beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

I Axsitan - Fəaliyyəti

I Axsitanın hökmranlıq illəri Şirvan dövlətinin iqtisadiyyatının böyük yüksəlişi, şəhərlərinin çiçəklənməsi, sənətkarlığın və ticarətin inkişaf dövrü kimi qeyd edilir. Həmin dövr ölkədə nisbi əmin-amanlıq, Axsitanın anası şahbanu Tamar vasitəsilə qohum olduğu qonşu Gürcüstanla sülh və müttəfiqlik münasibətləri dövrü idi. Vassallıq vəziyyəti ilə bir araya sığmayan bu dostluq və müttəfiqlik münasibətləri Xaqaninin əsərlərində, xüsusilə onun bu yaxınlarda Təbrizdə dərc olunmuş məktublarında əksini tapmışdır. Xaqani h.571 (1176)-ci ilin şəvval ayınadək Şamaxıda olmuş, Şirvanın mədəni və ədəbi həyatında fəal iştirak etmişdir. Xaqaninin bu yaxınlarda tapılmış məktublarından birində Axsitanın siyasi fəaliyyəti açılıb göstərilir.

Həmin məktub Xaqani Şirvanı tərk etdikdən sonra səfərə çıxan Şirvanşah Cəlal əd-Din Axsitanın Akuran Kurandan (Gürcüstanla sərhəddə, Şəki yaxınlığında kənd) yazdığı məktuba Xaqaninin cavabı idi. Xaqani xəbər verir ki, Şirvanşahın Şəkidən Abxaza (Gürcüstana) doğru hərəkət etdiyini eşitmişdir. Abxazda olan Axsitanın məktubuna cavab olan ikinci məktubdan aydınlaşır ki, Axsitan oraya gürcü hökmdarı III Georginin hakimiyyətindən narazı olan və onu taxtdan salmaq istəyən feodal və əyanları, qiyam qaldırmış şahzadə Dyomnanı sakitləşdirmək üçün getmişdir. Axsitan Gürcüstana seçmə Şirvan qoşunu ilə getmiş və göründüyü kimi, gürcü hökmdarının sarayında qayda-qanunu bərpa etməklə Baqratilər dövlətini süquta uğramaqdan xilas etmək üçün təkcə güc deyil, həm də diplomatiya işlətməli olmuşdu. .Axsitan I Demetrinin Gürcüstanda hakimiyyəti dövründə Şəki "kafirlərinin, ehtimal ki, xristian əhalinin köməyilə gürcü hökmdarı tərəfindən işğal olunmuş Şəkiyə getdi. .Lakin, məktubdan göründüyü kimi, Axsitanın hakimiyyəti dövründə Şəki yenidən Şirvan dövlətinin tərkibinə daxil edilmişdi. Beləliklə, Axistanın h.569 (1173/4)-cu ilin sonunda Gürcüstana yürüşü mükəmməl hazırlanmışdı.

O, seçmə qoşunu ilə bir həftə Akuran Kuranda dayandıqdan sonar Şəkinin cənubundan Abxaza yollandı. Burada onun cəsur döyüşçüləri güclü zərbə ilə qiyamçıları məğlubiyyətə uğratdı. Axsitan qoşunla Gürcüstana ölkəni işğal etmək deyil, bir müttəfiq kimi, qohumu hökmdar III Georgiyə taxt-tacını saxlamaqda kömək etmək məqsədilə getmişdi. III Georginin bacısı qızı İsmət əd-Din Axsitanın arvadı idi. Axsitan qonşuları ilə münasibətdə çox ağıllı və ehtiyatlı siyasət yeridirdi. O, İraq səlcuqilərinin daha güclü olduğunu görüb, ona xərac verir və zərb etdirdiyi sikkələrdə səlcuq sultanlarının da adını çəkirdi.
Lakin bu vassalıq formal xarakter daşıyırdı və Şirvanşahlar XII əsrin ikinci rübündən monqol basqınlarına qədər güclü mərkəzləşdirilmiş dövlətin tam səlahiyyətli və müstəqil hökmdarı olmuşlar. Axsitan kimi, sonrakı Şirvanşahlar da öz dövlətlərinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verirdilər. Mənuçöhr, Axsitan və onların varisləri dövründə Şirvanda, Şamaxıda, Bakıda və Abşeronda dövrümüzədək gəlib çatmış bir sıra qala, qəsr, divar və qala istehkamları tikilmişdir. Bununla Dərbəndin və Gürcüstanın Şirvana qarşı daim mövcud olan hücum təhlükəsi aradan qaldırıldı, habelə, Axsitanın Dərbənd arxasındakı Dəşt-i Qıpçaq çöllərində və Gürcüstanda yaşayan və Şirvana düşmən münasibət bəsləyən qıpçaqlar üzərində nüfuzu möhkəmləndi. Şirvanşahlarla Eldəgəzlər arasındakı qarşılıqlı münasibətlərə dair daha sonrakı –XVI əsr mənbələrində məlumat verilir. Həmin mənbələrdə göstərilir ki, "Səlcuqi II Toğrulun qardaşı sultan Məsud (h.529-547 (1134-1152)-ci illər) Atabəy Şəms əd-Din Eldəgəzi (h.531-571 (1136-1175)- illər) qoşunun bir hissəsi ilə Arrana göndərdi və o, qısa müddətdə Arran, Gəncə, Şirvan və Bakını bütövlükdə zəbt etdi..."

