Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.
Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:
- Harda qaldın, Rasimə?.. – Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:
- Gəlirəm, – dedi və əlindəki çaydanı krantın altına tutdu.
Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı.
Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı.
Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi…
Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi.
O vaxtdan o kişi bir də həyətdə görünmədi…
- Zərifə xalanın kişisi necə oldu, ana?.. – Bir dəfə balaca Ədhəm soruşdu.
- Öldü, bala. – Anası hüznlə bildirdi. – Yazıq xəstəydi…
“Ölmək” sözünün mənası Ədhəmə sonralar, tədricən çatdı…
Zərifə xalanın bir oğlu da vardı. Evliydi. Şəhərin başqa yerində yaşayırdı. Atası dünyasını dəyişəndən sonra neçə dəfə anasını yanına aparmaq istəmişdi, arvad razılaşmamışdı…
Ədhəm məhrəba ilə qurulana-qurulana pəncərədən boylanıb krantın üstünə bir də baxdı.
Rasimə çağırılan qız dabanıəzik tuflilərini taqqıldada-taqqıldada xırda addımlarla Zərifə xalanın evinə girdi.
Qapının güllü pərdəsini arxasınca saldı. Çəkib yanlarını düzəltdi…
Anası çörək doğradığı bıçağı kənara qoyub Ədhəmi tələsdirdi:
- Gəl otur, bala, yeməyini soyutma. Məktəbə gecikərsən.
Ədhəm stol arxasında soruşdu:
- Ana, Zərifə xalanın evindəki qızlar kimdi?..
- Zərifə xalayın kvartirantlarıdı. Sən dayıngildə olanda yığışıblar.
- Zərifə xalaynan bir yerdə qalacaqlar?..
- Yox, özü daşındı oğlugilə. – Anası nə bilirdi onu da əlavə etdi. – İki bacıdılar. Böyüyü institutda həkimlik oxuyur, bu il qurtarır. Sən görən kiçiyidi. İkinci kursda, müəllimlikdədi…
Həmin gündən Ədhəm daxilində nəsə qəribə dəyişikliklər hiss etməyə başladı.
Qəlbində o günə qədər duymadığı, yaşamadığı yeni, qeyri-adi hisslər oyanmışdı. Rasimə evdə olanda Ədhəm gözünü bayırdan çəkə bilmirdi.
Baxışları bacıların girib-çıxdığı qapı ilə su krantı arasında əsir-yesirdi. Su hər şırıldayanda dik atılırdı.
Yalvarırdı ki, suya gələn Rasimə olaydı…
Rasimə instituta birinci növbə, Ədhəm isə məktəbə ikinci növbə gedirdi. Qızı bir səhərlər görürdü, bir də axşamlar.
Əvvəllər gün çıxar, qalxardı bir boy, iki boy … qızardı.
Ədhəm gözünü açmaz, yatağından qalxmazdı. Anası elə hey gileylənərdi:
- Tayların nə vaxtdı durub. Sən hələ yuxu bişirirsən. Kimə oxşadın, ay bala, belə tənbəl, yatağan…
İndi bu giley-güzara son qoyulmuşdu. Günün yeri çırtlamamış sehirli bir əl Ədhəmi çəkib yorğanın altından çıxardırdı.
Duran kimi də həyətə yenirdi. Nəfəsi kəsilənə qədər qaçır, həyəti dörd dolanır, əl-qolunu oynadır, atılıb-düşürdü.
Dönə-dönə krantda yuyunurdu…
Hamısı Rasiməyə görəydi. Səhər-səhər onu görmək, nəzər-diqqətini cəlb etmək, qumrov kimi cingiltili, məlahətli səsini eşitmək üçündü.
Pis oydu ki, Ədhəm qızla üz-üzə, göz-gözə gəlməkdən çəkinirdi.
Əksər hallarda Rasimə həyətdə görünən kimi yox olurdu. Hardasa daldalanır, ona kənardan oğrun-oğrun, gizlicə tamaşa edirdi.
