beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucla əlaqəli fətvalar (9-cu hissə)

Ramazan ayında hər gün niyət etmək

1.Sual: Ramazan ayında hər gün niyət etmək lazımdır yoxsa bir aylıq oruc niyəti kifayətdir?
Cavab: Ramazan ayında birinci gün bir dəfə niyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyət etməsə də artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə onda yenidən niyət etmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyəti təzələmək lazımdır.

2.Sual: Qəti olaraq orucu açmaq niyətində olan adam yeyib-içməsə də iftar etmiş sayılırmı?
Cavab: Məlum olduğu kimi oruc niyət etməklə tərk etməyi birlikdə cəm etməkdir. Insan oruc ilə yemək-içməyi tərk edərək Allaha yaxınlaşmağı niyət edir. Həqiqətən o orucu açamaq niyətində olarsa bu onun orucunu batil edər. Amma bu Ramazan ayında olarsa günəş batana qədər yeyib-içməkdən imtina etmək vacibdir. Sonra bu orucun qəzasını tutmalıdır. Çünki Ramazan ayında üzürsüz yerə iftar edən gündüz vaxtı yeyib-içməkdən imtina etməli sonra isə orucu qəza etməlidir. Amma onun oruc açmaq niyəti tərəddüdlü (qeyri qəti) olarsa bu haqda alimlərin ixtilafı vardır. Bəziləri belə halda orucun batil olmasını deyirlər, çünki tərəddüd etmək əzmə (qəti istəkə) ziddir. Digər alimlər isə orucun batil olmadığını deyirlər. Çünki əsas niyyətin qalmasıdır. Niyət onu qəti dəyişmək istəyinə düşənə qədər davam edir. Mən də bu fikri daha doğru hesab edirəm. Allah daha yaxşı biləndir.

3.Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir." Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!" Allah təalə də buyurmuşdur ki: - Artıq (belə də) etdim, (sizin duanızı qəbul etdim). Bunu görən insan isə onu xatırlatmalıdır və bunu etmək vacibdir. Çünki bu, münkəri dəyişmək deməkdir. Oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir. Amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır, lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.


4.Sual: Oruc tutan sürmədən istifadə edə bilərmi?
Cavab: Oruclu adama sürmə işlətmək, gözə və qulağa damla axıtmaq olar. Hətta bunun dadını boğazında hiss etsə belə bunun təsiri yoxdur çünki bu nə yemək nə də içməkdir. Qadağa yemək-içmək və onların mənasında olan şeylərədir. Ona görə də yemək-içmək mənasında olmayan şeyləri ona aid etmək düzgün deyildir. Bu dediklərimiz Ibni Teymiyyənin (Allah rəhmət etsin) seçdiyi rəydir və düzgün rəy də budur. Amma burnuna damla tökərkən qəsdən onu içəri salarsa orucu batil edər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "oruclu olmadığın halda istinşaqı (burunu təmizləməyi) dərindən et!".

5.Sual: Oruclu olarkən misvakdan və ətirdən istifadə etmək olarmı?
Cavab: Doğrusu odur ki, oruclu olarkən gün ərzində misvakdan istifadə etmək olar. Həmçinin növündən asılı olmayaraq ətirdən də istifadə etmək olar. Amma ki, burnu ilə dərindən nəfəs alıb onu içəri salmasın çünki bu onun mədəsinə gedə bilər.

