Azərbaycan mədəniyyətinin bir qolu olub, Azərbaycan milli folklorunu təmsil edən, xalq və ya ayrı-ayrı azərbaycanlı bəstəkarlar tərəfindən yaradılmış müxtəlif janrlı musiqi. Azərbaycan musiqisi çox əsrlik inkişaf yolu keçmişdir. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Çox qədim zamanlardan – Qobustanda qayaüstü rəsmlərdən (yallı-rəqs) – başlayaraq Azərbaycanda melodiya və ritm zənginliyi ilə fərqlənən çoxlu sayda mahnılar, müxtəlif rəqslər, çobanların tütəkdə çaldığı havalar səslənir. Azərbaycanın musiqi yaradıcılığı nəsildən-nəslə ötürülərək inkişaf etmiş, təkmilləşmiş, həyat dairəsi genişlənmiş, yeni-yeni janrları mənimsəmiş və zənginləşmişdir. Keçmişin klassik musiqi sərvəti olan muğamlar milli musiqi mədəniyyətimizin əhəmiyyətli bir hissəsini təşkil edir. Xanəndələr və sazəndələrin yaradıcılığında zəngin klassik irsimiz olan muğamlar inkişaf edərək bu gün yüksək nümunələri ilə yaşayır.
Azərbaycan musiqi sənəti tarixinə çoxlu görkəmli muğam ustaları – ifaçılar daxildir. Onlar XIX əsrin görkəmli incəsənət ustalarından Səttar, Hacı Hüsü – şöhrət qazanmış, muğam məktəbi yaratmışlar. XIX əsrin görkəmli incəsənət ustalarından Səttarın, Hacı Hüsünün, tarzən Sadıqcanın və b.-nın, əsrimizin əvvəllərində isə Cabbar Qaryağdıoğlunun, Məşədi Cəmil Əmirovun, Seyid Şuşinskinin, Keçəçi oğlu Məhəmməd, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev və b. adların xüsusi qeyd olunmalıdır.
Xan Şuşinski, Zülfü Adıgözəlov, Haşım Kələntərli, Hüseynqulu Sarabski, Həqiqət Rzayeva, Fatma Muxtarova və başqaları XX əsrin əvvəllərində yaranmış məşhur müğənnilərdir. Bu dövrdə muğam üzrə instrumental ifaçılardan Qurban Pirimov, Mənsur Mənsurov, Əhməd Bakıxanov, Bəhram Mənsurov və b.-nın adları da şöhrət qazanmışdır.
XX əsr Azərbaycan musiqisinin tarixində mühüm, əlamətdar bir mərhələdir. Məhz bu dövrdə ölkəmizdə yüksək peşəkarlığı ilə, orijinal musiqi üslubu ilə seçilən bəstəkarlıq məktəbi yaranmışdır. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinin ümumi sisteminə qovuşur, Azərbaycan bəstəkarları və ifaçıları dünya musisinin səviyyəsinə qalxmışlar. Yeni təmayüllərlə yanaşı, milli musiqimizin çoxəsrlik tarixi ilə bağlı püxtələşmiş janr və formaları, eləcə də xalq çalğı alətlərimiz xüsusi qayğı ilə qorunub saxlanılır. Bizə mirsa qalmış bu zəngin xəzinə XX əsr Azərbaycan musiqisinin bünövrəsi, onun müxtəlif sahələrini qidalandıran bir örnəkdir.
Dahi bəstəkarımız, professional klassik musiqimizin banisi Üzeyir Hacıbəyovun 1908-ci ildə yanvarın 8(25)-də tamaşaya qoyulmuş "Leyli və Məcnun" muğam operası milli opera sənətinin və Azərbaycanın bütün professional bəstəkarlıq yaradıcılığının inkişafının əsasını qoydu. "Leyli və Məcnun" operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera idi. Üzeyir Hacıbəyov isə (1885-1948) tariximizə Azərbaycan musiqi mədəniyyətinin klassiki, onun yeni mərhələsinə təkan vermiş, milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. Azərbaycan professional musiqi yaradıcılığının təşəkkülü və inkişafı – bir çox janrların meydana gəlməsi və təkamülü, bir sıra professional kollektivlərin yaranması Üzeyir Hacıbəyovun adı ilə bağlıdır.
Azərbaycan musiqisində ifaçılıq məktəbi də xüsusi yer tutur. Milli musiqimizdə klassik opera ifaçılıq məktəbinin baniləri Şövkət Məmmədova və Bülbüldür (Murtuza Məmmədov). Şövkət Məmmədova (1897-1981) milli opera səhnəmizdə çıxış edən ilk qadın müğənni olmuşdur. Bülbül (1897-1961) sənətinin möcüzəsi onun milli vokal üslubunun italyan vokal ənənələri ilə üzvi surətdə birləşməsidir. Azərbaycan vokal məktəbinin şanlı yetirmələri sırasında Firəngiz Əhmədova, Fatma Muxtarova, Lütfiyar İmanov, Şövkət Ələkbərova, Rəşid Behbudovun adları vokal sənəti tarixində, Həqiqət Rzayeva, Rübabə Muradova, Məmmədağa Muradov, Zeynəb Xanlarova muğam ifaçılığında layiqli yer tuturlar. Müasir Azərbaycan opera sənətinin ən parlaq nümayəndələri Fidan Qasımova və Xuraman Qasımova bacılarıdır.
Tarix: 06.01.2015 / 16:34 Müəllif: Feriska Baxılıb: 178 Bölmə: Medeniyyet