Çoxdan gözlədiyiniz, həyəcanverici, ürəyinizin tez-tez döyünməsinə səbəb olan ilk görüş. Ona təyin olunmuş vaxtdan bir neçə gün əvvəl hazırlaşırsan. Ən maraqlısı isə budur ki, görüşün gedişatını qabaqcadan bilmək olmur. ANS PRESS "Aysel"ə istinadla qız və oğlanlara ilk görüşün keçirilməsinə dair bəzi məsləhətlər verir.
1. Görüş yeri və zamanı
İlk görüş üçün standart variantlar seçilməlidir: kafedə şam yeməyi, parkda gəzinti, kinoteatr, təbiət qoynunda piknik. Siz hələ ekstremal görüş və ya evdə şam yeməyi təşkil edəcək dərəcədə bir-birinizi yaxşı tanımırsınız. Görüşün zamanı isə adətən axşam vaxtı seçilir, çünki axşam romantikaya meyllidir. Adətən görüş yerini oğlan seçir. Heç zaman ilk görüşə şübhəli yerlərdə (onun evində, tanımalığınız məkanlarda) razılıq verməyin, axı siz onu hələ yaxşı tanımırsınız. Ən sadə varianta üstünlük verin, romantikanı isə növbəti görüşlərə saxlayın.
Seçdiyiniz məkanın cibinizə uyğun olub-olmadığını da nəzərə alın, çünki oğlan qızın yerinə də pul ödəməlidir. İlk görüşdə qıza çox pul xərcləməyin, əvvəldən «pis» öyrətməyin. Xoş sürprizlər fikirləşə bilərsiniz. Əvvəlcədən qızın rəfiqələrindən hansı yeməklərini bəyəndiyini öyrənin və ya sevdiyi filmə bilet alın.
2. Görüşə hazırlıq
İlk görüşə hazırlaşarkən xarici görünüşünüzə diqqət yetirin. Bu gün üçün xüsusi paltar almağa dəyməz, sadəcə ən rahat paltarınızı geyinin. Həmçinin geyim görüşün keçirildiyi yerə də uyğun gəlməlidir. Xarici görünüşünə həddindən artıq diqqət yetirən xanımlar bu məsələdə həddi aşa bilərlər. Salonda düzəltdirdiyiniz mürəkkəb saçdüzümü oğlanı qorxuda bilər. Hündürdaban tuflilər isə sizi yoracaq. Üstünüzə boşaltdığınız yarım flakon ətir isə sizdən iki metr radiusda olan istənilən adamı boğa bilər. İdman geyimi də məsləhət deyil, gözəlliyinizi vurğulayacaq və qüsurlarınızı örtəcək geyimlərə üstünlük verin.
Qızlardan fərqli olaraq oğlanlar özlərinə heç fikir vermirlər. Düşmüş düymə, ütülənməmiş köynək… Qızlar pinti oğlanları sevmirlər. Geyim və ayaqqabı mütləq təmiz, səliqəli olmalıdır. Çimməyi və üzünüzü qırxmağı da unutmayın. Bir də ki, çiçək almağı da unutmayın.
3. Davranış
Təbii ki, necə varsınızsa, elə qalın və özünüzə güvənli olun. Siz imtahan vermirsiniz, sakitləşin. Sadəcə vaxtınızı yaxşı keçirməyə, əylənməyə çalışın. Çatışmazlıqlarınızı ört-basdır etmək əvəzinə yaxşı cəhətlərinizi göstərin.
Əgər oğlan gülməli hadisə danışırsa, gülümsəyin (sizə gülməli görünməsə belə). Nə bərkdən, nə də çox alçaqdan gülməyin. Yeri gəlmişkən, gülümsəməyi əvvəlcədən məşq edin. Özünüzü ədəbli aparın, ciddi qız görünüşü bağışlayın. Axı oğlanlar uzunmüddətli münasibətlər üçün məhz belə qız axtarırlar.
