Monqolların Azərbaycana gəlməsi oturaq yerli əhalinin həyat tərzinə və ilk növbədə kənd təsərrüfatının və əkinçiliyin inkişafına mənfi təsir göstərdi. Monqolların ilk yürüşləri Azərbaycanın ictimai-iqtisadi, siyasi və mədəni həyatına kəskin zərbə vurdu. Ölkədə feodal pərakəndəliyi daha da artdı. Monqolların keçdikləri ərazidə mədəniyyət abidələri, ticarət yolları dağıdıldı, əkin yerləri tapdalandı, xırmanlar yandırıldı. Monqollar ilk anlardan başlayaraq becərilən torpaqları zəbt edib otlaqlara çevirdilər. Muğanda çağırılmış qurultayda Ön Qafqaz ərazisi 110 nəfər monqol noyonu arasıında bölündü. Sərkərdə Molor noyon Şəmkirin və ətraf ərazinin hakimi oldu. Monqollar əhalinin mal-qarasını, xüsusilə atlarını güclə alıb öz ilxılarına qatdılar. İş o yerə çatdı ki, adamlar son heyvanlarını verib canlarını qurtarmalı oldu. Monqolların iqtisadi siyasəti əkin sahələrinin azalmasına və son nəticədə kəndlilərin həyat səviyyəsinin aşağı düşməsinə səbəb oldu, kənd təsərrüfatı məhsullarının həcmi kəskin şəkildə aşağı düşdü. Monqol köçərilərinin mütəmadi olaraq bir yerdən digərinə köçmələri yararlı əkin sahələrinin mal-qaranın və ilxıların ayaqları altında qalıb xarab olmasına səbəb olurdu. Monqollar kəndlilərin özlərini də ya məhv edir, ya da əsir tutub apararaq onlardan mal-qaranın otarılmasında və ov mərasimlərində istifadə edirdilər. Bu isə Azərbaycanda kənd təsərrüfatının inkişafına ciddi maneə törədirdi.
Tarix: 08.01.2015 / 02:32 Müəllif: Feriska Baxılıb: 9 Bölmə: Monqolların Azərbaycana II yürüşü