Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vampirlə 46 dəqiqə yarımçıq gizli intervü
Vampirlə 46 dəqiqə yarımçıq gizli intervü

Bilirəm, indicə danışacaqlarıma heç vaxt inanmayacaqsız. Əslində sizi inandırmağa cəhd də etmirəm. Yazını ortaya çıxarmamışdan əvvəl bu barədə çox fikirləşdim. Nə edim ki, sizi bu yazımın fantastik əsər olmadığına, heç bir bədii üslubdan istifadə olunmadığına, ümumiyyətlə burada insanların bilmədiyi informasiyaların mövcudluğuna inandırım. Adətən, insanlar bir-birini inandırmaq üçün and içirlər. Bu, ən əlacsız məqamlarda edilir. Əslində mən də indi əlacsızam. Amma dəqiq bilirəm ki, əgər bu yazımdakı hadisənin həqiqətən, öz başıma gəldiyinə and içsəm, daha da yalançı görkəminə düşəcəyəm. Mənim nəyimə lazımdır, axı bir yazıya görə, oxucunun gözündə yalançı kimi tanınam. Digər tərəfdən, and içsəm ki, hansısa vampir mənə sizlərin əksəriyyətinizin bilmədiyi sirrləri açıb, bu yazıya yox, psixi xəstə olduğuma əmin olacaqsınız. Bu isə mənə, ümumiyyətlə, lazım deyil. Odur ki, gəlin belə danışaq: bu yazını hekayə adlandıraq. Və bu hekayəni mənim yazıçı təxəyyülümün məhsulu kimi qəbul edin (Hətta, istəsəniz, xəstə təxəyyülün məhsulu adlandırın - onsuz da mən nə bilim ki, orada nə deyirsiniz indi). Başladıq.
Kənanla yeddi il əvvəl universitetin birinci kursunda oxuyarkən tanış olmuşduq. O zaman Kənan tibb təhsili alırdı. Əslində, konkret olaraq, hansı situasiyada tanış olduğumuzu xatırlamıram. Bir o yadıma gəlir ki, qısa müddətdən sonra bir-birimizə «qardaş» deyirdik. Çox sakit təbiətli idi. Ən əsası həddindən artıq bilikli. Mən psixologiya ixtisası üzrə təhsil alırdım və yadıma gəlir, öz ixtisasımla bağlı hansı məsələ barədə ona sual versəm, tam ətraflı cavablandırırdı. Bir misal: ikinci kursda oxuyanda «Ali sinir faliyyəti» fənnindən imtahanım var idi. Semestr boyu bu fənni heç oxumamışdım. O mənə dedi, gəl səni hazırlayım. Və mənə bir gecənin içində elə informasiyalar verdi ki, sabahı gün imtahanda 5 sualın 5-ni də cavablandırdım. Həm də elə cavab yazmışdım ki... Müəllimlər bunu haradan köçürdüyümü neçə gün axtardılar, tapmadılar. Və o imtahandan bir neçə gün sonra yazdıqlarım tamamilə yadımdan çıxmışdı. Olmuşdum yenə də bu fənni heç oxumamış kimi. O vaxt minnətdar olduğum Kənandan heç şübhələnmədim. Yaddaşsızlığımı qınadım. Və yazıq Adilə müəllimə mən universiteti qurtarana kimi deyirdi: «Ay bala, keçib daha, onsuz da qiymət yazmışıq. De görüm, o cavabları hansı kitabdan köçürmüşdün?». Mən: "Heç haradan köçürməmişdim", deyirdim. Nə isə... mətləbdən uzaqlaşmayım. Kənan ucaboy, yaraşıqlıydı. Amma heç vaxt yanında bir qız dostunu görməmişdim. Mənə deyirdi ki, kəbnsiz olaraq qızlarla yaxın münasibət günahdır. Məni bu münasibətlərdən çəkindirməyə çalışdırdı. Onu dindar kimi tanıyırdım. Hər zaman mənə kömək edirdi. Universiteti bitirənə qədər dostluğumuz davam etdi. Sonra o birdən-birə yoxa çıxdı. Təxminən