Qızla bir-iki kəlmə kəsən kimi utanıb özünü-sözünü itirirdi…
Bir dəfə Rasimə ağızucu maraqlandı ki, nə əcəb səhərlər yuxudan belə tez durur? O ki, ikinci növbədi? Ədhəm əvvəlcə çaşdı. Sonra ağlına gələn ilk fikri dedi:
- Adət eləmişəm… – Tez də həyət-bacaya göz gəzdirdi ki, görsün eşitmədilər.
Qonşuları Hüseyn əmiyə nə desin! Aradan heç ikicə gün keçmədi Ədhəmin paxırını açdı.
- Bu kişi qırığıyın qulağına səs dəyib-nədi, ay Səlbi? – dedi. – Qabaqlar onu linglə qaldırardın, indi xoruz banına oyanır…
Rasimənin bir qulağı onlardaydı, hamısını eşidirdi.
Anası güldü.
- Nə bilim, ay Hüseyn qardaş, yəqin indi-indi ağlı kəsir. Deyir, müəllimimiz tapşırıb ki, səhər-səhər tez durun, təmiz havada idman eləyin, xeyirdi…
Ədhəm özündən uydurmuşdu. O da vardı ki, idman müəllimi bunu elə həmişə deyirdi…
Bir zaman Zərifə xala qapısının ağzındakı skamyada oturub bütün günü corab toxuyardı.
İndi onu həmin skamyada bacılar əvəz etmişdi. Böyük bacı həyətdə az-az görünərdi. O da Rasiməynən.
Özünü ağır tutardı. Rasimə belə şeylərə fikir verməzdi. Gün batan kimi əlində kitab qapının ağzında peyda olardı.
Yaxşı da eləyərdi. Həyətdə çəkinməli adam yoxdu. Kişi adına bir Ədhəmin atasıydı, bir də Hüseyn əmi.
Onlar da neftçiydilər, neft mədənlərində işləyirdilər. Səhər gedib axşam gəlirdilər. Hətta bəzən günlərlə itib-batırdılar…
Ədhəmgilin evinin qabağında bir tut ağacı vardı.
Tut vaxtı allahın verən günü Ədhəmi onun kəlləsində görərdin. Tut çoxdan sovulmuşdu.
Ədhəm yenə onun üstündəydi. Qaranlıq qarışan kimi balkondan adlayıb sıx budaqların arasında yerini rahatlayardı. Sanki filmə baxmağa hazırlaşardı.
Bu “film” dünyada ən maraqlı filmdi. Bircə də qəhrəmanı vardı: Rasimə!
Ədhəmə elə gəlirdi ki, ömrü boyu bu filmə eyni həvəs, eyni maraqla baxar, doymaz!
Çünki Ədhəm hər axşam bu “filmdə” özü üçün nəsə bir yenilik, təzəlik kəşf edər, tapardı…
Hərdən ehtiyatsız dəbərib budaqları tərpədəndə Rasimə diksinərək başını qaldırıb altdan yuxarı tut ağacına sarı boylanardı.
Bir şey görməyib gözlərini təzədən kitaba dikərdi. Lakin bəzən qız budaqların tərpənməyini vecinə almazdı.
Ədhəm bununla təyin edərdi ki, oxuduğu kitab maraqlıdı, ya yox…
Rasimə dizdən yuxarı, qapılarının pərdəsi kimi güllü xalat geyinərdi. Oturanda ətəyi bir qarış yuxarı qaçardı.
Qəşəng, şümşad kimi düz, uzun qıçları bayırda qalardı…
Növbəti dəfə yanından ötəndə Rasimə Ədhəmi saxlayıb yenə sorğu-suala tutdu:
- Neçənci sinifdə oxuyursan? Dərslərindən neçə alırsan?..
Ədhəm qızın bircə sualına cavab verə bildi.
Dedi ki, səkkizinci sinifdə oxuyur. Qalan suallarını, sözlərini heç eşitmədi.
