beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müstəqil Azərbaycan Respublikası

SSRİ-nin dağılması ilə Azərbaycan da müstəqillik əldə etdi. Azərbaycanda milli azadlıq hərəkatı hələ Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bərqərar olmuş sovet rejiminin ilk günlərindən başlamışdı. 20-ci illərdə Azərbaycanı bürüyən müqavimət hərəkatı və üsyanlar buna misal ola bilər. Rejimin hələ ilk ilində — 1920-ci ildə ona qarşı Gəncədə, Qarabağda, Zaqatalada, Lənkəranda, Şəmkirdə və b. yerlərdə açıq üsyanlar baş vermişdi. 1920 — 1924-cü illərdə Azərbaycanda Sovet rejiminə qarşı 54 silahlı çıxış olmuşdu. Keçmiş milli demokratik partiyalar («Müsavat», «İttihad» və b.) gizlində öz fəaliyyətlərini davam etdirirdilər. Azərbaycanda milli müstəqillik uğrunda mübarizə aparan təşkilat və qruplar yaradılmışdı. Gizli fəaliyyətə keçən «İttihad» partiyası «Vətən və ölüm» qrupu yaratmışdı. A.Musaxanlının və N.Şahsuvarovun başçılığı ilə Bakı Pedaqoji Texnikumunda «Gənc Azəri» qrupu fəaliyyət göstərmişdi. «Müsavat» partiyası gizli şəkildə «İstiqlal» vərəqəsi nəşr etdirmişdi. 1923-cü ildə onun səhifələrində verilmiş bəyənnamədə yazılmışdı: «Ey türk (Azərbaycan) xalqı! Səni azad edəcək və xoşbəxt yaşadacaq qanlı mübarizəyə bütün qüvvənlə hazırlaş, səni bu mübarizə xilas edəcəkdir. Azərbaycanın istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini tanı, milli intibahını yüksəlt, haqq səninlədir!
Yaşasın Azərbaycan istiqlalı! Yaşasın üçrəngli bayrağımız!».
Azərbaycan xalqının istiqlal ruhunu yaşatmaqda 20 — 30-cu illərdə mühacirətə getməyə məcbur olmuş siyasi və ziyalı qüvvələri də mühüm rol oynamışdılar. Onlar təşkilatlanmalar və mətbu təbliğat yolu ilə istiqlal yaddaşımızı sönməyə qoymurdular. Onların qüvvəsi ilə xaricdə Milli Azərbaycan mərkəzi yaradılmış, «Yeni Qafqasiya» (1927), «Azəri türkü» (1928), «Odlu Yurd», «Azərbaycan Yurd Bilgəsi», «Milli Yol» (1929 — 1931) məcmuələri nəşr etdirilmişdi. Onların başlıca amalı Azərbaycanın müstəqilliyini bərpa etmək, müstəqil Azərbaycan yaratmaq idi.
İstiqlal ideyaları İkinci Dünya müharibəsi və ondan sonrakı dövrdə də yaşayırdı. Müharibə illərində M.Ə.Rəsulzadə başda olmaqla xarici siyasi mühacirət müharibədən Azərbaycanın müstəqilliyini bərpa etmək üçün istifadə etməyə çalışırdı. Hətta 1943-cü ilin payızında Berlində Ə.Fətəlibəylinin başçılığı ilə Mühacir Azərbaycan hökuməti yaradılmışdı.
Müharibə və ondan sonrakı illərdə də Azərbaycanda milli-azadlıq ruhu yaşayırdı. ADU-nun Azərbaycan SSR DTK-ı tərəfindən uydurma ittihamnamə əsasında 1942-ci ilin dekabrında güllələnmiş III kurs tələbəsi Məmmədhüseyn Rzayev Vətəni azad, müstəqil görmək istəyən gənclərin qəlbindən gələn fikirlərini tərənnüm edərək yazmışdı:
Dirçəl, daha dirçəl, uyumaq artıq əbəsdir!
Ya öl bu vuruşda, ya da zənciri kəsdir.