6.Sual: Orucu batil edən şeylər hansılardır?
Cavab: Orucu pozan şeylər bunlardır:
a. Cinsi əlaqədə olmaq.
b. Yemək.
c. Içmək.
d. Şəhvət ilə məni (sperma) çıxartmaq.
e. Yemək və içmək mənasında olan şeylər.
f. Qəsdən qusmaq.
g. Heyz (aybaşı) və ya nifas (doğuşdan sonra) qanının çıxması.
Deyilən bu şeylər üç şərt əsasında olmalıdır ki, orucu batil etsin.
a. Elm.
b. Xatırlamaq.
c. Qəsd.
Birinci şərt elmdir və onun mənası: Həmin əməli edən adam, bu şəriət hökmünü və onun vaxtını bilməlidir. Əgər o bunları bilməzsə və xəta edərsə onun orucu düzgündür. Bu haqda Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!". Həmçinin bu haqda səhih sünnətdə də hədislər gəlmişdir və belə hədislərdən Ədiyy ibn Hatimin (Allah ondan razı olsun) hədisidir. "O gecə yatarkən yastığının altına iki ip qoyur və səhər orucunu tutmaq üçün götürdüyü ağ ipi qara ipdən seçənədək yeyib içir. Sonra səhər açılanda Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlir və etdiyini ona danışır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun Quran ayəsindəki ağ ipin qara ipdən seçilməsi gördüyümüz və işlətdiyimiz ipin olmamasını ona bildirdi və burada ağ ip deyildikdə gündüzün işığı, qara ip deyildikdə isə gecənin qaranlığı nəzərdə tutulur deyərək cavab verdi". Səhabənin belə etməsinə baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun ona orucu qəza etməyi əmr etmədi. Çünki o hökmü bilmirdi və ayənin mənasını da etdiyi kimi başa düşmüşdü. Amma vaxtı bilmədən orucunu açarsa bu haqda da hədis vardır. Buxari öz səhih kitabında Əsma binti Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət edərək deyir: "Biz Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında buludlu gündə iftar etdik və sonra günəşi gördük". Buna baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun onlara orucu qəza etməyi əmr etmədi. Həmçinin bu məsələyə oxşar başqa bir məsələdə vardır, məsələn: bir kəs gecə oyanıb yeyib-içir sonra baxır ki, artıq sübh namazının vaxtı çoxdan daxil olub belə olduqda bu kimsə qəza etmir çünki o vaxtın daxil olmasını bilmirdi.
Ikinci şərt xatırlamaqdır və bu da unutmağın əksidir. Əgər bir kəs unudaraq yeyib-içərsə onun orucu düzdür və qəza tutmağa da gərək yoxdur.
Üçüncü şərt isə qəsddir: Bunun mənası, insanın vaxtından əvvəl etdiyi iftarın ixtiyari olmasıdır. Əgər insan iftarı qeyri ixtiyari, yəni məcburi olaraq edərsə onun orucu doğrudur. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Ümmətimə xəta etdiyi və unutduğu, həmçinin məcburi edilən şeylərə görə günah yazılmır". Elə buna görə də oruc tutanın boğazına külək zamanı torpaq girər və torpağın dadını boğazında hiss edər, torpaq onun mədəsinə daxil olarsa onun orucu pozulmur. Çünki o, bunu qəsdən etməyib. Həmçinin onu oruc açmağa məcbur etsələr, bu məcburiyyəti götürmək üçün oruc açarsa onun orucu batil olmur və yenə də orucuna davam edə bilər. Çünki bu iş onun öz ixtiyarı ilə olmayıb. Həmçinin yuxuda olarkən ihtilam (yuxu görərək cənabətli) olarsa onun orucu doğrudur. Çünki yatan adamın heç bir qəsdi yoxdur. Həmçinin kişi öz qadınını məcbur edərək cima (cinsi əlaqə) edərsə qadının orucu doğrudur çünki onun heç bir ixtiyarı yoxdur.
Burada əhəmiyyətli bir məsələ var. Kişi öz qadını ilə oruc zamanı cinsi əlaqədə olarsa onun üzərinə beş şey düşür.
1. Günah.
2. Günün qalan hissəsində oruc tutmaq.
3. Orucunun batil olması.
4. Orucun qəza edilməsi.
5. Kəffarə (bağışlanma) vermək (iki ay ardıcıl oruc tutmaq).
Amma bu cinsi əlaqəni səfərdə olan adam edərsə onun üzərinə yalnız qəza düşür və kəffarəsi yoxdur. Çünki müsafir adam istəsə oruc tutar və ya iftar edib sonra orucunu qəza edər.

7.Sual: Asma xəstəliyi ilə əlaqədar olaraq asma dərmanlarından istifadə edərsə bununla orucu açmış olurmu?
Cavab: bunu istifadə edən adamın orucu batil olmur, çünki bu onun mədəsinə yetişmir.


Tarix: 04.05.2013 / 17:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 524 Bölmə: Ramazan