Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaranlıq dünyadan günəşə sarı
Qaranlıq dünyadan günəşə sarı

Titrəyən çiyinlər
dağ cüssəliydi,
Qaldırdı ucadan
ucaya onu.
Torpaq kədərliydi,
göy qüssəliydi

Alıb gətirdilər
Şuşaya onu.
Bakıda qan axdı
bir sənə əvvəl,
İgidlər mərd durdu,
axır nəfəsdə.
Çiynində şəhidlər
daşıyan gözəl
Bu gün özü getdi
çiyinlər üstə,
Bir haray qopduqca
Yer kürəsindən
Coşdu ürəklərin
kini, nifrəti.
Dedilər:
- Qoy uca dağ zirvəsindən
Görsün bəşər oğlu
bu cinayəti.
Üzlərdə, gözlərdə
xalqın dərdi var,
İnsan ümmanları
axın-axındı.
Onu övladətək
öpdü analar:
Həyat necə uzaq,
ölüm yaxındı.
İnsanlar gəldilər
Vidaya min-min,
Böyük bir millətin,
dərdi də böyük...
yanaşıb tabuta
ağlar bir gəlin,
Sərdi qızın üstə
qırmızı örtük.
Dərin meşələrdən
əsdikcə külək,
Ölümü qəzəblə
həyat qovurdu.
Qırmızı buluddan
susan bir ürək
Sanki al örtüklə
təzədən vurdu.
Qız keçib qoynundan
dağlar qışının
Qəlbini cahana
açırdı indi.
Sınmayıb qanadı
humay quşunun
Daha ucalara
uçurdu indi.
Uçurdu,
uçurdu
aşıb dağları
Qaranlıq dünyadan
günəşə sarı.
Əlvida dedimi
Doğma Qarabağ,
Yox, o səcdə etdi
ölməz qüdrətə
Qırmızı örtüklə
qanad çalaraq
Qız, gəlin gedirdi əbədiyyətə.


Tarix: 25.05.2015 / 13:45 Müəllif: Aziza Baxılıb: 225 Bölmə: Nəbi Xəzri
loading...