozenberq dırnaqlarını çeynəyərdi. Müttəhimlər içərisində V.Keytel daim nəsə yazar, yazmayanda isə qələmin başını ağzında saxlayardı. Y.Ştreyxer demək olar ki, həmişə mürgələyər, K.Dyonits, E.Reder və Q.Şaxt isə özlərini çox ciddi aparırdılar.

Ələsgər Məmmədov müsahibəsində belə bir faktı da xatırladır: 1943-cü ildə Sovet ordusu tərəfindən əsir alınmış 6-cı ordunun komandanı feldmarşal Fon Paulus şahid kimi məhkəmə salonuna girəndə müttəhimlər əvvəl-əvvəl bərk həyəcanlandılar. Onlar inana bilmirdilər ki, Paulus özünü öldürməyib, sağdır (Almaniyada söz yayılıbmış ki, o özünü öldürüb). Lakin tədricən müttəhimlərin üzündəki bu həyəcan nifrətlə əvəz olundu.

Qeyd etmək lazımdır ki, Nürnberq prosesində iştirak edərkən Ələsgər Məmmədovun 26 yaşı var idi.


Tarix: 26.02.2015 / 19:17 Müəllif: Feriska Baxılıb: 278 Bölmə: Almaniya tarixi