beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övlad öpüşü

Ömrüm ayın, ilin qalmaqalında,
Əllərim həyatdan asılı qalıb.
Gözüm ötən günün qalır dalında,
Qayğım yamancana artıb, çoxalıb.

Qızımın qələmdən tutub əlləri,
Oğlumu əlimlə gəzdirməliyəm,
İnanın, mən ata olandan bəri,
Az qalır gözümlə qayğılar yeyəm.

Səhər iş azaldır qayğılarımı,
Axşam körpə səsi, körpə gülüşü.
Gülərüz görəndə evdə qarımı,
Elə bil yoluma şəfəqlər düşür.

Varım körpə səsi, nağıl bayatı,
Yoxum ömrümüzdən itən günlərim.
Bulaq nəğməlidir insan həyatı,
Qayğılar içində salınıb yerim.

Evimə dönəndə əlimdə sovqat,
Onlara bəs edər yarı da, az da.
Gec dönsəm geriyə əgər bir saat,
Körpələr düzülər astanamızda.

Uşaq bayraq etsə əlində “beş”i,
Sanıram xoş anım, xoş saatımdır.
Hər gün qazandığım övlad öpüşü,
Qərarsız, möhürsüz mükafatımdır.


Tarix: 26.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 69 Bölmə: UŞAQ ŞEİRLƏRİ