Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tarixçəsi

El əfsanələrindən birində bu qalanın Şamaxı hakiminin öz qızı üçün tikdirdiyi yaylaq imarətinin yerində yarandığı söylənilir. Adətən çox səfalı, gül-çiçəkli yerləri gülüstan adlandırırlar. Yəqin ki, qala tikilməmişdən öncə yaylaq yeri olan dağ Gülüstan adını daşıyırmış və sonra da bu ad onun üstündə tikilən qalaya keçmişdir. Şamaxılı şair Xaqani Şirvaninin "Şamaxı Gülüstanın ətəyindədir" və Arif Ərdəbilinin "Şamaxı Gülüstanında bir qala var" deyimləri də bu fikri təsdiqləyir.

Gülüstan qalasında tikinti mədəniyyətinin yüksəkliyi onun böyük dövlət əhəmiyyəti ilə bağlı olmuşdur. Müdafiə tikilisində yarı və yaxşı yonulmuş daşlar işlədilməklə yanaşı, başqa daş plastikası örnəklərinin olması qalanın sahiblərinin yüksək mövqeyini bildirməliydi. Arif Ərdəbili Gülüstan qalasını öyərkən onu da bildirir ki, "gözəllikdə onun tayı yoxdur. Divarın yüksək yerlərində daşdan heykəllər düzəldilmişdir." Söz yox ki, bu qalanın tikintisində Şirvanşahların ən bəlli saray memarları, bənna və daşyonanları çalışmışlar.

Gülüstan qalası adi müdafiə tikilisi deyildi. Şirvanşahlar sülaləsinin uzun müddət yaylıq yeri – yay iqamətgahı, dövlət əhəmiyyətli güclü qalası kimi ikili yüksək status daşıması onun bitkin quruluşunda və yüksək səviyyəli memarlığında öz əksini tapmışdır. Səlcuqlar dövründə gərgin tarixi hadisələrlə bağlı bu qalanın möhkəmləndirilməsinə böyük diqqət ayırmışlar. Tarixçi və şairlərin əsərlərindən bilinir ki, XI əsrin sonları ilə XII əsrin başlarında hakimiyyət sürmüş Şirvanşah II Mənuçöhrün bacısı Şahbanu Xatun "Gülüstan qalasını yenidən tikdirmiş", Şirvanşah I Axsitan isə XII yüzilin sonlarında onu yenidən möhkəmləndirmişdir.

Qalanın dayanıqlığı və ağır mühasirələrə dözümü o çağın əsərlərində də öyülmüşdür. Dahi Azərbaycan şairi Xaqani Şirvaninin aşağıdakı misralarından da Şamaxının müdafiəsində Gülüstan qalasının oynadığı böyük rol hiss olunur:

Bizim Gülüstan qalamız Büqbeys dağına bənzəyir
Kəbə Büqbeysin ətəyində olduğu kimi,
Şamaxı da Gülüstanın ətəyindədir.

Dəfələrlə Şirvanşahların son sığınacağı olan bu əfsanəvi qala orta əsrlərdə Şirvan uğrunda gedən saysız tarixi savaşların bir növ foks nöqtəsi olmuşdur. Onun divar və bürcləri müxtəlif çağlarda Xəzər, Ərəb, Səlcuq, monqol, Səfəvi, Osmanlı yürüşlərinin gücünü görüb hiss etmişdir. Taleyi Azərbaycanın Mənuçöhr, Axsitan, Xəlilullah, Şah İsmayıl, Şah Təhmasib kimi görkəmli şəxsiyyətləri ilə bağlı olduğundan Gülüstan qalasının tarixi dəyəri çox böyükdür. Tarixçilərin bildirdiklərinə görə Gülüstan qalasına son böyük zərbəni XVI əsrin ortalarında I Şah Təhmasib vurmuşdur. Səfəvi-Osmanlı savaşlarının məngənəsində A. Cenkinsonun təbirincə "dünyanın ən qədim qalalarından sayılan" Gülüstan qalası dağıdılmışdır.


Tarix: 08.01.2015 / 01:16 Müəllif: Feriska Baxılıb: 73 Bölmə: Gülüstan qalası (Şamaxı)
loading...