Qadağan olunmayan toxunuşlardan qorxmayın: yanaqdan öpmək, ələ toxunmaq, qız bunları pis qəbul eləməz. Sərhədləri aşmayan toxunulmaqla duyulan əlaqə yolveriləndir, hətta vacibdir. Qıza diqqətli baxaraq onun xarakterinə görə davranın. Düzdür, psixoloq deyilsiniz, amma bir neçə sualla bu işi asanlaşdıra bilərsiniz.
4. Hansı mövzularda danışmaq olar:
Özünüzün və həmsöhbətinizin maraqlarından, məziyyətlərindən, həyat hadisələrindən. Yalnız özünüzdən danışmayın, qarşınızdakına da sual verib onu dinləyin. Sözünü kəsməyin, gözünün içinə baxın, gülümsəyin və baş sallayın, söhbət əsnasında ona adı ilə müraciət edin.
Hansı mövzulara toxunmaq olmaz: maddi vəziyyətə, iş mövzularına, intim xırdalıqlara, həyat problemlərinə, xəstəliklərə, keçmiş münasibətlərə. Öz qorxu, çatışmazlıq, həyəcanlarınızdan danışmayın. Söhbətdə yalnız müsbət keyfiyyətlərinizi, uğurlarınızı qeyd edin.
Qızlar boşboğazlıqları ilə seçilir. Özünüzə diqqət yetirin, həddindən çox sual verməyin. Sual verərkən də diqqət yetirin ki, oğlana marağınızın həddindən artıq olduğu hiss olunmasın. Əgər uğurlarından danışırsa, onu tərifləyin, kişilər tərifi çox sevirlər. Tərif də yerində və səmimi olmalıdır. Əks halda süni görünəcəksiniz.
Təbii ki, siz lətifə danışmağı sevirsiniz, ancaq lətifələrlə qızı yormayın, yerində və mövzuya uyğun danışın. Komplimentlər söyləyin, onlar da həqiqi və yerində olmalıdır. Uğurlarınızdan danışanda lovğalanmayın. Yalan danışmayın, əks halda yalan bataqlığında boğula bilərsiniz. Ən əsası söyüş söyməyin.
6. İlk görüşdən sonra
Əgər ondan xoşunuz gəldisə və ilk görüşdən qaçmadınızsa, deməli münasibətlərin gələcəyi var. İdeal variant - qarşılıqlı simpatiyadır. Bu halda münasibətin inkişafından bir neçə variant mümkündür - növbəti görüşün təyin edilməsi, intim yaxınlıq, sevgi etirafı və s. Əgər onu bəyənmədinizsə, bunu qarşı tərəfə bildirin. Ancaq bunu kobud şəkildə etməyin. Bu situasiya üçün konkret kəlmələr mövcuddur: «Çox sağ ol, səninlə zaman keçirmək maraqlı idi, ümidvaram ki, tanış kimi qalacağıq». Adekvat insan bunu normal qəbul etməlidir. Əgər belə sözlərdən sonra da o, başa düşməsə, daha açıq danışa bilərsiniz.
O, xoşunuza gəldi? Əla! "Həyatımın kişisisən» deyərək boynuna sarılmayın, sadəcə ya gülümsəməklə, ya baxışınızla bunu başa salın. Qarşılıqlı simpatiya olarsa, o, növbəti görüş barədə maraqlanacaq. Əgər maraqlanmasa initiativi üzərinizə götürün, risk edin, amma razı olmayacağına hazır olun.
Qadının qəlbinə dəymək asandır, ancaq bu o demək deyil ki, ona yazığınız gəldiyindən bəyənmədiyiniz insanla görüşməyə davam edəsiniz. Əgər qız xoşunuza gəlibsə, növbəti görüşü təyin edin. Axı bu addım oğlan tərəfdən gəlməlidir.
Tarix: 01.03.2013 / 12:58 Müəllif: [Ram] Baxılıb: 847 Bölmə: Maraqlı sevgi melumatları