iki il. Maraqlıdır ki, bir mobil telefon nömrəsindən başqa, onunla heç bir əlaqə imkanım yox idi. Nə bir qohumunu tanıyırdım, nə dostunu. Elə bil heç vaxt mövcud olmayıbmış. Sonra yenidən peyda oldu və dedi ki, əsgərlikdə imiş. Yen də yaxın dostluq edirdik. Qəribə bir cəhəti var idi ki, yaşını gizlədirdi. Mənim təxmini bildiyimə görə, uzağı 28 yaşı var. Sonra o məni bir xanımla tanış etdi. Dedi dostumdur. Bir müddət sonra həmin xanımla mənim də aramda dostluq münasibətləri yarandı. İlk qadın dostu. Söhbəti uzatmaq fikrim yoxdur. O xanım bir axşam mənə zəng edib dedi ki, təcili görüşməliyik. Qollarını açıb göstərdi... göyərmişdi. Dedi Kənan edib. Son günlər özünü qəribə aparır:
- Keçən dəfə xəstə olduğum üçün venama iynə vurmalı idi. Şprizi geriyə çəkib qanımı şprizə doludurdu və içdi. Ötən axşam isə bizə gəlib məni divana yıxdı. Elə bildim zorlamaq fikri var. Amma o sadəcə qollarımı möhkəm sıxıb üstümə uzandı. Və dodağının altında pıçıldayırdı ki, «Ay Allah axı belə olmalı deyildi. Onu əlimdən alma»...
Qadının dedikləri heç inandırıcı görünmür, xüsusən də Kənan haqqında... Elə həmin axşam zəng edib Kənanı evimə dəvət etdim. Xanımın danışdıqları barədə soruşdum. Sualdan yayınanda əsəblərimi cilovlaya bilməyib qışqırdım:
- Rədd ol buradan. Sən müəmmalısan. Heç yaşını da bilmirəm. Yəqin ki, sadəcə psixi xəstəsən. Özünü ağıllı aparmağa çalışan xəstə...
O, xeyli müddət gözümün içinə baxdı...
- Yaşımı bilmək istəyirsən?
- Cəhənnəm olsun sənin yaşın...
- Al bax. - cibindən köhnə bir pasport çıxardı - al bax, ürəyin sakitləşsin.
Köhnə sovet pasportu. 11 avqust 1922-ci il. Qazaxıstan SSR. Budur, həqiqətən onun şəklidir. Adı da, familyası da... Kuliev Kenan...bu nədir, İlahi....
- Zarafat edirsən? - həyəcanlanmışdım. Başımı qaldıranda, gördüm ki, gözümün içinə baxa-baxa ağlayır.
- Amma mən səni çox istəyirəm. Həyəcanlandınsa, al, buna da bax, - cibindən şəxsiyyət vəsiqəsi çıxardı. 16 avqust 1981. Quliyev Kənan.
- Bütün bunlar nə deməkdir?
- Mən sənə danışacam. Hazır ol. Rahatlaşacaqsan. Sonra bütün danışdıqlarımı unudacaqsan. Gəl, bax, burada əyləş. - Onunula üz-üzə əyləşdim. Sonra başladıq söhbətə...
O mənə vampir olduğunu deyirdi və bu barədə danışırdı. Bir o yadıma gəlir ki, stolun üstündə mobil telefonum gözümə sataşdı və xəlvət götürüb səsyazanı işə saldım. İndi sizə təqdim etdiyim həmin telefonun yaddaşında olanlardır. 46 dəqiqəlik səs yazışı. Olduğu kimi...
Etiraf edirəm, öz yadımda söhbətdən heç nə qalmayıb. Həmin axşamdan sonra onu bir daha görmədim. Yənə də qeyb oldu. Güman, səsini xəlvət yazdığı bilmişdi və yəqin ki, indi birdəfəlik qeyb oldu. Axı özünün dediyi kimi, onlarda intiusiya güclü olur. Hə, sualların pərakəndəlyinə görə məni qınamayın. Qınamaq istəsəz, bir anlıq özünüzü mənim yerimə qoyun. Görün, heç sual verə bilərdiz? Nə isə... deyəsən, həqiqətən uzatdım... buyurun oxuyun...
- .... sonra da başlayırsız dəli olmağa...
