O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim.
Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm.
Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm.
Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq.
Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı.
Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri".
O da qəmgin-qəmgin cavab verdi: "Hə. Artıq biz bunu heç vaxt unutmarıq".
O, lampanın dairəvi işığından kənara çəkildi və təkrar etdi: "Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışdım".
O çevrildi və tualet stoluna yaxınlaşdı. Ay işığı düşmüş güzgüdə onun üzü - üzünün əksi, lampanın itirək işığında yox olmağa hazırlaşan optik obrazı, oxşarı göründü.
Soyuq kül rəngli qəmgin gözləri kədərlə mənə baxdı və yerə dikildi, sədəfdən düzəldilmiş pudra qutusunu açdı, pudra yastığını alnına, burnuna toxundurdu.
"Mən qorxuram ki, - dedi, - bu otaq başqa birinin yuxusuna girər və burda hər şeyi qarışdırarlar". Pudra qabını şaqqıldadaraq bağladı və ayağa qalxıb lampaya yaxınlaşdı.
"Sənə soyuq olmur?" - soruşdu. "Hərdən olur …" - cavab verdim.
Üşüyən əllərini açıq lampanın üstünə tutdu, barmaqlarının kölgəsi üzünə düşdü. "Yəqin ki, soyuqlayacam, - şikayətləndi, - əməlli-başlı buz şəhərdə yaşayırsan" - dedi.
Qızın dərisi kerosin alovunda parlaq, qırmızı-mis rəngdə görünürdü.
"Sənin dərin bürüncdəndir, - dedim - hərdən mənə elə gəlir ki, sən əsil həyatda hansı bir muzeyinsə küncündə heykəl olmalısan". "Əksinə, - dedi - hərdən sol böyrüm üstdə yatanda ya da ürəyimin döyüntüsünü eşidəndə mənə elə gəlir ki, metaldanam". - "Mən sənin ürəyinin necə döyündüyünü həmişə eşitmək istəyirəm". - "Əgər biz ayıqlıqda görüşsək, qulağını sinəmin üstünə qoyub eşidə bilərsən". - "Əgər biz ayıqlıqda görüşsək…"
O, əlini lampanın şüşəsinə toxundurub dilləndi: "Mavi itin gözləri. Mən hər yerdə bu sözləri təkrarlayıram".
Mavi itin gözləri. Bu ifadənin köməyi ilə o məni real həyatda axtarırdı, bu sözlər bir-birimizi ayıqlıqda tanımaq üçün parol idi. O küçəbə-küçə gəzib özündən asılı olmayaraq təkrarlayırdı: "Mavi itin gözləri".
Restoranlarda da sifariş verdikdən sonra gənc ofisiantlara pıçıldayırdı: "Mavi itin gözləri". Ətrafdakı insanlar təəccüblə çiyinlərini çəkirdi, ofisiantlarsa laqeydcə başlarını tərpədirdilər.
Bir dəfə aptekdə olanda yuxulardan tanıdığı qoxunu duydu və aptekçiyə dedi: "Yuxuda gördüyüm bir gənc var. O həmişə deyir: "Mavi itin gözləri". Bəlkə siz onu tanıyırsız?"
Aptekçi cavabında istehzayla gülüb piştaxtanın o biri tərəfinə keçdi. O isə aptekin təzəcə vurulmuş kaşı döşəməsinə baxırdı və tanış qoxu ona əzab verirdi. Dözməyib dizi üstə yerə çökdü və ağ plitələrin üstündə pomada ilə yazdı: "Mavi itin gözləri". Aptekçi ona təpindi: "Senyorita, siz döşəməni korladınız. Əskini götürün və döşəməni tez silin!".
Bütün axşamı o, dizləri üstdə iməkləyərək hərfləri silirdi və göz yaşı axıda-axıda deyirdi: "Mavi itin gözləri. Mavi itin gözləri". Qapıda isə, dəliyə baxmağa yığışan avaralar qəh-qəhə çəkib gülürdülər.
O susdu, mənsə stulda oturub yırğalanırdım.
"Hər səhər, - mən dedim, - səni tapmaq üçün deyəcəyim ifadəni xatırlamağa çalışıram. Yuxuda mənə elə gəlir ki, onu yaxşı əzbərləmişəm, amma ayıldıqdan sonra bircə söz də yadıma düşmür". - "Sən ki, bu sözləri özün uydurmusan". - "Hə. Bu sözlər ona görə ağlıma gəldi ki, sənin kül rəngli gözlərin var. Lakin gündüz sənin üzünü də xatırlaya bilmirəm".
O, naümid barmaqlarını sıxdı: "Ah, əgər şəhərimizin adını bilsəydik!".
Dodaqlarının kənarında qəmgin qırışlar əmələ gəldi. "Mən sənə əlimi vurmaq istəyirəm", - dedim.
O, gözlərini qaldırdı, alovun dilləri bəbəklərində oynadı. "Sən bunu heç vaxt demirdin", dilləndi. "İndi isə deyirəm". O gözlərini aşağı saldı və siqaret istədi. "Niyə mən yaşadığım şəhərin adını heç cürə xatırlaya bilmirəm?", - dedim.
O məyus-məyus gülümsədi: "Bu otaq mənim necə yuxuma girirsə, sənin də eləcə yuxuna girir". Mən qalxıb lampaya tərəf getdim, o isə aramızdakı görünməz xətti keçəcəyimdən ehtiyatlanıb qorxa-qorxa geriyə çəkildi.
Ona tərəf uzatdığım siqareti alıb, lampanın alovunda yandırdı. "Yəqin ki, dünyanın hansı şəhərindəsə bütün divarlara "Mavi itin gözləri yazılıb", - mən dedim. - Əgər mən bu sözləri xatırlasam, səni axtarmaq üçün günü sabah dünya səyahətinə çıxaram".
