Botaniki təsnifatı.Cincilim bitkisi Qərənfilçiçəklilər–Caryophllaceae fəsiləsindəndir. Azərbaycanda 5 növü yayılmışdır.Dünyada 100–dən çox,Qafqazda isə 8 növü məlumdur. Gövdəsinin hündürlüyü 10 – 30 sm olan birillik və yaxud ikiillik ot bitkisidir. Çiçəkləri xırda olub ağ, meyvəsinin toxumu isə tünd qəhvəyi rəngdədir. Çiçəklənməsi iyun ayından sentyabra kimi davam edir. Bitkinin ömrü 3 – 4 həftə çəkir. Cincilim yaşayış evlərinin yaxınlığında, bostanlar, bağçalar, kanalların ətraflarında, nəmişli yerlərdə,çay kənarları, yolların qıraqlarında bitir. Cincilimdən toyuq və donuzların yemlənməsində istifadə olunur. Təbabətdə ən çox istifadə olunan cincilim növü orta cincilimdir.
Orta cincilim – Stellaria media. Birillik və yaxud ikiillik ot bitkisi olub, 10 – 30 sm hündürlüyündədir. Yarpaqları qarşı
– qarşıya düzülən yumurtavari formadadır. 1,5 – 3 sm uzunluğunda yuxarıda yerləşənləri oturacaq, aşağıda yerləşən yarpaqları saplaqlıdır. Hamaşçiçəkləri yalançı – dixotomdur. Qutucuğu yumurtavari və yaxud uzunsovdur. Xırda, ağ rəngli çiçəklərinin ləçəkləri sərbəstdir, erkəkciyi 3 – 5, yumurtalığı üstəndir. Bitki aprel ayından sentyabra kimi çiçəkləyir.
Azərbaycanın aşağı dağ ətəyindən subalp qurşağına qədər demək olar ki,bütün rayonlarında cincilimə yabanı halda rast gəlinir. Xüsusən alaqlı yerlərdə, yol ətrafında, çay kənarlarında, qayalıqlarda ehtiyatı daha çoxdur. Bu nəmişlik sevən bitki rütubətli meşə yolları kənarlarında, yaşayış binalarının ətrafında, ən çox isə münbitli torpaq sahələrində, baö və bostanlarda, ləklərin arasında elə yayılır ki, alaqotu kimi buna qarşı mübarizə çox çətinlik törədir.
Tətbiqi. Cincilimdən hazırlanan preparatlar vitamin, bakteriosid, soyuqdəymə, damar genişləndirmə, qan təzyiqini aşağı salma, sidikqovucu,ödqovucu, qankəsici, yarasağaldıcı və s. xüsusiyyətlərə malikdir. Azərbaycan xalq təbabətində cincilimin su ilə qarışdırılmış şirəsi mədə – bağırsaq xəstəlikləri zamanı ağrıkəsici kimi işlədilir. Amerika əczaçılıq firmalarının hazırladığı dərman preparatı maddələr mübadiləsinin pozulması, xüsusilə şəkər xəstəliyi zamanı, ciyər və dəri xəstəliklərində – qaşınma, sızanaq, səpmə, əsəb, çiban, ekzema, artrit zamanı oynaqların iltihabı və s. xəstəliklərdə geniş tövsiyə edilir. Qızdırmanı salmaq, orqanizmdə qanın keyfiyyətini yaxşılaşdırmaq və sakitləşdirici kimi də böyük təsir gücünə malikdir. Cincilimdən ərzaq məhsulu kimi də geniş istifadə olunur. Əsasən qutab və dovğada işlədilir.
Tarix: 15.08.2012 / 02:14 Müəllif: [Ram] Baxılıb: 2950 Bölmə: Şəfalı Bitkilər