Azada sevir qollarını doğduğun övlad.
Bəsdir sinən üstə yaşadı hər cürə cəllad.
Qaldır başını, bağrına bax qan göyə vurmuş,
Əfsus ki, o cəllad şişərək hey ki, oturmuş,
O, şişir gözləri qan caynağı insan cəsədindən,
Azmış, bağırır, əmri budur! Hey! Kəs ətindən!
Ver, ver ki, yeyim zülmünə qüvvət gələ bəlkə,
Sən, ey nökərim, əmrimə müti olan ölkə!?
Söylə yaraşarmı adına böylə həqarət?
Qeyrət yeridir, sevgili yurdum, yenə qeyrət!
Söylə nə üçün müti nökər gənc adın olsun,
Coşgun qara neftin, taxılın həmyadın olsun,
Taxıl becərən qəhrəman əllər, dilə dan,
Körpə cocuğun süd diləyən ahı ilə zarı,
Ana ürəyin parçalanmazmı, ana yurdum?
Ah, ah, nə üçün döndü ürəyin qana yurdum?
Söylə, köməyin yox ki, sənin haqqını alsın,
Yadlar quşunun şahpərini torpağa salsın?!
Göylərdə uçan nəğmə deyən oğluna fəryad,
Ki, onun pəncəsinə dözməyə heç cür dəli cəllad.
Babək daha dursun, yerisin düşmənin üstə,
Babəkləri sən, sevgili yurdum, özün istə!
Yalçın qayalardan, təpələrdən və dənizdən,
Çiynində əsarət çanağı aç gələ bizdən.
Tələbə gənclərdən Gülhüseyn Abdullayev (Hüseynoğlu), İsmixan Rəhimov, Azər Zeynalovun başçılığı ilə 1942-1943-cü illərdə «İldırım» adlı gənclər təşkilatı yaradılmışdı. Təşkilata müxtəlif ali məktəblərdən Kamil Rzayev, Azər Ələsgərov, Aydın Vahidov, Kamal Əliyev, Musa Abdullayev daxil idilər. Təşkilat Azərbaycanın müstəqilliyi ideyalarını yayırdı. Təşkilat çox tezliklə dağıdılmışdı. 1948-ci ilin payızında onun üzvləri həbs olunmuş, 1949-cu ilin mart ayında isə mühakimə edilmişdilər. Təşkilatın fəal üzvlərindən İsmixan Rəhimov, Gülhüseyn Abdullayev və Hacı Zeynalov 25 il müddətinə konslagerə göndərilmiş, qalanlardan 4 nəfəri 10 il, bir nəfəri (Aydın Vahidov) 7 il müddətinə həbs olunmuşdular. 1956-cı ildə SSRİ Ali Məhkəməsi tərəfindən onlar barədə cinayət işi xətm olunmuşdu.
60 — 70-ci illərdə Bakıda, Gəncədə, Sumqayıtda gizli siyasi təşkilatlar yaradılmışdı. 1973-cü ildə BDU-da Asəf Kərimov başçılığı ilə qeyri-leqal «Milliyyət» təşkilatı, Əbülfəz Əliyevin başçılığı ilə Azərbaycanın müstəqilliyini təbliğ edən gizli siyasi qrup, Sumqayıtda Rafiq Turabxanoğlunun başçılığı ilə «Turan» qrupu yaradılmışdı. Hətta «Milliyyət» təşkilatının üzvləri 1976-cı ildə bir may nümayişi vaxtı Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını qaldırmışdılar Onlar tez bir zamanda DTK tərəfindən ləğv olunmuşdu.
XX əsrin 60 — 70-ci illərində Azərbaycanda yayılan dissidentlər hərəkatı da milli müstəqillik ideyalarının yayılmasına xidmət etmişdi. Sosializm ideyalarını iflasdan və SSRİ-ni dağılmaqdan xilas etmək məqsədilə 80-ci illərin ortalarında irəli sürülən «yenidənqurma» siyasəti Azərbaycanda da demokratiya və suverenlik uğrunda mübarizəyə yeni nəfəs verdi. Azərbaycanda da demokratiya və suverenlik uğrunda kütləvi hərəkat başladı.