Lakin Hadi Həsən X. F. Əhmədrozun əsərinə istinad edərək Eldəgəzin nə vaxtsa Şirvanşaha qarşı çıxıb, onun ərazisini tutduğuna şübhə ilə yanaşır. Ehtimal ki, Eldəgəz və sonralar Qızıl Arslan Şirvanı həqiqətən tutmuşlar. Lakin bu, Eldəgəzin gürcülər üzərinə məlum hərbi səfərlərində gürcü qoşunlarını darmadağın edərək Qafqaz ölkələrini işğal etdiyi vaxtlar olmuşdur." Gürcü hökmdarları o vaxtlar Cənubi Qafqazın nüfuzlu və güclü dövlətlərindən olan Şirvan dövləti ilə müttəfiq olmaqda maraqlı idilər. Belə ki, onlar Şirvanşahların simasında XII əsrdə dəfələrlə Gürcüstana hücum etmiş səlcuqilər və Atabəylərlə uzunmüddətli mübarizələrində özlərinə istinadgah axtarırdılar. Bu mürəkkəb xarici siyasi vəziyyətdə Axsitan dayısı oğlu və arvadının dayısı olan gürcü hökmdarı III Georgiyə həlledici yardım göstərdi. "Kartlis tsxovreba"da I Axsitanın gürcü hökmdar evi ilə əlaqələri əksini tapmışdır. Gürcü salnaməsi xəbər verir ki, "Movakanın, Şirvanın və Dərbənddən Xalxala qədər dəniz sahilinin hökmdarı Aqsartan (Axsitan) Georgiyə (1156-1184) oğul münasibəti bəsləyirdi. Çünki o, böyük hökmdar Davidin bu ölkələrə ərə verdiyi bibisi Tamarın oğlu idi. Dərbənd xəzərləri bu Şirvanşahı sıxışdırmağa başlayanda, o, kömək üçün hökmdara müraciət etdi, hökmdar Lix dağlarının hər iki tərəfindən qoşun topladı, yunan imperatorunun qardaşı Androniki də özü ilə götürüb, Dərbənd qapısından keçərək Müşkür, Şarabama (Şəbəran) mahallarını viran etdi və Şaburan (Şəbəran) şəhərini aldı.Hökmdar şəhərin qapıları qarşısında olarkən Andronik onun və bütün qoşunun diqqətini cəlb etdi. Georgi şəhəri dayısı oğlu Şirvanşaha verdi."
Bu vaxt Bizans imperatorunun qardaşı, III Georginin bibisi oğlu və Axsitanın xalası oğlu Andronik Komnen arvadı və uşaqları ilə Şirvanla Gürcüstan sərhəddində qonaq idi. Onlar Axsitanla birlikdə Şirvan-Gürcüstan qoşunun başında duraraq, rusların və qıpçaqların Şirvana basqının dəf olunmasında fəal iştirak etdilər. Gürcü salnaməçisi bu müharibədə Axsitanın və Şirvan qoşununun həlledici rolunun üstündən sükutla keçərək, qələbəni bütövlükdə Georginin və Andronikin igidliyi ilə bağlayır. Həmin hadisələr Xaqaninin I Axsitana həsr olunmuş və onun qələbəsini tərənnüm edən üç mədhiyyəsində də əksini tapmışdır. Həmin şeirlərdə Xaqani Volqadan keçib gələn rus dəniz quldurlarının basqınından danışaraq deyir ki, onlar 73 gəmi ilə Ruinas (Sarı) adasına yaxınlaşıb, lövbər saldılar, sonra Kür çayı ilə üzüyuxarı qalxaraq Ləmbərana gəlib çıxdılar. Eyni vaxtda, qıpçaqlar Dərbəndi ələ keçirdilər və cənubdan irəliləyərək Şəbəran qalasını tutdular. Zavallı Axsitan, kömək üçün III Georgiyə müraciət etmişdir. Gürcü-Şirvan qoşunları ilə birlikdə işğalçıları rnəğlubiyyətə uğradaraq Şirvandan qovmuş, donanmalarını isə məhv etmişdilər. Qıpçaqlar da məğlub edildilər. Axsitan Dərbəndi və Şəbəranı geri aldı və onlar yenidən Şirvanşahın torpaqlarına daxil olundular. Həmin mədhiyyələrin birində Xaqani deyir:

Böyük xaqanimiz Əbülmüzəffər,
Zəfərçalanların önündə gedər.
Xəzran ordusuna qələbə çalmış,
Boynuna Xizərən kəməndi salmış...
Göylər qılıncına göstərdi mədəd,
Fəth oldu əliylə Şəbəran, Dərbənd.

