beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Obalar köç edib (Tebiət şeiri)

Daha pətəklərdən uçmur arılar,
Yarpaqlar tökülüb, bağ yetim qalıb.
Nağıla başlayıb qoca qarılar,
Obalar köç edib, dağ yetim qalıb.

Qar-boran haqlayıb uca zirvəni,
Kəkliyin nəğməsi yaman həzindi.
Yüz yerə qıvrılır dərənin çəni,
Elə bil düz-dünya donacaq indi.

Gündüzlər sıx bulud, gecələr ayaz,
Küləklər çapırlar belədən belə.
İnana bilmirəm o çiçəkli yaz,
Bir daha bu yurda qayıda gələ.

Qırmızı don deyib döşdə yemişan,
İtburnu baldan da bir az dadlıdır.
Aylarla güllərə nəğmələr qoşan,
Bülbüllər nə vaxtdır min soraqlıdır.

Bulaqlar gediblər div yuxusuna,
Çoxdandır quruyub sısqa çeşmələr.
Böcəklər qalxanda yaz qoxusuna,
Yenə də bu yurda qaranquş gələr.


Tarix: 26.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: UŞAQ ŞEİRLƏRİ