Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salarilər dövləti

Salarilər dövləti — 941-981-ci illərdə indiki Azərbaycan ərazisində Gilan hakimi Mərzban ibn Məhəmməd tərəfindən yaradılmış, paytaxtı Ərdəbil şəhəri olan tarixi dövlət.

Tarixi
X əsr Azərbaycanın siyasi tarixində mövcud dövlətlərin möhkəmlənməsi və yenilərinin yaranması dövrü olumuşdur. Burada hakimlik edən sülalələr müsəlmanların mənəvi-siyasi rəhbəri xəlifəyə zahiri itaətlərini saxlayır, lakin bir sıra hallarda siyasi hakimiyyəti ələ keçirirdilər. Azərbaycanda çəkişmələrdən istifadə edən Deyləm (Gilan) hakimi Mərzban ibn Məhəmməd axırıncı Saci hökmdarı Deysəmə (Sacilər dövlətində hakimiyyəti ələ keçirən qulam) 941-ci ildə qalib gəlib ölkənin paytaxtı Ərdəbili ələ keçirdi. Mərzban ibn Məhəmməd Salarilər (941-981) sülaləsindən olduğu üçün bu dövlət Azərbaycan tarixində Salarilər dövləti kimi tanınır. Mərzban ibn Məhəmməd çətin mübarizə şəraitində Sacilər dövlətinin hakimiyyəti altında olan Azərbaycan torpaqlarına sahib olaraq öz səltənətini möhkəmləndirməyə çalışırdı. Onun məqsədi Azərbaycanın qədim sərhədlərinin bütövlüyünə nail olmaq idi. Salarilər dövlətinin paytaxtı Ərdəbil şəhəri idi. Salarilər, çox keçmədən, Azərbaycanın şimal-qərb torpaqlarını və Şirvanşahlar dövlətini də özlərindən asılı hala saldılar, Dərbəndi ələ keçirdilər. Salarilərin qoşunu maaşla saxlanlan süvari və piyada dəstələrindən ibarət idi.

Beləliklə, Salarilər dövləti şimalda Dərbənd keçidindən başlayaraq, cənubda Dəclə və Fərat çaylarının yuxarılarına qədər, şərqdə Gilan da daxil olmaqla Xəzər sahillərindən, qərbdə Ermənistan və Şərqi Gürcüstan da daxil olmaqla geniş əraziləri əhatə edən bir dövlətə çevrildi. Bununla, sacilərdən sonra Salarilər sülaləsinin hakimiyyəti illərində yenidən bütün Azərbaycan torpaqları vahid dövlət daxilində birləşdi. Bu da təbii olaraq, bütün ölkə miqyasında iqtisadi əlaqələrin inkişafına, sənətkarlıq və ticarətin tərəqqisinə, xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət təsir göstərdi.

Salarilərin hakimiyyəti illərində Xəzər dənizində Azərbaycanın ticarət gəmiləri üzməyə başladı. Bütün Yaxın və Orta Şərqdə iqtisadi və hərbi-siyasi rolu daha da artdı, müxtəlif etnik qrupların Azərbaycan xalqı ilə qaynayıb-qarışması prosesi sürətləndi. Bununla belə, Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında hakimiyyət üstündə gedən daxili çəkişmələr mərkəzi hakimiyyətin zəifləməsinə səbəb oldu. Xəzərsahili Azərbaycan vilayətlərinin tez-tez rusların basqınlarına məruz qalması, 944-cü ildə Bərdənin qarət olunması və şəhər əhalisinə dəhşətli divan tutulması Salarilər dövlətinin süqutunu daha da sürətləndirdi.

Əvvəllər 15-20 gəmidən ibarət kiçik dəstələrlə ticarət məqsədilə gələn rusların buraya sonrakı gəlişlərindəki məqsəd qarətçilik idi. Bəzi tarixçilərin mülahizələrinə görə bu tayfaların mənşəyi mübahisəlidir. Onları slavyan tayfalarına şamil etməyənlər də vardır. X əsrdə Kiyev Rus hökmdarlarının Xəzər dənizi sahillərinə yürüş etməsi tarixi qaynaqlar əsasında təsdiq olunmur. Azərbaycana gəlmiş ruslar qeyri-slavyan tayfaları idi. Onların bulqar-türk tayfalarına mənsub olduğu güman edilir. Qırx il mövcud olmuş Salarilər dövləti təkcə Azərbaycan və Qafqazdakı feodal dövlətlərlə deyil, Ön Asiyadakı nüfuzlu dövlətlərlə də müqayisə olunmağa layiq idi.


Tarix: 12.02.2015 / 18:54 Müəllif: Feriska Baxılıb: 172 Bölmə: Ümumi
loading...