Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cabbar Qaryağdıoğlu

Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart, 1861 – 20 aprel, 1944) — xanəndə, bəstəkar, musiqi xadimi. Azərbaycanın xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.

Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.Mündəricat
1 Həyatı
2 Adlar və mükafatlar
3 Filmoqrafiya
4 Ədəbiyyat
5 Həmçinin bax
6 Mənbə
7 Xarici keçidlər
8 Şəkillər


Həyatı

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.

Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.


Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu.

Xanəndənin ifaçılığı "Heyratı" muğamında da yüksək qiymətləndirilmişdir. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, Mirzəhüseyn, Hacı Hüsü, Məşədi İsi, Səttar, Mirzə Məmmədhəsən, Əbdülbaqi, Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər.

Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.

Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2-3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".

Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.

Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.

Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.

Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirrləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.

Cabbar Qaryağdıoğlu və Bülbül
Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.
Şuşada 1906-ci ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şer həsr etmişdi.
Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır...
XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.

Adlar və mükafatlar
Azərbaycan Xalq Artisti (1935)
"Şərəf Nişanı" Ordeni

Filmoqrafiya
Neft və milyonlar səltənətində (film, 1916)-Xanəndə (Tammetrajlı Bədii Film)
Məhəmməd Füzuli (film, 1958)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
Məclisi üns (film, 2006)
Muğamat var olan yerdə... (film, 2009)

Ədəbiyyat
Şuşinski F. Azərbaycan xalq musiqiçiləri.- B., 1985.
Şuşinski F. Cabbar Qaryağdı oğlu: Monoqrafiya.- B.: İşıq,1987 -128s.
Шушински Ф. Народные музыканты и певцы Азербайджана.- M., 1979.
Bəkir oğlu Sayyədin. C.Qaryağdıoğlu toyda //Ədəbiyyat və incəsənət.-1990.-14 sent.- S.5.
Əbdülqasımov F. Qüdrətli sənətkar //Qarabağ .- 1991- 21 iyun.
Məhəmədoğlu F. Unudulmaz sənətkar //Azərbaycan gəncləri.- 1987.- 12 fevr.
Musiqi korifeyləri // Müxalifət .- 2002.- 11 may.- S.16.
Rzayeva V. Uğursuz mərsiyəxan, dünya şöhrətli xanəndə //Yeni Azərbaycan .- 1999.- 26 mart.
Çərkəzqızı S. "O tək xanəndə deyildi" /Sənətkarın qızı Şəhla xanımla müsahibə/ //Millət. –1997.-3 apr.
Şuşinski F. Xalq sənətkarı: C. Qaryağdıoğlu–125 //Ədəbiyyat və incəsənət.- 1987.- 6 fevr.- S.7.
Şuşiniski F. Görkəmli xanəndə //Bakı .- 1987.-11 fevr.


Tarix: 31.01.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Aktyorlar
loading...