- Vampirin insandan fərqi nədir?
- Kənardan görünməyən, amma əslində köklü surətdə böyük fərqi var. Məsələn, gözəl bir insan rəsminin, canlı insanla müqayisədə olan fərqi qədər fərqimiz var.
- Siz cansızsınız məgər?
- Bildim ki, o «tupoy» insan ağlı ilə belə bir sual verəcəksiniz. Biz cansız deyilik. Mən, sadəcə, müqayisə aparmaq üçün dedim. Məsələ ondadır ki, mahiyyətimiz çox fərqlidir. Amma quruluşumuz çox oxşardır. Cin - insan - vampir. Üçü də bir-birindən çox fərqldidir, həm də üçü də bir-birinə çox oxşardır.
- Məgər cin var?
- Var.
- O zaman, gəl, əvvəlcə cinlər barədə danışaq.
- Aramızda olan razılaşmaya görə, cinlər barədə çox danışmayacağam.
- Mümkünsə, bir onu başa sal ki, cinlər də vampirlər kimi insan cildində olur?
- Bilirsən, biz də, siz də 3 ölçülü sistemdə yaşayırıq. Yəni bizdə en var, uzunluq var və hündürlük var. Amma cinlər 5 ölçülü sisitemdə yaşayırlar. Mənim çox sevdiyim bir vampir - Bulqakov, bir dəfə bir səhv eləyib öz əsərində cinlər barədə yazıb. Onu cəzalandırdılar. Düzdür, 5 ölçülü sisitemi heç təsvir də edə bilməyib, müəyyən qədər 4 ölçülü sistem barədə yaza bilib. Məsələn, orada bir mehmanxana təsvir olunur -otağın qapısını açıb girəndən sonra böyük bir pilləkən böyük otaqlara aparır. Amma adi insanlar gəlib bu otağı açanda yalnız otağın içərisi görünür. Sağda qonşu, solda qonşu. Bəs o pilləkən, o böyük otaqlar hanı? Əslində insan daxil olub həmişə olduğu kimi yalnız 3 ölçülü məkanı görür. Nə isə, mən bunu sənə izah edə bilmərəm. Siz dərk edə bilməyəcəksiniz. Hələ biz onu çətinliklə dərk edirik. Ən ağıllı insanın gəldiyi qənaət budur ki, cinlər bizim içimizdə yaşayır, sadəcə gözümüzə görünmür. Amma elə deyil. Sizin məkanla onların məkanları bir-birinə toxunmur. Amma onlar görürlər bizi.
- Nəyə görə nağıllarda, əsatirlərdə cinlər pis bir varlıq kimi qələmə verilir?
- Siz özünüzdən başqa kimi yaxşı qələmə verirsiniz ki?
- Bəs vampirlərin, cinlərin insanlara münasibəti necədir?
- Heç bir münasibət yoxdur. İnsanların öz həmcinslərinə olan münasibətinin, marağının milyonda biri nə cinlərdə, nə vampirlərdə var. Siz özünüzü o qədər yüksək tutursunuz ki... Düşünürsüz ki, elə dünya sizin ətrafınızda fırlanır, cinlər, mələklər, vampirlər gecə-gündüz oturub sizin barənizdə düşünür. Siz qarışqa və milçəklər haqqında fikirləşdiyinizin mində biri qədər biz sizin haqqınzda düşünmürük. Amma biz də, cinlər də baxırıq, məsələn, sizin sənətkarlara. Bir şeyi deyim ki, biz vampirlər də cinləri görmürük. Amma onlar barədə informasiyalar alırıq. Bilirik ki, onlar görünütünü və səsi saxlaya bilir. Siz texnikada inkişaf edirsiz. Onlar da öz sahələrində. Məsələn: cinlər istədikləri vaxt canlı olaraq Motsarta qulaq asa bilirlər. Sizin kimi disklərlə yox ee, həqiqi Motsarta... Yeri gəlmişkən, Motsart vampir olmasa da, vampirlərdən xəbardar insan olub. Amma bir daha deyim ki, biz vampirlərin cinlərlə birbaşa əlaqəmiz yoxdur. Allah sərhəd qoyub. İmkanlar var, əlaqə saxlamaq olar. Amma bu zaman cəzasını alırıq. Hə nədən danışırdım? Bütün musiqilər, səslər əslində itmir. Onlar enreji kanalları vasitəsilə qalır. Bu enerji kanalları haqqında da danışsam, bir şey anlamayacaqsan. O bizim- vampir alimlərin kəşfləridir.
