Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şayiələrin psixologiyası
Şayiələrin psixologiyası

Sözün qılıncdan iti olması hamımıza yaxşı məlumdur. Lakin sözlərin şayiə formasında yaranması isə, nəinki, qılıncı, bəlkə də, dünyada kəşf olunmamış ən iti ülgücü belə əvəz edə bilər və bu şayiə, sözün əsl mənasında, insanın "27 qatından” keçir. Əlbəttə, bunun nə demək olduğunu şayiələrdən əzab çəkmiş şəxslər daha asanlıqla anlaya bilərlər.

Şayiə nədir?
Çoxları üçün şayiə qeybət və ya adi söz-söhbət kimi başa düşülür. Digərləri üçün şayiələr gizli xəbərlərin tezliklə kütləvi şəkildə yayılması deməkdir. Bəziləri üçünsə, şayiələr kiməsə qarşı mübarizə aparmağın ən asan, ən real yolu kimi qəbul edilir.

Sonuncular daha çox diqqəti cəlb edir. Bu baxımdan, kiməsə qarşı mübarizə aparmaq, həmin şəxsin karyerasını zəiflətmək üçün şayiələr amili əsas vasitəyə çevrilir. Əsasən, siyasi rəqiblər şayiələrin tezliklə yayılma kompleksindən və yüksək səviyyəli nəticələrindən bəhrələnməyə çalışırlar. Şübhəsiz, bu işdə bəzi kütləvi təbliğat vasitələrindən və jurnalistlərdən də istifadə olunur.

Şayiələr psixoloji təsirlər kimi
Ümumiyyətlə, ictimai təcrübə göstərir ki, şayiələrin doğru və yalanlığından asılı olmayaraq, onlar çox güclü psixoloji təsirlərə malik olurlar. Şayiənin tam yalan olması isə sadəcə olaraq şayiə subyekti üçün "psixoloji dəhşət” sayıla bilər. Yalan şayiələr sarsıdıcı stress yaradaraq, insanın əsəb sisteminin gərginləşməsinə, onun sosial fəaliyyət dinamikasının pozulmasına səbəb olur. Çünki şayiələr artıq kütləviləşəcək qarşısı alınmaz informasiyalardır. Deməli, şayiələr dağıdıcı və sarsıdıcı gücə malikdirlər.

Burada bir problem həmişə mövcud olub. Bu da şayiələri yayan və yaxud yaydıran subyektlə bağlıdır. Əksər hallarda şayiələrin kim tərəfindən və haradan yayılmasını müəyyənləşdirmək çox çətin olur. Bu, çox vaxt şayiədən əzab çəkən şəxs üçün də sirr olaraq qalır.

Özünü qoru!
Sən də günlərin birində şayiə subyektinə çevrilə və yaxud mətbuatda hansısa jurnalistin təxribatına məruz qala bilərsən. Görəsən, bu halda yaranmış vəziyyətdən "sağ çıxmaq” üçün nə etməlisən?

İctimai təcrübə göstərir ki, şayiə böhranından qurtulmaq üçün üç formalı şəraitə uyğun davranış növü seçmək gərəkdir. Aşağıda onları sizə təqdim edirik:

I- Şayiələrə qarşı mübarizə aparmağın qeyri-ciddi və qeyri-mümkün olduğunu anlayıb sona qədər sus.

II- Əgər şayiənin yarandığı ilk anlarda həmin informasiyanın yalan olduğunu sübuta yetirmək iqtidarındasansa, real həlledici gücə maliksənsə, fürsətdən, imkanlardan maksimum istifadə et. Şayiənin tezliklə qarşısını al. Amma unutma, bu çox mürəkkəb və incə ictimai təbliğat məsələsidir.

III- Şayiənin psixoloji və mənəvi təsirlərini daxilində boğmağa çalış, psixoloji təsir və stresslər dairəsindən tezliklə çıx. Əks halda, zəifləyib, ünsiyyətdə və davranışda daha da kobud səhvlər edərsən.


Tarix: 27.04.2015 / 12:41 Müəllif: Aziza Baxılıb: 181 Bölmə: Ümumi Psixologiya
loading...