beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tosiro Mifune

Tosiro Mifune (yap. 三船 敏郎) — Yaponiya aktyoru.

Həyatı

Tosiro Mifune 1 aprel 1920-ci ildə Çin Respublikasının Sindao şəhərində yapon ailəsində anadan olmuşdur. Onun atası Tokudzo Mifune tacir olmaqla yanaşı, bir fotoatelyenin sahibi idi. Tosiro ailəsinin 1925-ci ildə köçdüyü Dalyan şəhərində böyüyür. Gəncliyində Tosiro öz atasının fotoatelyesində işləyirdi. 20 yaşına qədər Çində yaşamasına baxmayaraq, bir yapon vətəndaşı kimi Yaponiya ordusunda xidmətə çağırılmışdı.

1946-cı ildə Mifune ordudan tərxis edilir və o, Tokioya gəlir. O, operator köməkçisi kimi "Toho" kino şirkətində işə girir. Bu zaman baş vermiş tətildən sonra kinostudiyadan böyük aktyor qrupu çıxıb getmişdi. Beləliklə, kinostudiya "yeni sima" axtarışına çıxır. Buraya 4000-dən artıq insan qatılır. Mifune isə rejissor Kadziro Yamamotonun diqqətini cəlb edir. Elə bu müsabiqədə Tosiro Mifune aktrisa Satiko Yosimine ilə tanış olur. Sonradan (1950-ci ildə) bu tanışlıq onların evliliyinə gətirib çıxaracaqdı.

Mifunenin iştirakı ilə çəkilən ilk 2 film 1947-ci ildə ekranlara çıxmışdır. Bu filmlər Kadziro Yamamotonun "Yeni səfehlərin zamanı" və Sengiti Taniqutinin "Gümüşü dağların arxasında" idi.

İkinci filmin çəkilişlərində o, Akira Kurosava ilə tanış olur. 1948-ci ildə Akira Kurosavanın çəkdiyi və Tosiro Mifunenin baş rolda oynadığı "Sərxoş mələk" filmi ekranlara çıxır. Elə bu filmdən sonra Kurosava və Mifunenin çoxillik əməkdaşlığı başladı. Mifuneyə beynəlxalq şöhrət gətirən rol isə 1950-ci ildə "Rasyomon" filmində ifa etdiyi quldur Tadzyomaru rolu olmuşdur.

1951-ci ildə Akira Kurosava Dostoyevskinin "İdiot" romanını ekranlaşdırır. Burada Mifune tacir Roqojin obrazının yapon variantını ifa edir. "Yeddi samuray" isə həm Kurosavanın, həm də Mifunenin yaradıcılığında olduqca vacib olan filmə çevrilir. Filmdə 7 samurayın kəndi quldurlardan qorumalarından bəhs olunur. Mifune burada yalançı samuray Kikutiyo rolunu canlandırmışdı.

Mifune bir çox başqa rejissorların da filmlərində rol almışdır. Lakin gündən-günə uğurları artan Kurosava-Mifune əməkdaşlığı nəticəsində "Qan üstündə hakimiyyət", "Gizli qalada üç əclaf", "Cangüdən" kimi növbəti ekran əsərləri ortaya çıxdı. 1962-ci ildə aktyor "Mifune prodakşn" (Mifune Production) şirkətini yaradır.

Mifunenin Akira Kurosava ilə sonuncu işi "Qırmızı saqqal" (1965) filmində olur. Onların arasında yaranmış ziddiyyət bu gözəl əməkdaşlığa son qoyur. Məsələ burasında idi ki, Tosiro Mifune samuray obrazından yenidən istifadə etmək istəyirdi. Kurosava isə onun bu təklifilə qəti razılaşmırdı.

1960-cı illərin əvvəllərində Mifune fəal surətdə Avropa və Amerika kinosunda çəkilməyə başlayır. Terens Yanqın "Qırmızı günəş" vesternində (1971) o, səfir olan yapon samurayını canlandırmışdı. Bu filmdə onun tərəf-müqabili məşhur aktyor Alen Delon idi. 1979-cu ildə o, Stiven Spilberqin "1941" satirik komediyasında yapon sualtı qayığının komandiri rolunda çəkilir.

1992-ci ildə Tosiro Mifune ürəyi ilə bağlı ciddi problemlərə yaşamağa başladı. Bu hadisədən sonra o, bir daha kinoda çəkilmədi. Aktyor Tosiro Mifune 1997-ci ildə vəfat etdi. Onun dəfn mərasimi "Toho", "Mifune Production" və "Kurosawa Production" şirkətləri tərəfindən həyata keçirildi.

Filmoqrafiya
Yeddi samuray (film, 1954) / 七人の侍
Gizli qalada üç əclaf (film, 1958) / 隠し砦の三悪人
Cangüdən (film, 1961) / 用心棒
Qırmızı günəş (film, 1971) / Red Sun


Tarix: 07.02.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Aktyorlar