Onun üzü siqaretin qırmızımtıl közü ilə işıqlandı, dərin bir qullaq vurub siqareti nazik barmaqlarında fırladaraq dedi: "Allaha şükür, deyəsən, qızınmağa başlayıram", - və yazan peronun ardınca təkrarlayırmış kimi sözləri uzada-uzada dedi:
"Mən … qızınmağa… - barmaqlarını elə tərpətdi, sanki boru şəklində yumrulanmış görünməz kağız vərəqini cırdı, - başlayıram…" - kağız qurtardı və büzüşərək külə dönüb döşəməyə düşdü.
"Lap yaxşı oldu, - dedim - sən üşüyəndə mən həmişə qorxuram".
Beləcə biz neçə illərdir ki, görüşürük. Hərdən elə olur ki, yuxuların labirintində bir-birimizi tanıdığımız vaxt, bayırda kimsə qaşığı əlindən salır döşəməyə və biz ayılırıq. Az da olsa biz acı həqiqətlə barışmışıq - bizim dostluğumuz çox adi əşyalardan asılıdır.
Sübh çağı adi bir qaşıq da bizim qısa görüşümüzə son qoya bilər.
O, lampanın arxasında durub mənə baxır. Elə baxır ki, lap birinci gecədəki kimi. O vaxt mən yuxudaykən özümü lampa və güzgü olan qəribə otaqda gördüm, qarşımdasa kül rəngli gözləri olan qız dayanmışdı.
Mən soruşdum: "siz kimsiniz?" o isə "xatırlaya bilmirəm" dedi, - "amma, deyəsən, biz artıq görüşmüşük". -"ola bilər. Siz bu otaqda mənim yuxuma girə bilirsiniz". - "düzdür!" - dedim. - "mən sizi yuxuda görmüşəm". - "çox qəribədir, - deyib gülümsündü - deməli, biz yuxularda görüşürük?"
Siqaretin közərən oduna baxa-baxa bir qullab da vurdu. Yenə də mənə elə gəldi ki, o misdəndir, amma soyuq və bərk yox, isti və yumşaq misdən. "Sənə toxunmaq istəyirəm", - təkrar dedim.
"Hər şeyi məhv edərsən, - qorxuyla dilləndi, - mənə toxunsan yuxudan ayılarıq və bir daha görüşmərik". - "Yox, - dedim, - başımızı balışa qoyan kimi, yenə də görüşəcəyik".
Mən əlimi uzatdım, amma o tərpənmədi. "Sən hər şeyi məhv edəcəksən… - o pıçıldadı. - Əgər xətti keçib gəlsən, biz dünyanın ayrı-ayrı tərəflərinə atılmış halda ayılacağıq". - "Olsun", - mən təkid etdim, amma o yalnız kirpiklərini endirdi: "Bu görüşlər - bizim axırıncı şansımızdır. Sən ki, səhər açılanda heç nəyi xatırlamırsan". Mən daha heç nə demədim.
O isə əlini lampaya qoyub şikayətləndi: "Biz görüşdükdən sonra mən heç vaxt yata bilmirəm. Gecənin yarısında ayılıram və daha gözlərimi yuma bilmirəm - balış üzümü yandırır və mən hey deyirəm: "Mavi itin gözləri. Mavi itin gözləri".
"Tezliklə səhər açılacaq, - dedim, - axırıncı dəfə mən saat 2-də ayılmışdım, indi həmin vaxtdan çox keçib". Qapıya yaxınlaşıb dəstəkdən yapışdım. "Ehtiyatlı ol, - xəbərdarlıq etdi, - qapının arxasında ağır yuxular yaşayır". - "Hardan bilirsən?". - "Bu yaxınlarda mən ora girmişdim, çox çətinliklə geri qayıtdım. Ayılanda gördüm ki, ürəyim tərəfdə, sol böyrü üstdə yatmışam".
Bununla belə mən qapını açdım. Yüngül meh çöldən münbit və şumlanmış torpağın qoxusunu gətirdi.
Mən başımı ona tərəf çevirib dedim: "Burda dəhliz yoxdur. Mən torpaq sahələrinin iyini hiss edirəm". - "Orda, qapının arxasında, - dedi, - yuxusunda tarla görən qadın yatır. O həmişə kənddə yaşamağı arzulayıb, amma heç vaxt şəhərdən kənara çıxa bilməyib".
Qapının arxasında hava işıqlaşırdı və hər yerdə insanlar yuxudan oyanırdılar. "Məni, yəqin ki, nahara gözləyirlər" - dedim.
Tarlalardan əsən külək zəiflədi, sonra isə tamam dayandı. Onun əvəzinə yataqda indicə o biri böyrü üstə çevrilmiş adamın nəfəsi eşidilirdi. Külək dayandı və onunla birlikdə qorxular da öldü.
"Sabah biz hökmən bir-birimizi tanıyacayıq, - dedim - mən divarlara "Mavi itin gözləri" kəlməsini yazan qadını axtaracağam." O, qəmgin-qəmgin gülümsündü və əlini lampanın soyumaqda olan şüşəsinə qoydu:
"Sən gündüzlər heç nəyi xatırlamırsan". Onun kədərli silueti sübh işığında artıq yox olmağa başlayırdı. "Sən qəribə adamsan, - dedi - yuxularını heç vaxt xatırlamırsan".
Tarix: 08.06.2015 / 18:17 Müəllif: Aziza Baxılıb: 184 Bölmə: Qabriel Qarsia Markes