Çünki baxışları qəfildən qızın nəfəs aldıqca ahəstəcə qalxıb-yenən ağappaq, mərmər sinəsinə sataşdı. Güllü xalatının açıq düymələri arasından sürüşüb içəri düşdü.
Oğrun-oğrun, hürkək-hürkək. Başı gicəllənmiş kimi sinəsi aşağı yuvarlandı…
Ədhəm tez üzünü çevirdi. Rasimənin qıyqacı baxışları çatıldı. Qoşa badam içi dodaqları kipləşdi, yenidən açıldı.
- Üzünü yana niyə tutdun? Olmaya məndən utanırsan?..
Ədhəm üzünü təzədən qıza tərəf çevirdi. Baxışları istər-istəməz bayaq iz saldığı yerlərdə gəzdi. Yenə tab gətirmədi.
Bu dəfə başını aşağı saldı. İkinci oda düşdü. Rasimənin krujevalı ipək alt köynəyi, dizdən yuxarı açıq qıçları baxışlarını yandırdı, cızıldatdı…
Aman allah! Qız bütün bunları indicə hiss etdi və cəld əlini yaxasına apardı, sinəsini örtdü. Xalatının ətəyini çəkişdirdi.
- Bağışla… – Pıçıldadı.
Ədhəm qıpqırmızı qızardı. Yanaqları, qulaqları od tutub yandı. Dayana bilməyib evlərinə qaçdı. Neçə gün Rasimənin gözünə görünmədi…
Otağın baş tərəfindəki bədənnüma aynanın qarşısında Rasimə daha sehrli, daha cazibədardı. İki Rasimə üz-üzə, göz-gözə dayanardı.
Bir-birilə bəhsə girərdi. Bir-birinə naz satardı.
Biri uşaq kimi dodağını büzər, gülə-gülə dilini çıxardar, saçı ilə oynayar, yüz fason göstərərdi. O biri ondan geri qalmazdı.
Sonra Rasimə oxuyardı. Həmişə də eyni mahnını, eyni sözləri. Elə bil başqa söz bilməzdi.
Qurbanlıq istəsən,
Yar, deyim özümü…
Ədhəm onun zərif, məlahətli səsində bir həzinlik də tapardı. Danışığında bu yox idi. Oxuduğu mahnıdan süzülərdi.
Bir də, Ədhəm yalnız həmin anlarda bilərdi ki, Rasimənin aynaya baxa-baxa oxuması təsadüfi deyil. Qız səsini də orada görürdü…
Rasiməgilin otağındakı işıqlar tez sönərdi. Amma gecə lampası hələ bir müddət yanardı. Bacılar bu lampanın işığında siluetlərə dönərdilər.
Siluetlər otaqda o baş-bu başa hərəkət edər, nəyisə götürüb-qoyar, kölgələri divarlarda oynayar, nəhayət, yataqlarını açıb soyunardılar…
Ədhəm bunların hamısını bacıların pəncərəyə vurduqları yarımka pərdənin üstündən görər, maraq oduna yanardı.
Ürəyi az qalardı sinəsini deşib çıxsın. Hər dəfə ona elə gələrdi ki, bax, indicə nəsə olacaq … nəsə …
Lakin gecə lampası da gözünü qırpar və hər şey qurtarardı. Daha doğrusu, yarımçıq qalardı…
Ən qəribəsi, Ədhəm məyus olmaqdansa sevinərdi. Niyə? Özü də baş açmazdı. Əlləri, ayaqları, bütün bədənu əsə-əsə, uçuna-uçuna ağacdan düşərdi.
Düşəndən sonra da hələ nə qədər o anların həyəcanını yaşayardı…
Yorğan-döşəyində kirpikləri qovuşan kimi hər şey təzədən təkrarlanar, “gecə seansı” başlanardı.
Yenə Rasimə qapının ağzındakı skamyada əyləşib kitab oxuyardı, aynanın qabağında dayanıb yüz fason çıxardardı və yenə gecə lampası göz qırpardı…
Ədhəmin gündüz gördükləri ilə gecə gördükləri bir-birinə qarışardı.
