Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nüsrət KəsəmənliDostum....

Dostum....

Gəl, məni dost kimi dindir, danışdır.
Dost bilsin qıraqdan camaat bizi.
Mən deyim: dostumdur, sən de: tanışdır,
Hamıdan gizlədək sevdiyimizi.

Danışaq, gülüşək, gəzək yan-yana
Onda adımıza söz də deyilməz.
Gizli görüşümüz çıxsa meydana,
Deyək ki, dost dostla görüşə bilməz?

Yalandan bir oğlan şəkili gətir,
Heç kim bilməsin ki, sevgiliyik biz.
İstəsən arada qoluma da gir,
Burda pis nə var ki , dost deyilik biz?

Zəng elə danışaq dərsdən-filandan,
Anana denən ki, bir yoldaşımdı.
Qoy hamı "dost" bilsin bizi hər zaman,
Denən ki , heç mənim sevən yaşımdı...

Bu yolla gizlədək gəl sevgimizi,
Camaat "dost" bilsin, anansa yoldaş...
"Dost"luğa bükərək həsrətimizi,
Bir azcıq sevinək gəl yavaş-yavaş.

"Dost"luqla böyüsün məhəbbətimiz,
Qoy daha olmasın həsrət, göz yaşı...
Gəl, əvvəl həyatda yoldaş olaq biz,
Sonrasa olarıq həyat yoldaşı... Ardı »

Nüsrət KəsəmənliMənim bu şəhərdə kimim var axı

Mənim bu şəhərdə kimim var axı

Mənim bu şəhərdə kimim var axı;
Hər qapı döyməyə əlim gəlməyir.
Üzümü taleyə tutub gedirəm,
Tale də həmişə üzə gülməyir...

Ayağım altında tanış səkilər,
Önümdə açılan mənzərə bozdur.
Çoxdan köhnəlibdir əynimdəkilər,
Nə qədər çırpsam da yenə də tozdur.

Gözdən oxuyuram bic tərifləri,
Məqsədli sağlıqdır hirsimi boğur,
Kiminsə başlayır həsəd ağrısı,
Mənimçün telefon hədəsi doğur...

Mənim bu şəhərdə kimim var axı;
Taleyin verdiyi paya – paxıllıq,
Boyu ki mən özüm qazanmamışam,
Allahın verdiyi boya – paxıllıq.

Mənim bu şəhərdə kimim var axı;
Köhnə məhəbbətin qız tanışları...
Hər səhər gördüyüm oyaq bir yuxu,
Salam tanışları,
üz tanışları...
Bir də ilhamımın tanış nəfəsi,
Onun da küsülü anları çoxdur,
Həftənin beşgünlük qazanc qəfəsi, -
Bəs edər...
Nəfsimin gözləri toxdur...

Mənim bu şəhərdə kimim var axı,
Bu ömrün sonuna gümanım azdır.
Səyyah ayaqlarım,
fəhlə əllərim,
Bir Ardı »

Nüsrət KəsəmənliÖlümə tərəf

Ölümə tərəf

Gedirik deyə-gülə,
Gedirik ölümgilə.
Gedər-gəlməz yoldu bu,
Kim qayıda, kim gələ?!
Ölüm, qarşıla məni.

Piyada səbrimiz yox,
Maşın qəzası nə çox...
Həyat üzük içində, -
Hansı tərəfə qaçaq;
Ölüm, qarşıla məni.

Ömür – sinif dəftəri,
Saylıdır varaqları.
Əlimiz yetməz ona,
Təzədən yazaq barı;
Ölüm, qarşıla məni.

Hələ tezdir, igidim,
Nəyim var, nə üyüdüm.
İki körpəm gözləyir,
Möhlət ver qoy böyüdüm,
Gəlim, qarşıla məni... Ardı »

Nüsrət KəsəmənliKaş ki....

Kaş ki....

Nələr, nələr yada düşdü,
Xatirələr oda düşdü.
O günlərdən qəlbimizə
Qorxulu bir səda düşdü,
Görməyəydim kaş ki səni.

Bahar gəldi qış evinə,
Bu köçəri quş evinə.
O vaxt naşı bənna kimi
Yaddaşımın daş evinə
Hörməyəydim kaş ki səni.

Külə dönmüş od-ocaqsan,
Bəlkə belə qalacaqsan.
Onda uşaq deyildim ki,
Bilirdim ki solacaqsan,
Dərməyəydim kaş ki səni.

Hicran gəldi sinə-sinə,
Günlər ötdü sənə-sənə.
Bir güldanda saxlayaydım,
Öz əlimlə özgəsinə
Verməyəydim kaş ki səni... Ardı »

Nüsrət KəsəmənliYumul, bənövşəm, yumul

Yumul, bənövşəm, yumul

Hava yaman sazaqdı,
Günəş səndən uzaqdı,
Bir ac quzu mələyib
Sənə boylandı, baxdı,
Yumul, bənövşəm, yumul.

Çəmənlərə iz düşür,
Bir deyil ki, yüz düşür.
Niyə sənin payızın
Hər çiçəkdən tez düşür;
Yumul, bənövşəm, yumul.

Göydə bulud görünür,
Bulud qara bürünür.
O dağda bir duman var
Sənə tərəf sürünür;
Yumul, bənövşəm, yumul...

Qalarsan baxa-baxa,
Kağız gül səndən baha,
Arı yaman çoxalıb
Gülü də sancır daha;
Yumul, bənövşəm, yumul.

Ömrün bircə həftədir,
Ətrin min cür həbdədir,
İndi sevənlər üçün
Beş qərənfil dəbdədir;
Yumul, bənövşəm, yumul.

Yum gözünü, çən görmə,
Vaxtsız gələn qəm görmə,
Dünya yaman qarışıb,
Mən görəni sən görmə;
Yumul, bənövşəm, yumul!... Ardı »