Şirvana edilən bu basqın Axsitanın hakimiyyət dövrünün mühüm hadisələrindən biri olub, h.570 (1174/5)-ci ildə baş vermişdir.

Axsitanın gürcü xanədan evi ilə əlaqələri sonralar da davam etmişdir. Xaqaninin Təbrizdən gürcü hökmdarına göndərdiyi məktubdan aydın olur ki, III Georgi h.573 (1177/8)-cü ilin əvvəlində Şamaxıda Axsitanın sarayında qonaq olmuş, burada dostluq haqqında müqavilə imzalayıb Gürcüstana qayıtmışdır. III Georgi 1184-cü ildə öldükdən sonra Axsitan onun hakimiyyətə keçmiş qızı Tamarla qohumluq və müttəfiqlik münasibətlərini davam etdirirdi. "Kartlis tsxovreba"da yazıldığına görə Tamar birinci əri rus knyazı Georgidən boşandıqdan sonra, təqr. H.582 (1187)-ci ildə onunla evlənmək istəyənlər arasında "ona dəlicəsinə vurulmuş Şirvanşah Axsartan" da elçi gəlmişdi.
Lakin Tamar bu təklifı rədd etdi və tezliklə gənc osetin knyazı David Soslana ərə getdi. Axsitan bu vaxtlar artıq cavan deyildi, ehtimal ki, yaşı 60-ı keçmişdi. Hakimiyyətinin ilk on ilində nikahla Dərbənd əmiri və gürcü hökmdarı ilə münasibətlərini qaydaya salan Axsitan səylərini səlcuqilər və Eldəgəzlərlə yaxınlaşmağa yönəltdi.

Şirvanşah öz siyasətində onun taxta oturmasına kömək göstərmiş Eldəgəzlərə arxalanırdı. Atabəy və sultan Qızıl Arslan h.587 (1191 )-ci ildə ismaililər tərəfindən öldürüldükdən sonra onun qardaşı uşaqları, Cahan Pəhləvanın oğlanları arasında hakimiyyət uğrunda mübarizə başladı. Bunun nəticəsində ölkə onların arasında aşağıdakı şəkildə bölüşdürüldü: Əbu Bəkr Azərbaycan və Arranı, Özbək Həmədanı idarə etməyə başladılar. Rey, İsfahan və İraqın qalan hissəsi Qutluq İnanc Mahmuda və Əmir Əmiran Ömərə çatdı. Sonuncular Naxçıvanda olan Əbu Bəkrə qarşı çıxdılar, lakin məğlubiyyətə uğradılar. Əmir Əmiran Ömər Şirvana qaçdı. "Burada Şirvanşah (Axsitan) onu qarşılayaraq ehtiram göstərdi, qızını ona ərə verdi, ona pul, yüzə yaxın at, silah və lazım olan hər şey bağışladı". Bundan sonra Şirvanşah kürəkəni Əmir Əmiran Ömərlə Əbu Bəkrin üstünə yeridi, lakin onlar Beyləqan yaxınlığında məğlubiyyətə uğradılar və Əbu Bəkr onları Arrandan qovub çıxardı. Bu hadisələrdən sonra təqribən 1192-ci ildə Şirvanşaha və onun ailəsinə bədbəxtlik üz verdi. Gürcü salnaməsi xəbər verir:

"Şirvanşah və Əmir Mirman çarəsiz vəziyyətə düşdülər. Belə ki, Şirvan ölkəsi o vaxt Allahın qəzəbinə düçar oldu: yerin silkələnməsindən Şəmaxiyyə şəhərinin divarları və qalaları uçulub dağıldı. Hər şey məhv oldu, eləcə də, Şirvanşahın arvadı və uşaqları həlak oldular. Onlar bundan xəbər tutduqda ağlayıb başlarına kül sovurdular, ətraflarına baxdıqda Allahdan başqa bir köməkçi və xilaskar görmədilər".
Şamaxını bərk dağıdan bu zəlzələdən çoxlu adam, o, cümlədən Şirvanşahın ailəsi, onun arvadı İsmət əd-Din, oğlu və vəliəhdi Mənuçöhr, qızı – Əmir Əmiran Ömərin arvadı və digər qızları həlak oldu. Bu fəlakət nəticəsində Axsitandan sonra Şirvanı onun ehtimal ki, əyalət hakimləri olan qardaşları idarə etməyə başladılar. Ehtimal ki, Şirvanın paytaxtı Şamaxı dağıldıqdan sonra Şirvanşah öz iqamətgahını Xəzər dənizində rahat liman, yaxşı möhkəmləndirilmiş, iki cərgə qala divarları ilə dövrələnmiş şəhər müdafıə istehkamları sırasında Qız qalası olan Bakıya köçürmüşdü. Xaqaninin Şirvanşah Axsitanı mədh edən məşhur qəsidəsində Bakının əhəmiyyəti qeyd edilir.