Elə qarışardı ki, hansını nə vaxt gördüyünü ayırd edə bilməzdi…
* * *
Ədhəm yenə yoxa çıxmışdı. Anası Səlbi pəncərədən üzü qaranlığa nə qədər boylandısa bir şey seçə bilmədi.
Həyətin o başında Rasiməgilin lampaları da söndü.
Aşağıda, pəncərədən düşən işıq zolağında Səlbinin iri, yöndəmsiz kölgəsi daha da qatılaşdı.
- Ədhəm, ay Ədhəm!.. – Səlbi əlacsız qalıb oğlunu bərkdən harayladı.
Ancaq cavab almadı. Birdən tut ağacının pəncərəyə doğru uzanan budaqları tərpəndi. Səlbi başını qaldıranda nəsə bir qaraltının ona tərəf irəllədiyini gördü.
Əvvəl qorxdu, sonra Ədhəmi tanıyıb təəccübləndi.
- Gecəquşusan, a bala? Ağacda nə gəzirsən?..
Ədhəm ağır-ağır, ehtiyatla budaqdan-budağa keçərək pəncərəyə adladı. Lal-dinməz, key-key anasının üzünə baxdı. Sonra içəri atıldı.
Dayanıb yenə həmin baxışlarla gözünü döydü…
Səlbi bu müəmalı, anlaşılmaz baxışlardan ehtiyatlandı.
Ədhəmin başını yüngülcə sinəsinə sıxdı. Saçlarını sığalladı. Titrək əllərini tutub ovcunda saxladı.
- Xəstəsən, Ədhəm?.. – Soruşdu.
- Yox… – Ədhəm handan-hana dilləndi.
- Bəs niyə qızdırmalı adam kimi uçunursan? Rəngin-ruhun da qalmayıb. Ağacda nəəzirdin gecənin bu vaxtı?..
Ədhəm öz hisslərinə görə anasından utandı. Qulaqlarının yavaş-yavaş istilənib yanmasından qızardığını anladı.
Anasının qollarını aralayıb yataq otağına qaçdı. Tezcə də soyunub yatağına girdi. Səlbi də daha heç nə soruşmadı…
Ədhəm qaranlıqda anasının yüngül ayaq səslərini eşitdi. Sonra da çarpayısı cırıldadı. Başa düşdü ki, atası evdə yoxdu.
Atası gecə növbəsinə gedəndə Səlbi adətən onun otağında yatardı…
Otaq bir müddət gecənin qaranlıq sükutunda üzdü. Nəhayət, bulanan göl kimi tədricən durulmağa, aydınlaşmağa başladı. Daha doğrusu, Ədhəmin gözü qaranlığa alışdı.
- Ana, eşidirsən?.. – Yastığına dirsəkləndi.
- Hə… – Anası səsinə səs verdi.
Bir-birinin sifətini yaxşı seçmirdilər. Bəlkə elə buna görə Ədhəm cəsarətliydi.
- Ana, ömründə heç bircə adamı sevmisən? Amma gülmə, haa!..
Cavab bir az gecikdi. Səlbi fikirləşirdi.
- Daha gülmək niyə, oğlum? – Dedi. – Bax, səni, atanı sevirəm. Sağlığında anamı çox sevirdim…
- Elə sevmək yox ey… – Ədhəm anasının sözünü kəsdi. – Mən əsl məhəbbətdən danışıram…
- Bəs mənim məhəbbətim əsl məhəbbət deyil, oğlum?..
Ədhəmə elə gəldi ki, anası incidi. Nə qədər fikirləşdisə demək istədiyini çatdırmaqçün münasib söz tapmadı.
Bir də Ədhəm bu mövzuda anası ilə ilk dəfəydi danışırdı. Sıxılırdı. Nəhayət, çətinə düşən adam kimi mızıldandı.
- Məhəbbətdi e… Amma mən o kinolarda olur haa…
- Hə, aydındı… – Anası şuxluqla güldü. – Məgər biz atanla bir-birimizi lap elə o kinolardakı kimi sevmirik?..
