Hansı quş daha yaxşı?
Qaranquşdan, bayquşdan,
Darğa qarğadan başqa
Hamısı.
Ən sevgilisi –
mənim nəğmələrimi
“bub-bub” səsiylə titrədən
mənim ana məhbubum
fikirli, boynu bükük Şənəbub!..
Hansı məkan daha yaxşı?
Tikansızsa hisarı…
demək olar hamısı.
Ən dadlısı –
O məkan ki,
azadlıq qoxuyur onun
göylərində ab-havası.
Və Azadlıq havasının… küyü yox,
Özü gəzir təbəssümdə, gözlərdə.
Hansı şair daha yaxşı?
Şair doğulubsa, hamısı.
Yaltağından, taxtaürək,
saxtasından savayı!
Ən doğması –
ordensiz-medalsız
bizə qədər gəlib çıxan
Gözləri qəm dəryası
Qoca Şərqin
qoca, müdrik
dərdi füzun Füzulisi!
– Bəs Vətən?
– Köksümün eşq qübbəsinə,
Yaxasına toxunma! Ay uşaq…
Türkün eli böyükdür.
O Vətən ki,
basılmayır Ulusu!
Və İnsanı.
Tarix: 04.06.2015 / 17:48 Müəllif: Aziza Baxılıb: 23 Bölmə: Nurəngiz Gün