Demokratiya və aşkarlıq şəraitindən məharətlə istifadə edən ermənilərin Azərbaycanın əzəli torpaqları hesabına «Böyük Ermənistan» yaratmaq iştahaları yenidən artdı. İlk növbədə azərbaycanlılar kütləvi olaraq Qərbi Azərbaycandakı doğma torpaqlarından qovuldular. Qısa müddət ərzində 230 mindən çox azərbaycanlı deportasiyaya məruz qaldı. Mərkəzin, xüsusən M.Qorbaçovun xeyir-duası ilə «Dağlıq Qarabağ problemi» qondarıldı. 1988-ci il fevralın 21-də DQMVS Azərbaycanın əzəli tərkib hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə keçməsi barədə qərar qəbul etdi. Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağdan da azərbaycanlıların təmizlənməsinə başlanıldı. 1988-ci il fevralın 24-də Əskəranda iki azərbaycanlı öldürüldü, fevralın 28-də faciəli Sumqayıt hadisəsi törədildi. Bütün bunlarda azərbaycanlıların təqsirkar olduğu məqsədli şəkildə dünyaya yaydırıldı. Bununla onlar antiazərbaycan, antitürk ictimai fikrin formalaşmasına nail oldular.
Bütün bunlar Azərbaycanda suverenlik və ərazi bütövlüyü uğrunda kütləvi xalq hərəkatının başlanmasına səbəb oldu. 1988-ci il fevralın 19-da Bakıda ilk etiraz mitinqi keçirildi. Kütlələrin etiraz mitinqlərindən ən əzəmətlisi 1988-ci il noyabrın 17-də Bakının Azadlıq (keçmiş Lenin) meydanında olmuşdu. Bu mitinqdə yarım milyondan çox adam iştirak etmişdi. Mitinq «suverenlik», «azadlıq» şüarları altında keçmişdi. Mitinq zamanı iştirakçıların bir qismi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılmışdı. Mitinq dekabrın 4-də səhərə yaxın silahlı qüvvələr tərəfindən dağıdıldı. Bu, Azərbaycanın müasir tarixinə Milli Dirçəliş hadisəsi kimi daxil olmuşdur. O, Azərbaycan xalqının milli yaddaşının dirçəlməsində suverenlik və azadlıq uğrunda mübarizənin meydan mərhələsində mühüm rol oynamışdı.
Suverenlik, demokratiya və ərazi bütövlüyü uğrunda meydan hərəkatı gedişində — 1989-cu ilin iyununda Əbülfəz Əliyevin (Elçibəyin) başçılığı ilə Azərbaycan Xalq Cəbhəsi formalaşmışdı. O, xalq hərəkatına başçılıq edən ilk milli təşkilat idi. Onun təşəbbüsü ilə Bakıda və digər bölgələrdə mitinq və nümayişlər geniş vüsət almışdı. Xalqın təzyiqi ilə Respublika Ali Sovetinin 1989-cu il sentyabrın 23-də toplanmış sessiyası «Azərbaycan SSRİ-in suverenliyi haqqında» Konstitusiya Qanunu qəbul etməyə məcbur olmuşdu. Xalq Cəbhəsinin təşəbbüsü ilə bir sıra rayonlarda partiya və sovet orqanları hakimiyyətdən uzaqlaşdırılmışdı. İran və Türkiyə ilə sərhəd qurğuları dağıdılmışdı. Respublikada ümumi milli böhran yaranmışdı. Bu mərkəzin kommunist rəhbərliyini çox vahiməyə salmışdı. Bundan ruhlanan erməni separatçıları da fəallaşmışdılar. Onlar 1990-cı il yanvarın 12-də Xanlar rayonunun Quşçu kəndinə hücum edib əhaliyə divan tutmuşdular. Separatçılar Dağlıq Qarabağda da silahlı mübarizəyə keçmişdilər. Yanvarın 13-də Bakıda bir nəfər erməni tərəfindən iki azərbaycanlının qətlə yetirilməsi vəziyyəti daha da gərginləşdirmişdi. O, əhali arasında antierməni əhval ruhiyyəsini daha da gücləndirmişdi. Bu, Mərkəzin Bakıda olan emissarları (Girenko, Primakov və b.) və Azərbaycanın o zamankı rəhbərliyi tərəfindən antisovet, qatı millətçilik, rejimə itaətsizlik kimi qələmə verilmişdi. Bununla da, Mərkəzdə Azərbaycanda itaətsizliyin qarşısını almaq, ona qulaqburması vermək qərarı formalaşmışdı. 