Ədhəm nəsə xatırlayıb bu axmaq suala görə özünü danladı. Axı atası ilə anasının bir-birini necə sevdiyini yaxşı bilirdi.
Ondan bilirdi ki, haçansa atası anasının bir cüt hörüb çiyinləri aşağı arxaya atdığı saçlarını sığallayaraq demişdi:
- Sənin bu buruq-buruq saçların nədənsə mənə həmişə bizim neft buruqlarını xatırladır, Səlbi…
Bax onda Ədhəmə elə gəlmişdi ki, anası bu bənzətmədən bərk inciyəcək.
Axı anasının ətirli, ipək kimi saçlarını mazutlu buruqla necə müqayisə etmək olardı?
Çox da atası üçün o mazutlu buruqlar da anası, onun ətirli ipək saçları kimi əzizdi.
Çox da kənardan baxanda anasının hörükləri o mazutlu neft buruqlarına, doğrudan da, bir az oxşayırdı…
Lakin anası bircə qram da inciməmişdi.
Əksinə, atasının üzünə baxıb xoşbəxt-xoşbəxt gülümsəmişdi.
Ədhəm də başa düşmüşdü ki, onlar bir-birini həqiqətən sevir. Əsl məhəbbətlə sevir. Lap kinolardakı kimi!..
O axşam Ədhəm də xəyalən saçlarını çiyinləri aşağı tökərək Zərifə xalanın qapısı ağzındakı skamyada oturub kitab oxuyan Rasiməni Xəzərin sahilində, bulvarda gördüyü məcnun söyüdlərə oxşatdı.
Hansı ki, sevənlər onların altında görüşər, bir-birinə ürəklərini açar, baş-başa verib pıçıldaşmaqdan doymazdılar.
Ədhəmin ən böyük arzusu günlərin bir günü Rasimə ilə o söyüdlərdən birinin altında görüşmək, sevişməkdi…
Ədhəm bilmədi Rasimə onun bu bənzətməsini eşitsə, anası bir zaman atasının bənzətməsini eşidib üzünə xoşbəxt-xoşbəxt gülümsədiyi kimi gülümsəyərdimi?..
- Ana, deyim, mən kimi sevirəm?..
Ədhəm özü də bilmədi bunu nə vaxt ağzından qaçırtdı.
Anasının çarpayısı cırıldadı.
- Kimi, Ədhəm?..
Ədhəm maraqla ona qulaq kəsilən anasına tərəf döndü.
- Rasiməni… – Dedi, tez də yorğanı başına çəkdi.
- Kimi? Rasiməni?.. – Anası təkrar soruşdu. Sonra şən-şən, ürəkdən güldü.
Ədhəm başını yorğanın altından çıxartdı.
- Niyə gülürsən, ana? Pis qızdı?..
- Yox, qəşəng qızdı!.. – Anası o saat ciddiləşdi. Ədhəm də inandı ki, anası bunu sidq-ürəkdən deyir. – Kaş böyük oğlan olaydın, Ədhəm! Rasiməni sənə alardım. Həyətimizdə bir toy çaldırardıq ki!..
Ədhəm o gecə ilk dəfə Rasimə ilə özünün toyundan bəzi şeyləri fikrində canlandırmağa çalışdı.
Nə qədər baş sındırsa da doğru-dürüst heç nə alınmadı.
Eləcə yuxuladı.
Yuxusunda da ilk dəfə sübhəcən toy gördü. Həyətlərində elə hey toy çalındı.
Qəribə burasıydı ki, toyxanada Rasimə ilə yanaşı əyləşən Ədhəm deyildi. Qonşu məhəlləli oğlandı.
Hansı ki, bu yaxınlarda evlənmiş və Ədhəm onun paxıllığını çəkmişdi. Rasimə də heç Rasiməyə oxşamırdı.
Məcnun söyüddü ki, durmuşdu. Başında da qardan ələnmiş ağappaq gəlinlik örpəyi…
Tarix: 08.06.2015 / 18:12 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Eyvaz Zeynalov