SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı.Mətbuat susduruldu.Azərbaycan dünyadan təcrid edildi.Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı. Şair və publisist Məlahət Ağacanqızı bu anı öz xatirələrində belə təsvir edir:"Yaxşı yadımdadır 20 yanvar gecəsi bütün yaxınlarımız bir otağa yığışmışdı. Böyük otaq adamla dolu olsa da heç kəs danışmırdı. Qadınlar səssiz ağlayırdılar, kişilər baxışları ilə yeri yarmaq istəyirdilər - yerə girmək üçün!Qardaşım radio dalğalarını həyəcanla ələk-vələk edirdi. Və radiodan Mirzə Xəzərin səsini eşidəndə, mənə elə gəldi ki, hamı nəfəsini uddu, amma hamı dirildi. 20 yanvar gecəsi - Mirzə Xəzərin səsi - möcüzə idi! Bəlkə "ah, nalədən" boğulan hava – Mirzə Xəzərin səsi ilə hıçqırırdı! Mirzə Xəzər - 20 yanvarda ölməkdə olan Azərbaycan xalqına Allahın bəxş etdiyi ilahi səsi ilə ümid verdi. Bir gündə bir əsrə bərabər iş gördü. O səs milləti məzardan çıxartdı. Dirilərə şəhid oğulları dəfn etmək üçün güc verdi. "Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Qorbaçov öz xəlvəti Bakı qanlı "sərgüzəştini" sona çatdıra bilmədi. Bu zərbədən sarsılan qəzəbli Kreml rəhbərliyi "Azadlıq" radiosundan ABŞ hökumətinə rəsmən şikayət etdi.
Tarix: 08.01.2015 / 13:41 Müəllif: Feriska Baxılıb: 65 Bölmə: Qara Yanvar