1990-cı il yanvarın 15-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti «DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması barədə» fərman verdi. Bakı və ətraf rayonlara əlavə hərbi qüvvələr gətirildi. Qüvvələrin dinc şəhərə daxil olmasına yol verməməyə çalışan bir qrup şəhər sakinləri simvolik maneələr yaratmağa səy göstərdilər. Lakin «şanlı» sovet hərbi hissələri mərkəzin azərbaycanlılara divan tutmaq qərarını yerinə yetirməyə başladılar, Əməliyyata bilavasitə o zamankı SSRİ Müdafiə Naziri D.Yazov başçılıq edirdi. Yanvarın 19-da SSRİ Ali Sovetinin Rəyasət Heyəti aym 20-i saat 00-dan «Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında» fərman verdi. Lakin o, qırğından sonra elan olunmuşdu. Əhaliyə hadisələr barədə məlumat verilməsin deyə yanvarın 19-u axşam Respublika dövlət televiziyasının enerji bloku partladıldı. Nəhayət, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə xüsusi təyinatlı hissələrdən ibarət «şanlı» Sovet ordusu Bakı üzərinə hücuma keçdi. Şəhərdə qanlı qırğın törədildi. Bakıda və digər rayonlarda 132 nəfər dinc vətəndaş qətlə yetirildi, 744 nəfər yaralandı, 4 nəfər itkin düşdü, 44 nəfər isə həbs olundu. Onların arasında çoxlu qocalar, qadınlar və uşaqlar var idi. Bu hadisə tariximizə «Qanlı 20 yanvar» kimi daxil olmuşdur. «Qanlı yanvar»a etiraz olaraq Respublikada 40 günlük ümummilli matəm tətili keçirildi.
«Qanlı yanvar» faciəsindən xəbər tutan Heydər Əliyev ertəsi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın Bakıda qanlı qırğın törətdiyini dünyaya bəyan etdi, onu «təcavüz və xəyanət» kimi qiymətləndirdi.
Hələ «Qanlı yanvar» ərəfəsində Respublikada hakimiyyət dəyişikliyi baş vermişdi. Ə.Vəzirovun yerinə hakimiyyətə A.Mütəllibov təyin edilmişdi. O, 1990-cı ilin yanvarında Azərbaycan KP MK-nin birinci katibi, həmin ilin may ayında isə Ali Sovet tərəfindən Azərbaycan SSR-in prezidenti seçildi. Ordunun köməyi ilə yerlərdə də kommunist ağalığı bərpa olunmuşdu. Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990-cı ilin sentyabrında saxtakarlıq şəraitində keçirilən seçkilər nəticəsində əksəriyyəti kommunistlərdən ibarət (360 deputatdan ancaq 30-u demokratik blokdan idi) Ali Sovet formalaşdı. Bu seçkilərdə xalqın iradəsi ilə Heydər Əliyev də Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilmişdi.
Xalq arasında Sovet sisteminə nifrət gücləndi. Onlar sovet və kommunist üzvlərini ikrahla qarşılayırdılar. Buna görə də Naxçıvan Muxtar Respublikası Ali Sovetində 1990-cı ilin noyabr sessiyasında Naxçıvan MSSR və Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il fevral sessiyasında Azərbaycan SSR adlarından «Sovet Sosialist» sözləri götürüldü. Naxçıvan MSSR Naxçıvan MR və Azərbaycan SSR — Azərbaycan Respublikası adlandırıldı. Azərbaycanda ilk dəfə Naxçıvanda «Ali Sovet» «Ali Məclis» adlandırıldı.
