beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nuxa qəzası

Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası – 1840 - 1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi.
Ümumi məlumat
Yaradılması (1840)
Cənubi Qafqazın Rusiya İmperiyasının işğalı altında olduğu dövrdə, 22 (10) aprel 1840 il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən, Şəki əyalətinin yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra onun qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Qəza ilk olaraq rəsmən "Şəki qəzası" adlansa da, sonradan qəza inzibati mərkəzinin - Nuxa şəhərinin, adına uyğun olaraq, "Nuxa qəzası" deyə adlanmağa başladı (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yaydığı "İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat"dan görünür ki 1921-ci ildə bu qəza yenidən rəsmən "Şəki qəzası" adlanırdı. 1929-cu ilə aid sənədlərdə də qəzanın adı "Şəki qəzası" kimi göstərilmişdir).

Bakı quberniyasının tərkibindən çıxarılaraq Yelizavetpol quberniyasının tərkibinə daxil edilməsi (1867)
Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, Şəki qəzası əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edildi.
1873 ildə isə Nuxa qəzası ərazisinin bir hissəsində ayrıca bir qəza - Ərəş qəzası təşkil edildi və bununla da Nuxa qəzasının ərazisi yarıbayarı kiçildilmiş oldu.

Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan SSR dövründə (1918-1929)
Şəki/Nuxa qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) və Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud idi.
Ləğv edilməsi (1929)
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin yaydığı "İnzibati-ərazi vahidləri haqqında ümumi məlumat"a görə:

"VI Ümumazərbaycan Sovetlər qurultayının (8 aprel) qərarı ilə respublika ərazisində dairələr (Bakı, Quba, Lənkəran, Şirvan, Gəncə, Qarabağ, Zaqatala-Nuxa, Muğan) təşkil edildi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə Zaqatala və Nuxa dairələri yenidən bərpa edildi ".

Belə çıxır ki, 1929-cu ildə Azərbaycan SSR-də bütün qəzalar ləğv olunmuş və onların yerlərində dairələr yaradılmışdır. Bu zaman əvvəl Şəki/Nuxa qəzasının ərazisi Zaqatala dairəsinin ərazisi ilə birləşdirilərək "Zaqatala-Nuxa dairəsi" adlandırılsa da, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il qərarı ilə sabiq Zaqatala dairəsi ilə sabiq Nuxa qəzası yenidən bir-birindən ayrılmış və hər biri ayrıca dairə olmuşlar. Lakin az müddət sonra, Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin və Xalq Komissarları Sovetinin 30 avqust 1930-cu il tarixli qərarına əsasən, bütün dairələr, o cümlədən Nuxa dairəsi də ləğv edilir və dairələrin yerlərində 63 rayon təşkil olunur. 1931-ci ilin fevralında isə 1930-cu ildə təşkil edilmiş rayonlardan bəziləri ləğv edilmiş və bir neçə yeni rayon, o cümlədən, Nuxa rayonu yaradılmışdır.

Nuxa qəzasının hüdudları
Məlum olduğu kimi, 1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. 1858-ci ilə aid xəritədən görünür ki, əyalət qəzaya çevrildikdə onun qərb sərhədi heç də Alazan çayına çatmırdı, Acınohur gölünün ortasındah keçirdi. 1883-cü ildə qəza ərazində Ərəş qəzası təşkil edildikdə isə Nuxa qəzasının ərazisi 2 dəfəyə yaxın kiçildi. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq Ağdaş qəzası adlandırıldı, sonra, 1926-cı ildə isə ləğv edildi. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında idi.

Nuxa qəzasının daxili inzibati bölgüsü
1897-ci ilə aid statistik məlumatlardan aydın olur ki, Nuxa qəzasının ərazisi inzibati cəhətdən 5 hissəyə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 4-ü isə (1-ci, 2-ci, 3-cü, 4-cü) sahə (rus. участка) idi. 1926-cı ildə isə qəza ərazisi inzibati cəhətdən 7 hissə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 6-sı isə (Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic, Xaldan) dairə idi.


Tarix: 11.02.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 229 Bölmə: Ümumi