Bakı duasını unutmaz bir an
Olub sayəsində Bəstam, Xavəran.

Xaqani Bakıdan yenilməz qala, Şərqin mühüm şəhərlərindən biri kimi danışaraq, onu Xorasanın çox yaxşı möhkəmləndirilmiş şəhəri Bəstanla müqayisə edir. Şirvanşahın iqamətgahının Abşerondakı Bakıya köçürülməsilə əlaqədar burada XII əsrin sonlarından müdafiə qalaları və bürcləri tikilməyə başladı.

Şirvanın paytaxtı Şamaxı dağıldıqdan və Əbu Bəkrlə müharibədə məğlub edildikdən sonra Şirvanşah Axsitan və Əmir Əmiran Ömər III Georginin qızı hökmdar Tamardan yardım istəmək məqsədilə Tiflisə gəldilər. Gürcü mənbəyinə görə, Şirvanşah Tamarın azyaşlı qızı Rusudanı Eldəgəz Əmir Əmiran Ömərə almaq üçün elçilik etmiş, lakin rədd cavabı almışdı. Lakin Tamar Eldəgəzi və qohumu Axsitanı yaxşı qarşılamış, onlara hörmət göstərmiş və Əbu Bəkrə qarşı birgə mübarizə aparmaq təklifləri ilə razılaşmışdı. "Bu vaxt hökmdar Tamarın bütün vəzirləri və sərkərdələri onun hüzuruna yığıldı, Şirvanşah da zahir oldu. Onlar düşməni qarşılamaq qərarına gəldilər, buna görə də qoşun yığmaq üçün bütün vilayətlərə (əmr) göndərdilər".

Arran qoşunlarının bir dəstəsi də Şirvanşaha və onun döyüşçülərinə qoşuldu. Bir türkmən dəstəsi də toplanıb onun sərəncamına gəldi. Birləşmiş Şirvan-gürcü qoşunları Şəmkir vilayətinə daxil oldular və 1195-ci il iyulun 1 də Şəmkir şəhərinin həndəvərində baş verən vuruşmada Əbu Bəkrin qoşunları məglubiyyətə uğradıldı, o özü isə çətinliklə yaxasını qurtarıb Beyləqana qaçdı. Səhərisi şəmkirlilər gəlib şəhərin açarını təqdim etdilər. Müttəfıq qoşunlar Atabəylə müharibəni davam etdirərək, Arran və Azərbaycanın bir sıra şəhər və qalalarını tutdular, habelə çoxlu qənimət və əsir götürdülər. Bu hadisələrdən sonra Axsitan öz qoşunları ilə Şirvana qayıtdı. Əmir Əmiran Ömər isə Gəncəyə daxil oldu, lakin 22 gündən sonra öldü.

Axsitanın ömrünün sonunadək, görünür, başqa əhəmiyyətli bir hadisə olmamışdır. Axsitan uzun ömür sürmüşdür. Axsitanın otuz yeddi illik hökmranlığı dövründə apardığı daxili və xarici siyasət, ölkədə dövlətin mərkəzləşdirilməsinin gücləndirilməsi nəticəsində Şirvanşahlar dövlətinin siyasi, iqtisadi və mədəni həyatının inkişafi üçün əlverişli şərait yaranmışdı. XII əsrdə Şirvanın sosial və mənəvi həyatının dirçəlməsi cəmiyyətin bütün əvvəlki inkişafından doğan tarixi qanunauyğunluğun nəticəsi idi. Alim, fılosof və şairlərə hamilik edən Axsitanın hakimiyyəti dövründə poeziya yüksək inkişaf səviyyəsinə çatdı. Atası III Mənuçöhrün vaxtında olduğu kimi, Şirvanşahın sarayında Azərbaycan şeir məktəbini yaradan bütöv bir görkəmli şairlər dəstəsi toplaşmışdı. Onların arasında bir sıra gözəl əsərlər yaratmış Xaqani öz istedadı ilə seçilirdi. Həmin dövrdə başqa bir dahi şair – 1188-ci ildə Axsitanın sifarişilə "Leyli və Məcnun" poemasını yazmış Nizami bütün Yaxın Şərqdə şöhrət qazanmışdı.


Tarix: 11.02.2015 / 18:20 Müəllif: Feriska Baxılıb: 402 Bölmə: Şirvanşahlar dövləti