Moskvada 1991-ci 19-21 avqust hadisələrindən sonra Azərbaycanda da ictimai-siyasi vəziyyət daha da kəskinləşdi. Suverenlik, müstəqillik və azadlıq uğrunda mübarizə əməli vəzifəyə çevrildi. Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da çağırılmış növbədənkənar sessiyası «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyənnamə» qəbul etdi. Demokratik qüvvələrin müqavimətinə baxmayaraq 1991-ci il sentyabrın 8-də A.Mütəllibov yenidən prezident seçildi.
Demokratik qüvvələrin təsiri ilə sentyabrın 14-də Azərbaycan Kommunist Partiyası buraxıldı. Bunlara baxmayaraq Respublikada siyasi həyat keçmiş sovet şəraitində olduğu kimi davam edirdi. Mərkəzin fitvası ilə Dağlıq Qarabağda vəziyyət daha da gərginləşirdi. Hətta 1991-ci ilin sentyabrında Dağlıq Qarabağ özünü müstəqil Respublika elan etmişdi. Ermənilər Dağlıq Qarabağdakı Rusiya ordu hissələrinin köməyilə Azərbaycanın ətraf yaşayış məntəqələrini işğal edirdilər. Hakimiyyət isə ciddi tədbirlər görmək iqtidarında deyildi. Belə bir şəraitdə xalqın tələbi ilə Ali Sovetin 1991-ci il oktyabrın 18-də toplanınış sessiyası «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiyası Aktı»nı qəbul etdi. Beləliklə, Azərbaycan Respublikasının müstəqilliyi rəsmən bərpa olundu.
Həmin gün tariximizə «Azərbaycan Respublikasının müstəqiliiyinin bərpa edilməsi günü» kimi daxil olmuşdur.
Hələ SSRİ-nin yaşadığı bir şəraitdə Respublikada milli dövlət quruculuğu formalaşmağa başladı. Prezident idarəçiliyi yaradıldı. Dövlət katibi və dövlət müşavirləri vəzifələri təsis olundu. 1991-ci il noyabrın 26-da bərabər əsasda (25 nəfər «demokratik blok»dan, 25 nəfər iqtidar yönlü deputatlardan) 50 nəfərlik Milli Şura yaradıldı.1991-ci ilin axırlarında SSRİ dağıdıldıqdan sonra dekabrın 29-da Azərbaycan Respublikasında ümumi rəy sorğusu keçirildi. Xalq yekdilliklə Azərbaycanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. Bununla da Azərbaycan Respublikasının əməli müstəqillik mərhələsi başlandı.
Bir sıra ədəbiyyatlarda müstəqilliyimizin inkişafı aşağıdakı mərhələlərə bölünür. Birinci mərhələ — 1991 — 1993-cü illər. Bu mərhələ müstəqilliyimizin böhranlı dövrü kimi qiymətləndirilir; ikinci, 1993 — 1995-ci illər. Bu mərhələ ölkədə sabitliyiin bərqərar olması və dövlət quruculuğunda mühüm addımlar atılmasına başlanması dövrü hesab olunur; üçüncü, 1995-ci ilin ortalarından sonrakı mərhələdir. Bu mərhələ sabitlik, Respublikanın dinamik inkişafı, bazar iqtisadiyyatına əsaslanan demokratik, hüquqi dövlət quruculuğuna başlanılması mərhələsi kimi qiymətləndirilir.
