beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan müəllimlərinin IX qurultayı

Azərbaycan müəllimlərinin IX qurultayı — 18 may 1978-ci ildə keçirilmişdir.

IX qurultayın gündəliyindən
Azərbaycan müəllimlərinin ali məclisi ilə əlaqədar Respublika Maarif Nazirliyi Xalq Maarifi Muzeyi ilə birlikdə 32 stenddən ibarət "Qurultaydan-qurultaya" adlı sərgi təşkil etmişdi. Burada 1967-ci ildən 1978-ci ilə qədərki müddətdə maarif ocaqlarının tikintisi, məktəb şəbəkəsinin genişləndirilməsi, təlim-tərbiyə sahəsində qabaqcıl pedaqoji təcrübə ilə bağlı dəyərli materiallar əksini tapmışdı.

1978-ci il mayın 18-19-da keçirilmiş IX qurultaya Azərbaycan KP MK-nın təbriki göndərilmişdi. Qurultaya geniş tərkibdə Rəyasət heyəti, katiblik və redaksiya komissiyası seçilmişdi.

Qurultayda Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev geniş nitq söyləmiş, respublikanın xalq təsərrüfatı sahələrində qazanılmış uğurları təhlil etmiş, xalq maarifi sahəsində vəzifələrin şərhini vermişdir.

Azərbaycan SSR maarif naziri M.Mehdizadə "Sov.İKP XXV qurultayının qərarlarını və "ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında" Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarını yerinə yetirmək sahəsində respublika xalq maarifi orqanlarının və pedaqoji kollektivlərin vəzifələri haqqında" məruzə etmişdir. Nazir hamılıqla orta təhsilə keçildiyini, təhsilin yeni məzmununa keçilməsinin başa çatdırıldığını, məktəb işlərinin modernləşdirildiyini, müəllim kadrları tərkibinin yaxşılaşdırıldığını, tədris ocaqlarının maddi-texniki bazasının xeyli möhkəmləndirildiyini məlumat vermişdir. Zəngin fakt, rəqəm və təcrübə nümunələrinin təqdir və təhlil olunduğu məruzə ətrafında qurultay nümayəndələri çıxış etmiş, müttəfiq respublikalardan gəlmiş qonaqların təbrikləri dinlənilmişdir.

Sonra qurultayın respublikanın bütün müəllimlərinə, xalq maarifi işçilərinə və ictimaiyyətinə müraciəti oxunub qəbul olunmuşdur.


Tarix: 12.02.2015 / 14:52 Müəllif: Feriska Baxılıb: 50 Bölmə: Ümumi