Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seyid Əzim Şirvaninin lətifələrindən

Lətifə 1
Bir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən narazıdırsa, ayağa dursun. Hamı qalxdı, ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Xan dedi: - Ey şəxs, məgər sən övrətindən razısan ki, ayağa qalxmadın?
O cavab verdi ki, yox sənə fəda olum, bu gün övrətim qıçıma belə vurubdur ki, qıçım şikəst olubdur. O səbəbdən qalxmadım.

Lətifə 2
Bir gün Şirvanın xanı Mustafa xan mərhum məclisdə bir tərəkəmədən soruşdu ki, ey şəxs, allah neçədir?
Tərəkəmə fikir edirdi, xanın dalında duran naziri xandan məxfi beş barmağın yuxarı tutdu, yəni deginən ki, allah beşdir.
Xan qəzəbnak olub dedi ki, ey heyvan, nə danışırsan, neçə allah beşdir?
Tərəkəmə ərz elədi ki, allah sənin nazirüvə bəla versin, mən on deyəcəkdim, o, beş barmağını yuxarı tutdu. Onunçün mən beş dedim. Xan, allah ondur.
Lətifə 3
Bir gün Mustafa xan mərhum, bir şəxsdən soruşdu ki, ey şəxs, toyuğun harası yeməlidir və çox ləzzətlidir?
Ol şəxs cavab verdi ki, dərisi hər yerindən ləzzətlidir.
Xan ona xələt verdi.
Bir gün Mustafa xan mərhum, bir şəxsi-digərdən soruşdu ki, camış ətinin harası ləzzətlidir və yeməlidir?
Çün bu şəxs görmüşdü bir nəfər toyuğun dərisini ləzzətli dedi, xan ona xələt verdi, bu da təqlidən dedi ki, camış ətinin hər yerindən ləzzətli gönüdür.
Xan ona qəzab edib, məclisdən ixrac elədi.

Lətifə 4
Bir gün Şamaxıda bir nəfər şəxs bəd əzzöhr vəfat eləmişdi. Qəbiristana adam göndərdilər ki, qəbir qazsın. Görkən qəbri qazdı. Meyit sahibləri məsləhət görmədilər ki, dar ikindi vaxtı xalqa zəhmət versinlər. O gecə meyiti evdə saxladılar ki, səhər dəfn eləsinlər.
Xalq dedi ki, qəbrin ağzı açıq qalmaq yaxşı deyildir, şəhərə vəba naxoşluğu düşər, gərəkdir ki, haman qazılmış qəbirdə bir nəfər adam bu gecə yatsın, sabah meyiti dəfn edərik.
Qəzara, bir nəfər çoban qəbiristan kənarında qoyunlarını otladırdı, çobana on manat pul verib razı elədilər ki, çoban qəbirdə yatmışdı. Yanında bir böyük dəyənəyi var idi. Şəhərdə iki nəfər lotu dedilər ki, elə bu çoban on manatı yesin getsin? Bu gecə birimiz Münkər və birimiz Nəkir surətində gedib çobandan on manatı alarıq.
Bəs hər biri bir ağ kəfən taxıb, ağacın başına əsgi və neftlə lopa qayırıb gəldilər çobanın üstünə. Çoban nə Münkər bilirdi, nə Nəkirdən xəbəri var idi. Gəldilər çobana dedilər ki, "Mən rəbbükə?"1
Çoban dedi ki, mən ölməmişəm, mən bir nəfər diri çobanam. Mənə on manat pul veriblər ki, bu gecəlik bu qəbirdə yatam. Hələ ölən sabah gələcək, gedin sabah gəlin.
Lotular əlində olan lopaların silkələyib çobanı vurdular, dedilər: "Mən rəbbükə?"1
Çoban yalvardı ki, mən ölməmişəm, qulaq asmayıb çobanı lopa ilə vurdular. Çoban qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurdu, dərhal məğzi-səri tökülüb, həlak oldu. O biri yoldaşı üz qoydu şəhərə qaçmağa. Çoban onu qova-qova saldı şəhərə. Meyit olan evin yanında bir xəraba hamam var idi, lotu qaçıb gizləndi ol xəraba olan hamamda. Çoban fəryad elədi ki, ay camaat, bir çıraq gətirin. Çobanın sədasına xalq cəm oldular. Gördülər haman çobandır ki, on manat alıb qəbirdə yatmışdı.
Dedilər ki, ey çoban, nə var?
Dedi ki, Münkərlə Nəkir səhv edib, məni ölən bilib, qəbiristana gəlib məndən bir para sözlər xəbər alırlardı. Dedim ki, mən ölməmişəm, meyit hələ sabah gələcək. Qanmadılar, əllərində olan gürzi-ətəşin ilə məni vurdular. Mən qəbirdən qalxıb Münkərin kəlləsindən bir dəyənək vurmuşam, beyni dağılıb ölübdür. Amma Nəkir zərbi-şəstimi görüb qaçdı. Onu qova-qova salmışam bu xarabaya. Allah xatirinə bir çıraq gətirin, əgər onu da öldürsəm, dəxi qəbirdə olanlarımız rahat yatarlar, Münkər və Nəkirin şərlərindən salamat olarlar.
Bunlar dedilər ki, yəqin çobanı vahimə basıbdır. Çobanı bir dillə yola saldılar. Sabah qəbiristana gələndə gördülər bir nəfər lotunun kəlləsi dağılıbdır. Tanıdılar. Yoldaşını dəxi bildilər ki, kim imiş və üçün qəbiristana gediblərmiş - hamıya məlum oldu.

Lətifə 5
Qarabağlı Talıb xan, nağıl edirlər ki, bir gün şikara getmişdi. Bir qırqovul tutmuşdu. Axşam mülazimlərinə dedi ki, siz bu qırqovulu buxarıda şişə çəkib bişirin, mən yorulmuşam, bir qədər yatım, durub yeyəcəyəm.
Talıb xan yatdı. Nökərlər qırqovulu bişirdilər, özləri yedilər. Şişi boş buxarının yanına söykədilər. Iki-üç saatdan sonra Talıb xan xabi-qəflətdən bidar oldu, dedi ki, gətirin qırqovulu.
Nökərlər hamı şəhadət verdilər ki, ağa, sən qırqovulu yedin, yatdın. Talıb xan dedi ki, doğrudur: çünkü ciyərim çox yanır, məlum ki, yemişəm, yatmışam. Bəs bir qədər su verin. Suyu içdi, yenə yatdı.


Tarix: 28.11.2014 / 18:30 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Ümumi Letifeler
loading...