Müstəqilliyimizin ilk illərində ictimai-siyasi vəziyyət gərgin olmaqda qalırdı. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qəsdləri davam edir, iqtidar-müxalifət qarşıdurması kəskinləşir, iqtisadiyyat isə tənəzzül edirdi. Bunlar da, siyasi duruma çox mənfi təsir göstərirdi. Erməni faşistləri 1992-ci il fevralın 25 — 26da Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alayın köməyi ilə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törətdilər. Soyqırımı zamanı 613 nəfər öldürüldü, 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü, 6 ailə tamamilə məhv edildi. Bu, siyasi böhranı daha da dərinləşdirdi. Məhz bu şərait 1992-ci il martın əvvəllərində prezident A.Mütəllibovun istefa verməsilə nəticələndi. Prezident vəzifəsini o zaman Ali Sovetin sədri seçilmiş Y.Məmmədov ifa etməyə başladı. Lakin bu da uzun çəkmədi. 1992-ci il mayın 14-də A.Mütəllibov tərəfdarları tərəfindən yenidən prezident kürsüsünə əyləşdirildi. Bir sutka sonra, mayın 15-də demokratik qüvvələrin silahlı müdaxiləsi nəticəsində A.Mütəllibov yenidən prezidentlikdən istefa verməyə məcbur oldu. Hakimiyyətə Xalq Cəbhəsi — Müsavat qrupu gəldi.
Azərbaycan prezidentləri. Mənbə-Salamnews.
Mayın 18-də İsa Qəmbərov Ali Sovetin sədri, 1992-ci il iyunun 7də isə AXC-nin sədri Əbülfəz Elçibəy Azərbaycan Respublikasının prezidenti seçildilər.
AXC — Müsavat qrupunun hakimiyyət dövründə dövlət quruculuğu sahəsində bir sıra addımlar atıldı. 1992-ci ilin mayında Milli Məclis Azərbaycan Respublikasının Dövlət himnini, 1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq etdi. 1992-ci ilin iyununda silahlı qüvvələri vahid komandanlığı yaradıldı. Xarici dövlətlərlə əlaqələr formalaşmağa başladı. Müstəqil Azərbaycan Respublikasını ilkin olaraq Türkiyə, sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, Rusiya və b. dövlətlər tanıdılar. 1993-cü ilin əvvəllərində artıq dünyanın 116 dövləti Azərbaycanın dövlət müstəqilliyini tanımışdı. 70 ölkə ilə diplomatik əlaqələr yaradılmışdı. Azərbaycan Respublikası 14 beynəlxalq təşkilata, o cümlədən İslam Konfransı təşkilatına (1991), İqtisadi Əməkdaşlıq təşkitlatına, ATƏT-ə, BMT-yə (1992) üzv qəbul edilmişdi. Bunlardan başqa bir sıra qanun və qərarlar verilmişdi. Lakin AXC-Müsavat qrupu rəhbərliyinin təcrübəsizliyi və səriştəsizliyi üzündən qəbul edilmiş qanun və qərarlar əsasən kağız üzərində qalmışdı. Rəhbərliyin fərasətsizliyi üzündən daxildə sosial-siyasi böhran dərinləşmişdi.
Azərbaycan beynəlxalq sahədə də təklənmişdi. Türkiyə istisna olmaqla xarici ölkələrdən dəstək ala bilməmişdi. Hətta, informasiya qıtlığı üzündən ABŞ konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya «blokada»ya aldığına görə 1992-ci ildə «Azadlığı müdafiə aktı»na 907 saylı əlavəsini tətbiq etmişdi. Daxildə də hakimiyyət uğrunda müxtəlif qruplar və şəxslər arasında mübarizə güclənmişdi. Hakimiyyət iddiasında olan S.Hüseynov 1993-cü ilin iyununda nəzarətində olan 709-cu alayın qiyamını təşkil etmişdi. İqtidarın ciddi səylərinə baxmayaraq alayı ram etmək mümkün olmamışdı. Respublikanın cənubunda Ə.Hümbətov tabeliyində olan hərbi qüvvələrə söykənərək «Talış-Muğan Respublikası» yaratdığını elan etmişdi. Azərbaycanın Şimal-şərqində separatçı «Sadvalçılar» «Ləzgistan» dövləti yaratmaq xülyasına düşmüşdülər. Bir sözlə, respublikada vəziyyət vətəndaş müharibəsi həddinə çatdırılmışdı. Belə şəraitdə xalqın, vətənini sevən ziyalıların nəzəri diqqəti 1990-cı ilin iyulunda Moskvadan Azərbaycana gələrək Naxçıvanda məskunlaşan və xalqın təkidi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan MR Ali Məclisinin sədri seçilən təcrübəli siyasətçi Heydər Əliyevə çevrilmişdi. Onlar çıxış yolunu onun Respublika rəhbərliyinə gəlməsində görürdülər, 1992-ci il oktyabrın 16-da ziyalılardan ibarət 91 nəfər «Səs» qəzeti vasitəsilə Heydər Əliyevə yenidən böyük siyasətə qayıtması xahişi ilə müraciət etdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yaradıldı.Azerbaijan manats
1993-cü ilin böhranlı iyun günlərində Heydər Əliyev daha çox yada düşdü, Böhrandan çıxmağı bacarmayan iqtidar təkidlə H.Əliyevi Bakıya çağırdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Həmin gün tariximizə «Qurtuluş» günü kimi daxil olmuşdur.