- Vampir alimlər... Kimlər var, vampir alimlərdən?
- Onu deyim ki, əsas kəşfləri elə bizimkilər edib. Alim insanlar var. Bunu inkar etmirəm. Bizimkilər insan alimlər qədər çox kəşf eləmir. Məsələn, bu stolu, stəkanı, hətta kompyuteri vampir alimlər kəşf etməyib. Onlar qanunauyğunluqları kəşf ediblər. Məsələn, hörmətli vampirmiz Eynşteyn. Nisbilik nəzəriyyəsini qoydu ortaya. Hamınız dəydiniz bir-birinizə. Yaxud da Tesla. Tesla bizim fəxrimizdir. O elə bir şey kəşf elədi ki, hələ bilmirsiniz Tesla nə kəşf edib. Hələ müzakirə mövzusudur. Texnikanı insan alimlər kəşf edir. Vampir alimlər mahiyyətləri, qanunauyğunluqları. Məsələn siz musiqidə 7 not tanıyırsınız. Əslində bunu biz sizə təlqin eləmişik. Ona görə də bəzən musiqiçiləriniz digər notlara toxunanda, buna müxtəlif adlar qoyursunuz: qeyri-adi səs, false və sair. Biz buna gülürük və sizi qəsdən çərçivədə saxlamışıq. Əslində not çoxdur.
- Bəs müğənnilərin içərisində vampir var?
- Bəli, var. Adlarını saymayacağam. Azərbaycan müğənniləri maraqlandırırsa, Azərbaycanda əsrlər boyu 2-3 nəfər vampir müğənni olub.
- Yaxşı gəl, belə danışaq. Bəlkə sən özün vampir olğun üçün vampirləri belə təqdim eləyirsən?
- Vampirlərin tərəfini tutduğumu inkar etmirəm. Axı bizim də hisslərimiz var. Amma faktlarım da var, axı əlimdə. Bir məsələ var ki, mən ad çəkə bilmirəm. Axı hansısa tanınmış vampiri necə ifşa edim?
- İfşa? Aha. Deməli vampir olmaq yaxşı şey deyil (gülürəm)...
- Yox. Bəlkə də mən ifşa sözünü yerində işlətmədim. Yəni həmin şəxsin bilinməsi lazım deyil, çünki Allah insanları sevir. Məsələn, sabah siz çox varlı adam ola bilrəsiniz və sözünüzü hamı eşidər. Siz də deyərsiniz ki, filankəs vampirdir əslində. Bu yaxşı deyil axı. Düzdür, elə danışsanız sizi elə günə qoyarıq ki, səsiniz dəlixanalardan gələr. Və sizin danışdıqlarınıza heç kim inanmaz. Amma niyə hansısa vampirimizin adı hallansın. Çünki bəzi şeyləri biz hissiyata qapılıb, axmaqlıq edib adamlara açıb deyirik, həmin adam da ağzını açıq qoyub, bunu hər yerdə danışanda onu elə vəziyyətə gətiririk ki, o adam özü öz danışdıqlarına inanmır sonra.
- Vampirlər sevə bilir?
- Əlbəttə..... sevdiyini cəzalandıra da bilir. Sevə-sevə öldürə də bilir, sevə-sevə pislik də edə bilir. Sevginin davranışa dəxli yoxdur. Sevgi hisslərə aiddir. Davranış beyinin başqa ocağındadır.
- Peşiman da ola bilir?
- Bu nə sualdır. O nağıllardakı vampirlər sizə düzgün təqidm olunmayıb. Əlbəttə, səhvə görə vampir də peşiman olur.
- Vampirlər olacaq hadisəni əvvəlcədən duyur? Ümumiyyətlə, öncədəngörmə var sizdə?
