beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Natalya Varley

Natalya Vladimirovna Varley (rus. Наталья Владимировна Варлей) — Rusiyanın teatr və kino aktrisası.

Həyatı

Natalya Vladimirovna Varley 1947-ci ildə Rumıniyada anadan olmuşdur.

Varleyin uşaqlıq illəri Murmanskda keçmişdir. Hələ 4 yaşında müxtəlif şeirlər yazmağa başlayan Natalya sonralar həm rəsmlər çəkmiş, həm də musiqi məktəbinə daxil olmuşdur. Oxumağı öyrənən kimi bir-birinin ardınca çoxlu kitablar oxuyur. Elə həmin vaxtlar onda revmokardit xəstəliyi aşkar olunur. Buna görə də Natalyaya bədən tərbiyəsi ilə məşğul olmaq da qadağan edilir.

1950-ci illərin sonunda Varley ailəsi Moskvaya köçür.

Bir gün anası Natalyanı sirkə aparır. Natalya kassada 11-13 yaşlı uşaqların uşaq sirk studiyasına dəvətilə bağlı elan görür. Növbəti gün qız valideynlərindən gizlin olaraq göstərilən ünvana gəlir. Həmin studiyanın pedaqoqları onu qəbul edirlər. Beləliklə, Natalya Varley 1965-ci ildə Dövlət sirk və estrada sənəti məktəbini bitirərək Moskva sirkinin Rəngli bulvardakı truppasına qoşulur. Orada ekvilibrist kimi çalışmağa başlayır.

İş elə gətirir ki, bir gün Natalya məşhur kloun Leonid Yengibarovla çıxış edir. Natalyanın kinoya gəlişinin əsas səbəbkarı da məhz Yengibarov olur. Onun yaxın dostlarından biri Georgi Yunqvald-Hilkeviç Odessa kinostudiyasında rejissor kimi çalışırdı. 1966-cı ildə o, sirkin yeni təqdimetməsinə gəlir və təsadüfən orada Natalyanı görür. Varley rejissorun o qədər xoşuna gəlir ki, elə o andaca onu çəkəcəyi yeni "Göy qurşağının formulu" filminə dəvət edir. N. Varley razılaşır və ona epizodik tibb bacısı rolu həvalə olunur.

Onun bütün SSRİ-də tanınmasına isə sayca 2-ci çəkildiyi "Qafqaz əsiri" filmi səbəb olur. Həmin filmdə ona əsas qadın obrazı olan idmançı, komsomolçu və gözəl Nina rolu verilmişdi. Filmin quruluşçu rejissoru Leonid Qaydayın həyat yoldaşı xatırlayır ki, Qayday Nina obrazına olduqca böyük sayda aktrisa sınamışdı. Lakin Natalyanın qeyri-adi cazibəsi və gənclik səmimiyyəti rejissoru məhz onu seçməyə vadar edir. Film böyük müvəffəqiyyət qazanır və Varley ağlasığmaz məşhurluqla qarşılaşır.

Natalya Varley 1967-ci ilə qədər Moskva Dövlət Sirkində çalışır və 1971-ci ildə Şşukin adına teatr məktəbini bitirir. 1971-1978-ci illərdə K.S. Stanislavski adına Moskva dram teatrının aktrisası olmuşdur.

1971-ci ildə tanınmış rus aktyoru Vyaçeslav Tixonovun oğlu Vladimir Tixonovla ailə həyatı qurmuşdur. Bu izdivacdan onların Vasiliya adlı oğulları dünyaya gəlmişdir. 1980-ci illərdə Ədəbiyyat institutuna daxil olmuş və 2-ci kursda oxuyarkən ikinci oğlu anadan olmuşdur.

Filmoqrafiya
Göy qurşağının formulu (1966)
Qafqaz əsiri və ya Şurikin yeni macəraları (film, 1966)
Viy (1967)
Qızıl (1969)
Qaçış (1970)
12 stul (film, 1971)
Üç gün Moskvada (1974)
Böyük attraksion (1975)
Bu gün və ya heç vaxt (1976)
Kloun (1980)
Köhnə məktub (1981)
Yeganə kişi (1981)
Gənclik səhvi (1989)
Yad oyun (1992)
Zümrüd şəhərinin sehrbazı (1994)
12 ay (2005)


Tarix: 23.02.2013 / 16:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 345 Bölmə: Aktyorlar