Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aydınlıq...
Aydınlıq...

Yağış səhərəcən yağsın şəhərə,
Hamının dərdini yusun aparsın.
Quşlar qonaq gəlsin mavi Xəzərə,
Balıqlar evinə yosun aparsın...

Ölüm qapımıza elə gəlsin ki,
Birini alanda, biri qayıtsın...
Uşaqların üzü elə gülsün ki,
Mərmilər utanıb geri qayıtsın.

Yağış səhərəcən yağsın şəhərə,
Titrəsin evlərin navalçaları....
Yağmur mələkləri enmişkən yerə,
Verək aparsınlar tapançaları...

Bir qızın eyvanda əlləri donsun,
Qız durub boylansın küçəyə bir də...
Çətirsiz bir oğlan islanıb dursun,
Qız gözü küçədə darıxan yerdə...

Oğlan o küçəyə çəkdikcə keşik,
Səkidə titrəyən kölgə islansın.
Asfaltdan su içən qonur bir pişik,
Çətirsiz oğlanla birgə islansın.

Bir gün hamımıza elə gəlsin ki,
Yağışlar yağırsa hər şey düzələr...
Sinoptiklər çıxıb xəbər versin ki,
Sabahdan adamlar sevinə bilər.

Yağış səhərəcən yağsın səhərə...


Tarix: 04.06.2015 / 18:07 Müəllif: Aziza Baxılıb: 156 Bölmə: Qismət
loading...