- Əslində bilmək mümkündür. Onu bilməyin xüsusi mexanizmi var. Öyrənmək üçün isə uzun illər lazımdır. Amma bir məsələ var. Məsələn, mənim ömrüm səndən dəfələrlə çoxdur. Hələ mən bu uzun illərimi buna sərf edib öyrənməmişəm. Nəyimə lazımdır axı, bu proqramı öyrənim ki, sabah nə olacaq. Sabah olacaqlar insanları narahat edir, bizi yox. Ona görə bu proqramlaşmanı öyrənməkdə maraqlı deyiləm. Hələ sən başlasan öyrənməyə, bəlkə də öyrənə biləcəksən, amma bir də görəcəksən ki, artıq bu dar ömrünü başa vurursan. Və illərini buna sərf etdiyinə peşman olacaqsan.
- Vampir olduğunu nə vaxt bildin?
- Adətən bunu bizə açıqlayırlar, həddi-buluğa çatan dövrdə. Amma bizim həddi-buluğa çatmağımız sizinkindən xeyli fərqlidir. Ümumiyyətlə, fərqli cəhətlərmiz çoxdur. Məsələn, vampirlərin içərisində heç vaxt narkoman, alkaqolik olmur. Biz spirtli içki içmirik. Amma hərdən bəzi vampirlər özlərini içən kimi göstərir. Məsələn, bizim bir məşhur müğənni var, onun kimi. O qəsdən belə görünür. Amma əslində biz spirtli içki qəbul edə bilmirik, hətta spirtli ətirlərdən də istifadə edə bilmirik. - Vampirlər hamısı məşhur insanlardır?
- Yooox. Nəyinə lazımdır vampirin məşhurluq. Bu dəqiqə ağlı başında olan vampir, məsələn, Taylandın meşələrində heyvanlarla xoşbəxt həyat sürür özü üçün. O qədər istedadlı vampirlər var ki, istedadını ortaya çıxarıb insan cəmiyyətində tanınmaq istəmir. Buna ehtiyac duymur.
- Azərbaycanın ucqar kəndində yaşayan vampir var?
- Kənd şəraitində yaşayan var. Məsələn, sizdə bir söz var ee - filankəsə bax, kəndçidir. Amma yerin altını da bilir, üstünü də.... Əslində, o, vampirdir. Kənd yerində yaşayıb. Oxumaq vacib deyil eee. Onun 500-dən çox yaşı var, sadəcə siz bilmirsiniz. Onun qədər yaşamaq da bəs edir də, yerin altını da, üstünü də bilməyə. Yoxsa insanı gətirib, oxudub akademik edirlər, həmin kəndçi vampirin bildiyininin 10 faizini bilmir.
- Çoxbilmiş çobanlar barədə nağıllarımız bəlkə buradan yaranıb?
- Əlbəttə. Sənə bir şey deyim, amma gülmə. Santa Klauz deyirlər. O həqiqətən var, vampirdir. Onun bir xidməti var, ona görə ona əbədi ömür verilib. Yəni o heç vaxt ölmür. Xüsusi şeylər var, ona əməl edib yaşayır. Xızır peyğəmbər ona dua edib.
-Siz bilikləri necə əldə edirsiniz?
- Biliklərin əldə olunmasının bir neçə yolu var. Onlardan biri - sizin kimi oxuyub öyrənmək, yaxud da kimdənsə öyrənməkdir. Digərini isə hələ insanlar kəşf etməyib deyə termini yoxdur. O digər dediyim variantı izah etmək üçün peyğəmbərləri nümunə göstərə bilərəm. Onlar informasiyanı vəh kimi alırdılar. Düzdür, 124 min peyğəmbərin heç biri vampir olmayıb. Ümumiyyətlə, vampirlər peyğəmbər olmur. Hə, məsələn, sənə bir maraqlı fakt deyim. Mən oxuyuram kitabı və o dəqiqə baxıram ki, orada yazılanları bilirdim. Bəlkə də 3 dəqiqə əvvəl həqiqətən bilmirdim. Amma həmin dəqiqədən sonra mən həqiqətən, oradakıları bilirəm artıq. Bunu izah etmək bir qədər çətindir.


Tarix: 08.06.2015 / 18:21 Müəllif: Aziza Baxılıb: 223 Bölmə: Nicat Qafuroğlu
loading...