1993-cü il iyunun 18-də gecə xəbər vermədən Prezident Əbülfəz Elçibəy (Əliyev) paytaxtı tərk edərək anadan olduğu Ordubad rayonunun Kələki kəndinə getdi. Respublika rəhbərsiz qaldı. İyunun 23-də Milli Məclis prezident səlahiyyətlərini də Ali Sovetin sədri Heydər Əliyevə həvalə etdi. 1993-cü il oktyabrın 3də Heydər Əliyev ümumxalq seçkisi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da müstəqilliyimizin Heydər Əliyev mərhələsi başlandı.
Bu mərhələnin başlanması ilə Respublikada hakimiyyət boşluğu aradan qaldırıldı, baş alıb gedən separatçılıq meylləri yox edildi. Azərbaycan dövlətçiliyinə qəsdlər ləğv olundu. 1994-cü ilin oktyabrında, o zaman baş nazir olan Surət Hüseynovun başçılığı ilə dövlət çevrilişi etmək cəhdi xalqın köməyi ilə aradan qaldırıldı. Eyni zamanda Əlikram Hümbətovun «Talış-Muğan» respublikası yaratmaq və 1995-ci ilin martında Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis dəstələrinə başçılıq edən Rövşən Cavadov və onun qardaşı prokuror Mahir Cavadov tərəfindən zorakı hökumət dəyişikliyi cəhdlərinin qarşısı alındı. Azərbaycanda sabitlik bərqərar oldu.
1994-cü il mayın 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs əldə edildi. Bu da ölkədə sabitliyin davam etməsi üçün mühüm şərt idi.
1994-cü ilin sentyabrında dünyanın iri neft şirkətləri ilə Əsrin müqaviləsi adlandırılan ilk neft müqavilələri imzalandı, Indi dünyanın 14 dövlətindən olan 30-dan çox şirkətlə 21 neft müqaviləsi imzalanmışdır. Onlar Azərbaycan iqtisadiyyatına 10 milyard dollar investisiya qoymuşlar.
Möhkəm sosial-siyasi sabitliyin və qanunçuluğun bərqərar olması Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinə imkan verdi. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bununla Respublikanın inkişaf tarixində yeni mərhələ — demokratik, hüquqi dövlət qurmaq, ölkənin dinamik inkişafını təmin etmək mərhələsi başlandı.
Konstitusiyaya əsasən Respublikada qanunvericilik, icraedici və məhkəmə hakimiyyəti yaradıldı. Parlament seçkiləri yolu ilə müxtəlif partiyaları təmsil edən 125 deputatdan ibarət Milli Məclis formalaşdırıldı. Milli Məclisin qanunvericilik fəaliyyəti gücləndirildi. Son 10 ildə Milli Məclis tərəfindən dövlət quruculuğu və yeni iqtisadi sistemin müvafiq hüquqi bazasını yaratmağa yönəldilmiş mindən çox qanun qəbul edilmişdir.


Tarix: 26.11.2014 / 17:38 Müəllif: Aziza Baxılıb: 290 Bölmə: Tariximiz ve rayonlarimiz